Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Cənab İlham Əliyevdən erməni revanşistlərinə xəbərdarlıq

12 oktyabr 2021 | 16:00

Prezident cənab İlham Əliyevin bu il oktyabrın 3-4-də Bərdə, Tərtər və Cəbrayıl rayonlarına səfəri digər bölgələrə bu günədək olan səfərlərə zahirən bənzəsə də, mahiyyət etibarilə fərqli idi.
Dövlət başçısı Suqovuşandakı çıxışında dövlətin xarici və daxili siyasətinin ana xəttinin mahiyyyətinin, inkişaf istiqamətlərinin, iqtisadi və müdafiə prinsiplərinin başlıca istiqamətlərini müəyyən etməklə yanaşı, məğlub edilən Ermənistanda dingildəyən, yeni müharibə ssenariləri cızan revanşist qüvvələrə sərt mesajlar göndərdi, “Dəmir yumruğ”un növbəti zərbəsinin daha sərt və amansız olacağını bəyan etdi.
Cənab Prezident qəsəbənin bir il əvvəl işğaldan azad edilməsini əlamətdar hadisə kimi qiymətləndirdi, bunun strateji baxımdan çox böyük əhəmiyyət kəsb etdiyini vurğuladı: “Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, birinci azad edilmiş kəndlərdən sonra, - birinci kəndlər sentyabrın 27-də müharibənin ilk günündə azad edilmişdi - 6 kənd, - oktyabrın 3-nə qədər hər hansı bir yaşayış məntəqəsi azad edilməmişdi”.
Azərbaycan Prezidentinin böyük qələbənin birinci ildönümü ərəfəsində işğaldan ilk azad edilən ərazilərə gəlməsini, bu yaşayış məntəqələrinin düşməndən azad edildiyi günü yerli sakinlərin nümayəndələri ilə birlikdə qeyd etməsini həm iqtidar-xalq birliyinin gücü, həm də hədələr və hiylələrlə revanşizmə can atan erməni siyasi elitasının üzünə çırpılan sillə kimi qiymətləndirmək mümkündür. Çünki bu gün regionda qalib Azərbaycanın və darmadağın edilən işğalçı Ermənistanın hansı hədəflərə can atdıqlarını aydın görmək mümkündür. Prezident bu səfər çərçivəsində müxtəlif tədbirlərdə iştirak etdi. “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlini qoydu, peşə liseyinin, su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışlarını etdi, avtomobil yollarını istifadəyə verdi və s. Ən başlıcası isə Suqovuşanda, Talış kəndində dövlət başçısı Azərbaycan bayrağını ucaltdı.
Son zamanlar regionda baş verən gərginliklərə və real təhlükələrə baxmayaraq, Azərbaycan dövləti xarici və daxili siyasətində dəyişməz qalır, sülhə, əmin-amanlığa və iqtisadi tərəqqiyə, bütün qonşu ölkələrlə qarşılıqlı əlaqələrin inkişafına can atır.
Böyük qələbənin ildönümünə sayılı günlər qalsa da, Ermənistan hələ də sülh müqaviləsini imzalamamışdır. İşğalçı dövlətin siyasi elitası və Ermənistan diasporu danışıqlar masasına can atmaqdansa, Qarabağda məğlubuyyətlərini erməni xalqının faciəsi kimi təqdim edir, regional qüvvələri münaqişəyə cəlb etməyə çalışırlar. Rusiyanı Qarabağ müharibəsinə cəlb edə bilməyən erməni siyasi elitası və diasporu indi də İranı münaqişəyə təhrik etməyə, yeni gərginlik ocağı yaratmağa cəhd edirlər. Amma alınmayacaq. Azərbaycan Prezidentinin Suqovuşandan verdiyi mesajlar da nüfuzunu itirən, amma müharibə ritorikasından əl çəkə bilməyən siyasi liderlərə bu barədə xəbərdarlıq idi.
Cənab Prezident Suqovuşandakı çıxışında müharibə zamanı Ermənistan ordusunun məruz qaldığı dərin mənəvi-psixoloji sarsıntılardan danışdı: “Onların gözü qorxmuşdu və əlbəttə, bundan sonrakı dövrdə - oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Görürdülər ki, onların hakimiyyəti onlara yalan danışır, onları ölümə göndərir”.
Cənab İlham Əliyev həmişə qalib pozasında köpüklənən Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın düşdüyü acınacaqlı vəziyyəti də təhlil etdi, onun özünün fərari olduğunu dilə gətirdi: “Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir”.
Dövlət başçısı onu da xatırlatdı ki, Serjikin yetişdirməsi və sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda oğurluğa görə həbs edilmişdir. Serjik, əslində, ondan əvvəl həbs edilməli idi. Xocalı soyqırımını şəxsən törədən bütün oğurluqlarda və yüzlərlə cinayətdə əli olan bir caninin və qatilin azadlıqda gəzməsi elə erməni xalqının özü üçün ən böyük təhqirdir. Xocalıda dinc əhaliyə divan tutan bu qatilin azadlıqda gəzməsi kimə başucalığı gətirir? Azərbaycan Prezidenti Serjikin özünün bu cinayətləri etiraf etdiyini  deyir: “Bunun da izahatını vermişdi ki, azərbaycanlılar bilməlidirlər, Ermənistan ordusu dinc əhaliyə qarşı silah qaldıra bilər. Bu qanlı cinayətkar Serjik Sarkisyandır”.
Cənab Prezident Suqovuşandan bütün dünyaya bəyan etdi ki, müharibədə uduzan tərəf Serjik Sarkisyan və onun kimilərdir: “Serjik Ermənistanda müdafiə naziri olub. Serjik Ermənistanda baş nazir olub. Prezident Administrasiyasının rəhbəri olub, Təhlükəsizlik Nazirliyinin rəhbəri olub. Prezident olub 10 il ərzində. Bu ordunu yaradan Serjik deyil, kimdir? Biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik. Qoy o, bu məğlubiyyəti Paşinyanın üstünə atmasın. Paşinyan nə edib, o başqa məsələdir. Ancaq biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq. O, bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çöküb. Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm”.
Cənab İlham Əliyev bir daha bildirdi ki, bu sözləri deməklə naftalin qoxusu verən bir ünsürə yox, bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara xəbərdarlıq edir: “Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”

Keçidlər