DAŞKƏSƏNDƏ KORONAVİRUSA (COVİD-19) QARŞI PEYVƏNDLƏMƏ VƏ DEZİNFEKSİYA İŞLƏRİ DAVAM ETDİRİLİR
Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində tapşırıq və göstərişlərinə uyğun olaraq Daşkəsən rayon İcra hakimiyyəti tərəfindən rayon ərazisində pandemiyaya qarşı kompleks tədbirlər davam etdirilir.
Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik işlərin effektivliyinin yüksəldilməsi, rayon ərazisində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin intensivləşdirilməsi məqsədilə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfektorları, kommunal təsərrüfat xidmətinin əməkdaşları xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə Daşkəsən şəhərinin əsas küçə və yollarında, yaşayış binalarında, bazar ərazisində, bankomat və ödəniş terminallarında, məişət tullantılarının atıldığı konteynerlərdə, idarə, müəssisə və təşkilatların inzibati binalarında, təhsil müəssisələrində, sosial obyektlərdə, o cümlədən rayonun qəsəbə və kəndlərində kimyəvi məhlullarla dezinfeksiya işlərini mütəmadi aparırlar.
Daşkəsən rayon İcra hakimiyyəti başçısı yanında qərargahın keçirilən iclaslarında rayonun epidemioloji vəziyyəti ətraflı təhlil olunur, qərargah üzvlərinin və ərazi icra nümayəndəliklərində yaradılmış mobil qrupların fəaliyyəti nəzarətdə saxlanılır. Yoluxma halları aşkar edildikdə operativ tədbirlər görülür.
Yaradılmış mobil qruplar tərəfindən əhali ilə maarifləndirici söhbətlər aparılır, onlara peyvənd olunmaları tövsiyə edilir. Bildirilir ki, adamların sıx toplaşdığı yerlərə mümkün qədər az getsinlər. İctimai nəqliyyatdan istifadə zamanı ara məsafəni gözləsinlər. Şəxsi gigiyena qaydalarına ciddi riayət etsinlər. Qapalı yerlərdə mütləq tibbi maskadan istifadə olunmalıdır.
Məlumat üçün qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə istifadə edilən peyvəndlər orqanizmdə məlum infeksiyanın “şərti xəstələnmə modeli”ni yaradır. Nəticədə orqanizm virusa qarşı anticisim, yəni onu məhv edən bioloji fəal hissəciklər hazırlayır. Buna immunitet deyilir. Əmələ gələn qoruyucu anticisimlər xəstəliyi törədən virusu məhv edir. Burada ruhi stabillik, yəni xəstəlikdən qorxmamaq, pozitivə yüklənmək və həyat eşqinin yüksək olması həlledici şərtdir. Anticisimlər virusları tam məhv etdikdən və ya neytrallaşdırdıqdan sonra parçalanaraq orqanizmdən xaric olur. Ona görə də, COVID-19-dan sağalmış və ya peyvənd olunmuş vətəndaşların orqanizmlərində yaranmış anticisimlərin miqdarı tədricən azalır və 6-8 ay sonra minimal həddə enir. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Bir sözlə, koronavirusa qarşı mübarizə aparmağın yolu vaksin olunmaqdan keçir.
Daşkəsən rayonunda əhalinin vaksinasiya strategiyasına uyğun olaraq pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində sakinlər Mərkəzi Rayon Xəstəxanasında peyvənd edilirlər. Müəssisənin yoluxucu xəstəliklər şöbəsində vaksinasiya üçün müraciət edənlər qeydiyyata alınır və həkim müayinəsindən keçirlər. Peyvəndə əks göstərişi olmayan sakinlərə vaksin vurulur. Rayonun ucqar dağ kəndlərində bu proses paralel olaraq aparılır. Kəndlilər də vaksinasiya prosesindən kənarda qalmırlar. Səyyar qruplar həkim məntəqələrində sakinlərin müraciətlərini qəbul edirlər.
Peyvənd olunmaq virusa yoluxmaqdan tam xilas etmir, lakin yoluxma zamanı xəstəliyi daha yüngül keçirməyə səbəb olur. Peyvənd vurulandan sonra maksimum səviyyəyə çatan qoruma müəyyən vaxtdan sonra yenə zəifləyir. Ona görə də bütün ölkə ərazisində olduğu kimi Daşkəsəndə də 3-cü doza (“buster” doza) ilə peyvəndolunma mərhələsinə başlanılmışdır. İlk iki dozanın vurulmasından sonra üç, altı, səkkiz ay müddətində qoruyuculuğun davam etdiyi, sonra azalmağa başladığı müşahidə edilir. “Buster” doza da gücləndirici, möhkəmləndirici məqsəd daşıyır. Yəni bu, heç də yeni bir peyvəndləmə prosesi deyil, ilk iki dozanın davamı olaraq əlavə gücləndirici dozadır, immuniteti gücləndirməyə xidmət edir.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı yanında yaradılmış Operativ Qərargah tərəfindən pandemiya ilə mübarizə istiqamətdə bütün lazımi tədbirlər həyata keçirilir, görülən işlərin nəticəsi gündəlik müzakirə edilir və nəzarətdə saxlanılır.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini