DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEVİN "DAŞKƏSƏN: POTENSİALI VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ" MƏQALƏSİ "XALQ" VƏ "RESPUBLİKA" QƏZETLƏRİNİN 12.01.2022-Cİ İL TARİXLİ NÖMRƏSİNDƏ DƏRC EDİLİB
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsü təsdiqlənmişdir. Fərmanda qeyd edilir ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd olunan ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.
Prezident cənab İlham Əliyevin müəyyən etdiyi sənayeləşmə siyasətinə uyğun olaraq Azərbaycanda iqtisadi rayonların yenidən təşkili nəticəsində milli rəqabətqabiliyyətli məhsul ixracı artacaq, ölkəmizə investorların sərmayə qoyması çoxalacaq, məşğulluq imkanları güclənəcək, yeni iş yerləri açılacaq, milli iqtisadiyyatın dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcəkdir.
Yeni yaradılan Gəncə-Daşkəsən (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları) iqtisadi rayonu ölkə miqyasında təsərrüfatın ixtisaslaşma istiqamətlərinə görə fərqlənən ərazilərdəndir. Bu iqtisadi rayonun tərkibində olan Daşkəsən rayonu isə əsasən qara və əlvan metallurgiya sənayesi və kənd təsərrüfatı üzrə ixtisaslaşmışdır.
Prezident cənab İlham Əliyevin qeyri-neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində Daşkəsən rayonu son illər xeyli inkişaf etmiş və demək olar ki, ötən uğurlu illər ərzində rayonun sosial-iqtisadi, o cümlədən mədəni siması müasirləşərək tamamilə dəyişmişdir. Regionların inkişafından danışarkən ilk növbədə, dövlət başçımızın müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları xüsusi qeyd edilməlidir.
Daşkəsən rayonunun dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşməsi və rayonun mərkəzində oksigen çatışmazlığının insanların səhhətində ciddi problemlər yaratması hamıya məlumdur.
2011-ci ildən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıram. Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Daşkəsən rayonunun bütün potensial imkanları nəzərə alınmaqla hərtərəfli sosial-iqtisadi inkişafını, mövcud problemlərin uzaqgörənliklə həllini əsas vəzifə kimi qarşıya qoyan 53 bənddən ibarət kompleks layihə - "Yeni Daşkəsən" layihəsi Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən elmi əsaslarla 2012-ci ildə hazırlanaraq rayon ərazisində geniş, irimiqyaslı tikinti, quruculuq, abadlıq, təmir-bərpa işləri aparılmış, bir sıra infrastruktur layihələri icra edilmişdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə "Yeni Daşkəsən" layihəsində nəzərdə tutulan müddəaların mərhələli surətdə uğurla həyata keçirilməsi rayonun yeni inkişaf mərhələsi üçün tam zəmin yaratdı.
Prezident cənab İlham Əliyevin sərəncamları əsasında Zağalı-Kollu-Çıraqlı, Daşkəsən-Əmirvar-Qabaqtəpə, Quşçu-Çovdar-Çaykənd avtomobil yollarının tikintisi başa çatdırılmış, yeni körpülər salınmışdır. Hazırda Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri işləri davam etdirilir.
20 km-dən çox uzunluğu olan magistral su kəməri ilə ekoloji cəhətdən təmiz içməli su ucqar dağ ətəyindən rayon mərkəzinə gətirilərək "Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi başa çatdırılmış, Daşkəsən Sukanal Sahəsi üçün müasir tipli inzibati bina istifadəyə verilmişdir. Layihə çərçivəsində Daşkəsən şəhərində 11,5 km uzunluğunda kanalizasiya şəbəkəsi və sutəmizləyici qurğular inşa edilmişdir.
Həmçinin, rayonun yaşayış məntəqələrində sakinlərin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə yeni su xətləri çəkilərək istifadəyə verilmişdir.
Rayonun yaşayış məntəqələrinin qazlaşdırılmasının səviyyəsi əhəmiyyətli dərəcədə artmış, 1 şəhər, 5 qəsəbə və 9 kənd tam qazlaşdırılmışdır. Bu sahədə müvafiq işlər davam etdirilir.
Bayan kəndi ərazisində 2 dəmir yolu körpüsü əsaslı təmir edilmiş, Qabaqtəpə kəndində isə tam müasir tipli 2 körpü tikilmişdir.
2021-ci ildə Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən maddi-texniki bazası əsaslı formada gücləndirilən Daşkəsən Elektrik Şəbəkəsi öz işini günün tələbləri səviyyəsində qurmuşdur. Belə ki, Daşkəsən əhalisinin keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təminatında, elektrik qəza-bərpa işlərinin operativ surətdə aparılmasında hazırda rayonda heç bir çətinliyimiz yoxdur.
O cümlədən, son illər rayonun ayrı-ayrı ünvanlarında yeni elektrik yarımstansiyaları tikilmiş, SİP-ləşmə aparılmış, müasir transformatorlar quraşdırılaraq istifadəyə verilmişdir. Daşkəsən rayonunda 30-dək ucqar dağ kəndini dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin edən Kəlbəcər xəttinin üzərində 110 kV-luq Daşkəsən rayon "Əhmədli" yarımstansiyası qurulmuş və həmin mənbədən də elektrik verilişi xətti çəkilərək tam müasir standartlara cavab verən 35 kV-luq "Zağalı" elektrik yarımstansiyası inşa edilmişdir. "Əhmədli" və "Zağalı" elektrik yarımstansiyalarının istifadəyə verilməsi Daşkəsən rayonunun hələ sovetlər dövründən mövcud olan elektrik enerjisi ilə bağlı problemini tamamilə aradan qaldırmış və bununla da əhali dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə daimi təmin olunmuşdur.
Həmçinin, Daşkəsəndə ekoturizm, dağ turizmi, alpinizm turizmi, aqroturizm növlərini inkişaf etdirmək üçün əlverişli şərait mövcuddur. Rayon ərazisində yerləşən Güney-Zağalı dəryaçasında (süni gölündə) vaxtilə sovetlər dövründə fəaliyyət göstərmiş avarçəkmə bazasının yenidən yaradılması da məqsədəuyğundur. Bununla bağlı "Azərişıq" ASC-nin sədri, Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidentinə tərəfimizdən edilmiş müraciət müsbət qarşılanmışdır. Eyni zamanda, həmin gölün ətrafında geniş əlverişli təbii şəraitin olmasını nəzərə alaraq müxtəlif növ turizm obyektlərinin yaradılmasına və mehmanxana tikintisinə ehtiyac vardır. Bu göldə avarçəkmə bazasının yenidən yaradılması həm də rayon əhalisinin məşğulluğunun və ərazidə infrastrukturun daha da yaxşılaşmasına səbəb olacaqdır. "Yeni Daşkəsən" layihəsində Daşkəsən rayonunun turizm potensialından səmərəli istifadə edilməsi də prioritet kimi qarşıya qoyulmuş və bu sahədə bir sıra pilot layihələr həyata keçirilmişdir. Həmçinin, Daşkəsən rayonunun turizm potensialını təbliğ edən visitdashkasan.az saytı da yaradılmışdır.
Abadlıq və quruculuq tədbirləri çərçivəsində Daşkəsən şəhərinin bütün küçələrinə yeni asfalt örtüyü salınmış, istinad divarları və səkilər yenidən qurulmuş, bütün çoxmərtəbəli yaşayış binalarının dam örtükləri metal lövhələrlə əvəzlənərək dəyişdirilmiş, park və yaşıllıqlar salınmış, 21 məktəb binası yenidən inşa edilmiş, Gənclərin Təlim və İstirahət Mərkəzi istifadəyə verilmiş, onlarla sosial və inzibati obyektlər tikilmişdir.
"Yeni Daşkəsən" layihəsində həmçinin, rayonun kənd təsərrüfatının mövcud vəziyyətinin təhlili və heyvandarlığın, arıçılığın, kartofçuluğun inkişafı, ən əsası isə yeni iş yerlərinin açılması nəticəsində işsizliyin aradan qaldırılması, mövcud problemlərin həlli, o cümlədən rayonun əsasən dəmir, qızıl və alunit kimi zəngin filiz mədənlərinin yenidən qurulmasının müasir səviyyədə təmin olunması əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Həmçinin iqtisadi cəhətdən xüsusi əhəmiyyət kəsb edən filiz mədənlərinin səmərəli istismarı istiqamətində mühüm işlər həyata keçirilmişdir. Belə ki, 10 ildən artıqdır ki, rayon ərazisində fəaliyyət göstərən Çovdar qızıl yatağının düzgün və səmərəli istifadəsi qeyri-neft sektorunun inkişafına səbəb olmuş, ölkəyə milyonlarla dollar gəlir gətirmişdir. Bu gün "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsində ümumilikdə 1000 nəfərdən artıq işçi çalışır və yüksək əməkhaqqı alır. "AzerGold" QSC-nin fəaliyyəti ölkəyə böyük valyuta gətirməklə yanaşı, Gəncə-Daşkəsən iqtisadi rayonunun inkişafına və işsizliyin aradan qaldırılmasına da öz töhfəsini verir.
Əvvəllər 700 nəfərdən artıq işçisi olan Daşkəsən Zəylik-Alunit mədəninin fəaliyyətinin bərpasına da ciddi ehtiyac vardır. Zəngin alunit ehtiyatlarına malik həmin hasilat müəssisəsi işə salınarsa, bu həm ölkəyə əlavə valyuta axını, həm də yüzlərlə yeni iş yerinin yaradılması deməkdir.
"Daşkəsən Dəmir Filiz" MMC-nin və Daşkəsən Zəylik-Alunit mədəninin modern texniki avadanlıqlarla təchiz edilərək işə salınması regionda işsizliyin aradan qaldırılmasına, sakinlərin daimi işlə təmin olunmasına hərtərəfli şərait yaradacaq, həm də uzun müddət həllini tapmayan məsələlər öz həllini tapacaq, rayonumuz ölkə büdcəsinə xaricdən valyuta gətirən inkişaf etmiş pilot bir rayona çevriləcəkdir.
Bundan başqa, Daşkəsən Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə "Daşəkəsən rayonunun 2019-2023-cü illərdə yerli inkişaf Planı" ən qabaqcıl dünya təcrübəsi əsasında konseptual bir sənəd olaraq iki dildə hazırlanmışdır.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində də rayonun bütün iqtisadi potensialı cəlb edilərək qarşıya qoyulan tapşırıqlar vaxtında və yüksək keyfiyyətlə icra olunmuşdur. Daşkəsən rayonu Kəlbəcər rayonu ilə həmsərhəd olduğu üçün müharibənin ilk saatlarından rayon ərazisində yerləşən "N" saylı hərbi hissəsinin dağ motoatıcı qüvvələri əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirdi. Qızğın döyüşlərdə yaralanmış hərbi qulluqçularımız Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında müalicəyə cəlb olundular. Yaralı əsgər və zabitlərimizin sağalması üçün bütün imkan və vasitələrdən Vətən müharibəsinin sonuna kimi istifadə edildi. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən hərbçilərimizə zəruri tibbi ləvazimat və dərmanlar, hər növdən olan ərzaqlarla yanaşı, yanacaq, elektrik generatorları, yataq dəsti və s. avadanlıqlarla təchiz olunmuş 100-dən artıq ən müasir çadırlar verildi, qana ehtiyacı olan əsgər və zabitlərimiz üçün qanvermə aksiyaları təşkil olundu, həmçinin, rayona xüsusi texnikalar gətirilərək Kəlbəcərə döyüşə gedən hərbçilərimiz üçün yeni yol çəkildi. Yaralı hərbçilərimizə xidmət göstərmək üçün ezam olunan tibbi briqadaların rayondakı hotellərdə və qonaq evlərində yerləşdirilməsi, gündəlik yeməklə təminatı da Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edildi. Vətən müharibəsinin gedişi zamanı Ermənistan dəfələrlə Daşkəsən ərazisini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla ekoloji terror, meşə yanğınları törətdi. Daşkəsən Rayon Mülki Müdafiə Qərargahının rəhbərliyi ilə şiddətli yanğınların söndürülməsi məqsədilə cəlb olunmuş yerli mülki müdafiə qüvvələrinin səyi və əzmi sayəsində ərazilərin mürəkkəb dağlıq relyefə malik olmasına baxmayaraq, yanğınlar qısa müddətdə söndürülərək alovun geniş əraziyə yayılmasına və sıx meşəyə keçməsinə və bu yanğınlarla bağlı respublikada və yerli əhali arasında sensasiya, narahatçılıq yaranmasına imkan verilmədi. Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonun şəhid ailələri və qaziləri mütəmadi olaraq ziyarət olunur, qayğıları ilə maraqlanılır, problemləri həssaslıqla öyrənilir, həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər həyata keçirilir.
Hesab edirəm ki, yerli xüsusiyyətlər nəzərə alınmaqla yeni iqtisadi rayonların yaranması ölkə iqtisadiyyatının güclənməsinə, ixrac səbətinin həm çeşidinin, həm də coğrafiyasının genişlənməsinə şərait yaradacaq, nəticədə milli iqtisadiyyat dayanıqlı inkişaf edəcək və dünya bazarına daha səmərəli inteqrasiya olunacaq.
Ayrı-ayrı ərazi və regionlarımızın iqtisadiyyatının inkişafı baxımından Daşkəsən rayonunda da mədən sənayesi və kənd təsərrüfatı sahəsində Gəncə-Daşkəsən iqtisadi rayonunun inkişafı üçün yerli xammala əsaslanan, inkişafa meyilli müasir müəssisələrin yaradılması rəqabətqabiliyyətli məhsul istehsalına və ixracına, özəl investisiyaların cəlb olunması ilə məşğulluğun artmasına öz mühüm parlaq töhfələrini verəcəkdir.
Əhəd ABIYEV,
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı.