Daşkəsəndə Prezident cənab İlham Əliyevin 60 illik yubileyi münasibəti ilə iki müasir elektrik yarımstansiyası istifadəyə verilib
Dekabrın 24-də Daşkəsən rayon İcra hakimiyyəti və “Azərişıq” ASC-nin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda 2 ədəd yeni 110 kV-luq “Əhmədli” və 35 kV-luq “Zağalı” elektrik yarımstansiyalarının təntənəli açılışı keçirilib.
Açılışda Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, “Azərişıq” ASC-nin sədr müavini Qədir İsmayılov, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, qazilər, Zağalı və ətraf kəndlərin sakinləri böyük ruh yüksəkliyi ilə iştirak ediblər.
Müasir standartlara uyğun inşa olunmuş elektrik yarımstansiyalarının açılışında Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev deyib:
– Bu gün – dekabrın 24-də biz Daşkəsən rayonunun Zağalı və Əhmədli kəndləri ərazilərində ən müasir formada tikilərək istifadəyə verilən “Zağalı” və “Əhmədli” elektrik yarımstansiyalarının təntənəli açılışına əlamətdar, tarixi bir gündə - Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 60 illik yubileyi günündə toplaşmışıq.
Bu gün müstəqil Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Son 18 il ərzində Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin etmişdir. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada yüksək inkişaf göstəriciləri qeydə alınmasın.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gərgin əməyi, dövlətimizin inkişafı naminə yorulmaz fəaliyyəti hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və daim dəstəklənir.
Azərbaycan 44 günlük Vətən Müharibəsində Ermənistan üzərində parlaq tarixi qələbə qazandı. Bu Vətən Müharibəsi təkcə döyüş meydanlarında yox, həm də informasiya cəbhəsində gedirdi. Hər iki döyüş cəbhəsinin qəhrəmanı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev oldu.
Ali Baş Komandanımız Ordumuzla birgə erməni işğalçılarına qarşı mübarizə aparıb, həm də informasiya cəbhəsində cəngavər sərkərdəyə xas olan bir əzmlə döyüşərək zəfər çalmışdır. 44 gün davam edən müharibədə möhtərəm Prezidentimiz cənab İlham Əliyev 11 ölkənin 26 kütləvi informasiya vasitəsinə müsahibələr vermişdir. Ölkəmizin başçısı cənab İlham Əliyev cəbhədə döyüşən Azərbaycan Ordusuna yüksək peşəkarlıqla rəhbərlik etməklə yanaşı, həm də informasiya cəbhəsində mübarizə apararaq Azərbaycanın haqlı, ədalətli mövqeyini bütün dünyaya çatdırdı, Vətən Müharibəsinin müzəffər sərkərdəsi kimi qələbəyə gedən yolda bütün maneələri dəf etdi. Qalib Sərkərdə Prezident cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi.
Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanına eşq olsun!
Ulu Öndərimizin əbədiyaşar ideyalarının yüksək səviyyədə həyata keçirən möhtərəm Prezident cənab İlham Əliyev Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyeva ilə birgə apardıqları çox şərəfli ali dövləti fəaliyyətlərində bundan sonra da yeni uğurlu nailiyyətlərə imza atacaqlar.
Möhtərəm Prezident cənab İlham Əliyevin Fərmanına əsasən işğaldan azad edilmiş Kəlbəcər rayonunun dağıdılmış elektrik təsərrüfatının bərpası, xüsusən də ərazidə yeni yaradılan obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC zəruri tədbirlər həyata keçirmiş, 18 iyul 2021-ci il tarixdə Kəlbəcər şəhəri elektrik enerjisi ilə təmin olunmuşdur. Bu məqsədlə yeni 110 kilovoltluq “Kəlbəcər” hava xətti 20 kilometr məsafədə Daşkəsən rayonu ərazisindən çəkilmişdir.
Bir məqamı xüsusilə qeyd etmək istəyirəm ki, möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən “Azərişıq” ASC-nin sədri hörmətli Vüqar Əhmədovun səmərəli işgüzar fəaliyyəti nəticəsində son zamanlar maddi-texniki bazası əsaslı formada gücləndirilən Daşkəsən Elektrik Şəbəkəsi öz işini günün tələbləri səviyyəsində qurmuşdur. Belə ki, Daşkəsən əhalisinin keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təminatında, elektrik qəza-bərpa işlərinin operativ surətdə aparılmasında hazırda heç bir çətinliyimiz yoxdur.
“Azərişıq” ASC-nin sədri hörmətli Vüqar müəllim Prezidentimiz cənab İlham Əliyevin etimadını yüksək səviyyədə yerinə yetirərək doğruldur. Dekabrın 22-də isə hörmətli Vüqar Əhmədov Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti seçilmişdir. Milli Avarçəkmə Federasiyasının prezidenti seçilməsi münasibətilə Vüqar müəllimi ürəkdən təbrik edirik.
Cari ildə cənab Prezidentimizin tapşırığına əsasən “Azərişıq” ASC-nin sədri hörmətli Vüqar Əhmədovum özünün iştirakı ilə Daşkəsən rayonunun 30-dək ucqar dağ kəndini dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin edən Kəlbəcər xəttinin üzərində 110 kilovoltluq Daşkəsən rayon “Əhmədli” yarımstansiyası qurulmuş və həmin mənbədən də elektrik verilişi xətti çəkilərək tam müasir standartlara cavab verən 35 kilovoltluq “Zağalı” elektrik yarımstansiyası inşa edilmişdir.
“Əhmədli” və “Zağalı” elektrik yarımstansiyalarının istifadəyə verilməsi Daşkəsən rayonunun iri yaşayış məntəqələrindən olan Xoşbulaq, Zağalı, Qazaxyolçular və digər kəndlərin hələ sovetlər dövründən bəri narazılıq yaradan əhalinin elektrik enerjisi ilə bağlı problemini tamamilə aradan qaldıracaq və bununla da sakinlərimiz 24 saat dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə daimi təmin olunacaqlar.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev Daşkəsən rayonunun ucqar, soyuq dağlıq yaşayış məntəqələri sakinlərinin elektriklə bağlı sosialyönümlü problemlərini həll etməklə yanaşı, həm də yeni ildə burada yaşayan çoxsaylı ailələrə böyük sevinc, xoşbəxtlik bəxş etdi.
Bu ciddi sosial problemin həllinə, 2 iri elektrik yarımstansiyasının istifadəyə verilməsinə, görülən işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün Daşkəsənlilər adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Həmişə olduğu kimi daşkəsənlilər bundan sonra da Prezident cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək Ulu Öndər Heydər Əliyevin daim yaşayan və qalib gələn ideyalarına sədaqət nümayiş etdirəcək, ölkəmizin hərtərəfli inkişafı üçün var qüvvələrini sərf edərək çalışacaqlar.
Bu gün fürsətdən istifadə edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə bütün Daşkəsənlilər və şəxsən öz adımdan səmimi qəlblə ürəkdən təbrik edirik, Ona möhkəm cansağlığı, müasir Azərbaycanımızın qüdrətlənməsi yolunda əvəzsiz fəaliyyətində bundan sonra da şanlı tariximizə qızıl hərflərlə yazılan uğurlar arzulayırıq.
Allah Prezidentimizi qorusun, Prezidentimiz də dövlətimizi və xalqımızı!
Müasir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə eşq olsun!
Qarabağ Azərbaycandır!
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin nitqindən sonra “Azərişıq” ASC-nin aparıcı mühəndisi Hamlet Cəfərov, rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, Zağalı kənd sakinləri və şəhid valideynləri adından şəhid atası İlham Cabbarov çıxış edib, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – Vüqarlı
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı