Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Şair Cavanşir Atəşinin (Qocayevin) “Zirvədən üfüqlər daha aydın görünür” adlı kitabının təqdimat mərasimi keçirilmişdir

10 oktyabr 2015 | 15:00

 

 

Şair Cavanşir Atəşinin (Qocayevin) “Zirvədən üfüqlər

daha aydın görünür” adlı kitabının təqdimat mərasimi keçirilmişdir

 

Daşkəsən şəhərində 10 oktyabr 2015-ci il tarixdə şair Cavanşir Atəşinin (Qocayevin) “Elm və Təhsil” nəşriyyatında çap olunmuş “Zirvədən üfüqlər daha aydın görünür” adlı kitabının  təqdimat mərasimi keçirilmişdir.

Tədbir iştirakçıları hörmət və ehtiram əlaməti olaraq Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.

Sonra tədbir dəyirmi masada davam etdirildi.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov RİH Başçısı cənab Əhəd Abıyevin də tədbir iştirakçılarına salamlarını və şair Cavanşir Atəşiyə təbriklərini çatdırmış, gənclik illərindən bəri qalaq-qalaq səhifələrə şeirlərini, oçerklərini qeyd edən və bu gün ilk kitabının təqdimatını keçirən həmkarı Cavanşir Atəşiyə yeni-yeni yaradıcılıq uğurları arzulamışdır.

AYB-nin üzvü, şair-tərcüməçi, tənqidçi Elmar Vüqarlı da Cavanşir Atəşinin yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən geniş söhbət açdı və kitabda son sözün müəllifi kimi toplunun uğur qazanacağına əmin olduğunu bildirdi. 

Sonra kitabın redaktoru və ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü,  “Qızıl qələm”, “XXI əsr ziyalısı” mükafatları laureatı, yazıçı-publisist Həcər Emin qızı  Hüseynova – Umani kitabla bağlı öz fikirlərini bölüşmüş, şeirlərin sənətkarlıqla, yüksək poetikliklə, oxuculara müsbət təsir edən, fikir oyadan çox sadə dildə, hamı tərəfindən başa düşülən tərzdə yazıldığını bildirdi. Kitabın oxucular tərəfindən seviləcəyinə, yüksək qiymətləndiriləcəyinə əminliyini ifadə etdi. O, kitabdakı müxtəlif mövzularda yazılmış seirlərdən bəzi nümunələri tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Rəyçi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvu, yazıçı-publisist Vahid Aslan da öz çıxışında bu kitab haqqında xoş sözlər söyləyərək Daşkəsənin təbiətinə, gözəlliyinə də heyran qaldığını vurğuladı. V.Aslan çıxışında qeyd etdi ki,   şairin “Bayramın mübarək, Salam, Türkiyəm!” şeiri Azərbaycan Yazıçılar Birliyinin rəsmi saytı olan www.ayb.az  saytında 6 ay bundan əvvəl yerləşdirilməsinə baxmayaraq, bu günədək bu şeir ən çox oxunanlar siyahısında ön yerlərdən birini özündə saxlayır. Bu da həmin şeirə oxucular tərəfindən necə böyük diqqətin və marağın olmasının göstəricisidir.

Vahid Aslan “Müəllim sözü” qəzeti redaksiya şurasının və “Ziyalı” xüsusi buraxılışının “ZİYALI”  fəxri media diplomunu ölkənin ictimai həyatında və ədəbi yaradıcılıq sahəsində qazandığı uğurlara görə şair Cavanşir Atəşiyə təqdim etdi.

Daha sonra şair-dramaturq, AYB-nin Gəncə bölməsinin sədri Xəzangül xanım Hüseynova  şairin kitabından təbiət, Vətən, məhəbbət, vətənpərvərlik mövzusunda olan bir neçə şeiri əzbərdən oxuyaraq hər şeirdə olan dərin mənanı göstərmiş, indiyədək şairi yaxından tanımadığı üçün müəyyən qədər təəssüf hissi keçirdiyini bildirmiş və şairə yaradıcılığında uğurlar diləmişdir.

“Zirvədən üfüqlər daha aydın görünür” adlı kitabının  təqdimat mərasimində AYB-nin Gəncə bölməsinin məsləhətçisi, şair-dramaturq Aləmzər Əlizadə, rayon ağsaqqalı, Daşkəsən rayon Təhsil şöbəsinin məsul işçisi Tofiq Qənbərov, AYB-nin üzvü şair, əməkdar mədəniyyət işçisi Sahib İbrahimli , AYB-nin üzvü, şair, publisist Ramiz Təmkin, Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Ələsgərova da öz ürək sözlərini söyləmiş, şair Cavanşir Atəşinin yaşının kamil çağında ilk kitabını təqdim etməsini və onun gənclik illərindən dövri mətbuatda şeirlərinin və müxtəlif janrlarda yazılarının çap olunduğunu bildirmişlər.

İstefada olan ədliyyə polkovniki, Azərbaycan bayrağı ordenli Elmar Hüseynov öz çıxışında qeyd etdi ki, şair Cavanşir Atəşinin şeirləri  Azərbaycanda və xarici ölkələrdə dövri mətbuatda ayrı-ayrı vaxtlarda nəşr edilmişdir. Onun  Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə yazdığı “Bayramın mübarək, Salam, Türkiyəm!” şeiri Azərbaycan və türk oxucuları tərəfindən  rəğbətlə  qarşılanmışdır.

Bu ilin may ayında Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinə  həsr olunmuş tədbirdə iştirak edərkən Cavanşir Atəşinin “Bayramın mübarək, Salam, Türkiyəm!” şeirini orada bələdiyyə binasında keçirilən tədbirdə iştirakçıların böyük marağını və xahişini nəzərə alaraq iki dəfə söylədiyini bildirdi.

Təqdimat mərasimində sonra Gəncə Apellyasiya məhkəməsinin hakimi Çingiz Məmmədov, AYB-nin üzvü, şair Bayram Göyçəli şairə öz təbriklərini çatdırmış, yeni-yeni əsərlər gözlədiklərini söyləmişlər.

Təqdimat mərasimində bu il Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən V  Azərbaycan Şairlər günündə şair Cavanşir Atəşinin söylədiyi “Bayramın mübarək, Salam, Türkiyəm!” şeirinin video yazısı monitorda təqdimat iştirakçılarına nümayiş olunmuşdur.

“Zirvədən üfüqlər daha aydın görünür” kitabının müəllifi – şair Cavanşir Atəşi təqdimat mərasiminin sonunda onun yazdığı şeirlərə, oçerklərə, məqalələrə belə yüksək qiymət verdiklərinə görə təqdimat mərasiminin iştirakçılarına ən xoş arzularını və dərin minnətdarlığını bildirərək yeni şeirlərini oxudu:

 

...Hər kəsin öz hissi, öz düşüncəsi,

Anmağı, öz fikri, öz zövqü vardır.

Mənim münsiflərim böyük-kiçikli,

Qərəzsiz, səmimi oxuculardır!

 

 

Vüqar Məmmədov

 

 

Keçidlər