13 Oktyabr – Azərbaycan Dəmiryolu İşçilərinin Peşə Bayramı Günüdür
Hər il oktyabrın 13-ü – müstəqil Azərbaycan dəmir yolunun təşkil edildiyi gün – Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə təsis edilmişdir.
Azərbaycanda yük və sərnişin daşımalarını həyata keçirən dəmiryolu nəqliyyatının yaranma tarixi XIX əsrin sonlarına təsadüf edir. Neft sənayesinin inkişafı daşınma zəruriyyətini yaratmışdır. Bu istiqamətdə polad magistralın əsası 1878-ci ildə qoyulmuş, 20 kilometr uzunluğunda Bakı-Suraxanı-Sabunçu xətti çəkilmiş və 1880-ci ildə istifadəyə verilmişdir.
Uzun müddət Zaqafqaziya dəmiryolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan dəmiryolu keçmiş SSRİ Nazirlər Sovetinin 1955-ci il 11 oktyabr qərarı ilə Ümumittifaq Yollar Nazirliyinin tərkibindən ayrılaraq müstəqil dəmiryolu kimi fəaliyyətini davam etdirmişdir.
144 illik önəmli bir dövr yaşayan Azərbaycan dəmiryolu çox əzəmətli fəaliyyət yolu keçmişdir. Bu yol Ümummilli Lider Heydər Əliyevin qayğısı və diqqəti sayəsində keçən əsrin 70-80-ci illərində tərəqqisinin zirvəsinə çatmışdır. Ulu Öndərin rəhbərliyi ilə ölkəmizin nəqliyyat sistemi daim diqqət mərkəzində saxlanılmış, ən böyük çeşidləyici stansiya olan “Şirvan” stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmiryolu xətləri inşa edilərək istismara verilmişdir. Dəmiryolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrlərdə 80-90 milyon tona çatdırılmışdır.
XX əsrin 90-cı illərinin əvvəllərində sovetlər ittifaqı dağıldıqdan sonra dəmiryolu sahəsi tənəzzülə uğrasa da, Ümummilli Lider Heydər Əliyevin xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtması ilə ölkənin polad şəbəkəsi sistemi dirçəliş dövrünə qədəm qoymuşdur. Dəmiryolunun idarəetmə strukturları dəyişdirilmiş, xidmət və şöbələrin bazasında müstəqil idarə olunan istehsalat birlikləri, müəssisə və təşkilatlar yaradılmışdır. Ölkədaxili, qonşu ölkələrə sərnişin daşımanın yüksək səviyyədə təşkil olunması üçün yeni vaqonlar alınaraq istifadəyə verilmiş, qonşu ölkələrin dəmiryolları ilə iqtisadi əlaqələr bərpa edilmişdir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları Azərbaycan dəmiryolunun tərəqqisinə də müsbət təsirini göstərmişdir. 2017-ci ildə xalqlar arasında körpü rolunu oynayan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşması isə mühüm tarixi hadisədir.
Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi sahəsində fəaliyyətini uğurla davam etdirir.
Əziz dəmiryolçular, Sizi peşə bayramınız münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq!