Daşkəsəndə Vətən Müharibəsi Şəhidi Rüfət Sadıqovun ildönümü qeyd olunub
Dekabrın 19-da Vətən Müharibəsi şəhidi çavuş Sadıqov Rüfət Vaqif oğlunun anım günü, şəhadətinin ildönümü Daşkəsən Şəhidlər Xiyabanında qeyd olunub. İldönümü mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidimizin ruhuna dualar oxunub, əziz xatirəsi yad edilib, məzarına gül-çiçək düzülüb.
Daşkəsən rayon İcra hakimiyyəti başçısının müavini Vüqar Məmmədov Şəhidin ailəsinə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından bir daha başsağlığı verib, Allahdan rəhmət diləyib, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə, 8 noyabrda qeyd etdiyimiz şanlı Zəfərdə payı olan Rüfət kimi oğullarımızla hər birimizin fəxr etdiyini, qürur duyduğunu bildirib.
Qeyd edək ki, şəhid Sadıqov Rüfət Vaqif oğlu 1995-ci il noyabrın 13-də Daşkəsən rayon Quşçu kəndində anadan olub. O, Vətən Müharibəsində şəxsi igidlik və şücaət göstərib. Rüfət Sadıqov 2020-ci il oktyabrın 1-də Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib. 2020-ci il dekabrın 19-da Daşkəsən rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Rüfət Sadıqov “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid anası Tərifə Ağacanova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini