Daşkəsəndə Şəhid Sərxan Məmmədovun anım günü keçirilib, bulaq-xatirə kompleksinin açılışı olub
Noyabrın 4-də Daşkəsən rayon Şəhidlər xiyabanında Vətən Müharibəsi şəhidi əsgər Məmmədov Sərxan Sahil oğlunun keçirilən anım mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi komissar, Şəhidin ailə üzvləri, rayonun şəhid anaları, qazilərı, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları şəhid əsgər Sərxan Məmmədovun məzarına gül dəstələri düzərək xatirəsini yad edib, ruhuna dualar oxuyublar.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidin ailəsinə baş sağlığı verərək çıxış edib. O çıxışında deyib:
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqlarımızı erməni ordusundan azad edərək düşmən üzərində tarixi qələbə çaldı.
Bu Vətən Müharibəsində Daşkəsənlilər də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qəhrəmancasına vuruşaraq onlardan 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalmışdır.
Belə cəsur döyüşçülərimizdən biri də Vətən Müharibəsi şəhidi əsgər Məmmədov Sərxan Sahil oğludur.
Sərxan Məmmədov 2001-ci il mayın 9-da Daşkəsən rayon Pirverdilər kəndində anadan olub. O, 2019-cu ilin iyul ayında hərbi xidmətə gedib. Sərxan Məmmədov Vətən Müharibəsində göstərdiyi şücaətləri ilə seçilib. Bir sıra döyüşlərdə düşmənin canlı qüvvəsinin məhv edilməsində, parlaq qələbələrin qazanılmasında yaxından iştirak edib. Sərxan Məmmədov 2020-ci il noyabrın 3-də Daşaltı istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Qəhrəman döyüşçümüz 2020-ci il noyabrın 4-də Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn olunub.
Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Sərxan Məmmədov hərbi hissə qarşısında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə böyük diqqət və qayğı göstərirlər. Bütün Daşkəsənlilər adından dövlət rəhbərimizə, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.
Allah şəhidimiz Sərxan Məmmədova rəhmət eləsin, onun əziz ruhu şad olsun.
Daha sonra şəhid Sərxan Məmmədovun Pirverdilər kəndində xatirəsinə inşa edilən bulaq-xatirə kompleksinin rayon ictimaiyyətinin iştirakı ilə açılışı olub. Bulaq-xatirə kompleksi şəhidin atası Sahil Məmmədovun təşəbbüsü və Daşkəsən rayon İcra hakimiyyətinin dəstəyi və köməkliyi ilə tikilib.
Açılış lentini Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, Şəhidin atası Sahil Məmmədov və anası Hicran Məmmədova kəsiblər.
Daşkəsən rayon Pirverdilər kənd ümumi orta məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlərlə çıxış ediblər.
Şəhidin valideynləri ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını və Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini