44 günün təntənəsi
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan cəmi 44 gün ərzində düşmən üzərində qətiyyətli Qələbə qazandı.
Ötən ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər. Çünki Ali Baş Komandanın “İrəli” əmri ilə mənfur düşmən üzərinə yeriyən cəsur döyüşçülərimiz “bu yolda öldü var, döndü yox”, deyərək, çıxmışdılar haqq savaşına. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misligörünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar.
Bu il yanvarın 15-ində qəhrəman oğullarımızın açdığı Zəfər yolu ilə Şuşaya səfər edən Müzəffər Ali Baş Komandan bu müharibəni XXI əsrin müharibəsi adlandırdı. İlham Əliyev həmin gün döyüşçülərlə görüşü zamanı səsləndirdi ki, biz bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir: “Müharibələrdə hücumlar olur, geriyə çəkilmə olur, manevrlər olur, biz isə hər gün qabağa gedirdik. Hər həftə onlarca yaşayış məntəqəsini işğalçılardan azad edirdik”.
Ali Baş Komandan İlham Əliyevin ötən illər ərzində qurduğu müasir Azərbaycan Ordusu yüksək peşəkarlığı sayəsində çox qısa zamanda düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Qarabağın tacı Şuşanı azad etdi. Həmçinin “dəmir yumruğu” ilə işğalçını məcbur etdi ki, kapitulyasiya aktına imza atsın.
Qətiyyətli və prinsipial Azərbaycan Prezidentinin, qüdrətli Azərbaycan Ordusunun daha bir möhtəşəm uğuru isə cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından düşməni qoşunlarını çıxarmağa məcbur qoyması idi. Ali Baş Komandan İlham Əliyevin mükəmməl hərbi taktikası sayəsində, düşmən tərəfindən ərazisi ən çox minalanan Ağdam rayonu, çox çətin, mürəkkəb relyefə malik olan Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan, bir itki belə verilmədən mənfur düşməndən geri alındı.
Vətən müharibəmizdə qarşıya qoyulan başlıca məqsəd minimum itki ilə qələbə çalmaq idi. Prezident İlham Əliyev 2021-ci il sentyabrın 24-də Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi zamanı da söylədi ki, ərazinin relyefi, möhkəmləndirilmiş rayonlar, çoxsaylı müdafiə xətləri nəzərə alınmaqla, Azərbaycan Ordusunun etdiyi kimi sürətlə irəliləmək çox çətin idi: “Üstəlik, biz bütün əməliyyatları elə planlaşdırırdıq ki, onları minimal itki ilə həyata keçirək. Ona görə, bu da təəccüb doğurur ki, əks-hücum əməliyyatları aparan ölkə daim özlərinin dediyi kimi, taktiki geri çəkilməkdə olan ölkə ilə müqayisədə qat-qat az itkiyə məruz qalır. Düşünürəm ki, bu amillərin belə palitrası mənə də, orduya da, xalqa da inam verirdi.”
Qəhrəman döyüşçülərimiz sentyabrın 27-dən, Vətən müharibəsinin elə ilk günündən ön cəbhə xəttini uğurla yardı, yaşayış məntəqələrimizi, yüksəkliklərimizi işğaldan azad edərək xalqımızın 30 illik Qarabağ yarasına məlhəm çəkdi. Döyüş başlayandan qısa müddət sonra Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalının və Kəlbəcərin bir hissəsi, Murovdağ silsiləsi, Laçının cənub hissəsi, strateji yüksəkliklər düşməndən azad edildi.
2020-ci il noyabrın 8-də isə şanlı ordumuz Azərbaycanın üçrəngli bayrağını Qarabağın tacı Şuşada dalğalandırdı igidlərimiz düşməni qarşılarında diz çökdürərək onun müqavimət istəklərini birdəfəlik sındırdılar.
Qəhrəman Azərbaycan döyüşçüləri 9 Noyabr Bayraq Günümüzdə işğal altında olan daha 70 kəndimizi azad edərək xalqımıza qələbə sevinci yaşatdılar.
10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük Zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.
Azərbaycan xalqı ötən il Zəfər müharibəsinin 44 gününün hər birini Zəfər sevinci ilə yaşadı. Soydaşlarımız gecə-gündüz ekranların qarşısından çəkilməyərək Ali Baş Komandanın qələbə müjdəli xəbərlərini səbirsizliklə, böyük həyəcanla gözlədi.
Ümumiyyətlə, sentyabrın 27-dən dekabrın 1-nə qədər olan müddət ərzində yenilməz sərkərdə İlham Əliyev xalqımıza 11 zəfər müjdəli müraciət etdi və qələbə xəbərləri çatdırdı. Prezidentin hər müraciəti bitər-bitməz ölkəmizin bütün bölgələrində, paytaxt Bakıda əhali küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları bu qələbələri bayram etdilər. Müqəddəs and yerlərimiz olan Şəhidlər xiyabanlarına ziyarətə yollanaraq onların əziz ruhu qarşısında baş əydilər.
Bu 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, həm də xalqımızın birliyinin, yenilməz gücünün nümayişi oldu. Müharibə başlayan andan etibarən vəzifəsindən, statusundan, yaşından asılı olmayaraq, hər kəs Vətən uğrunda könüllüyə çevrildi. Ali Baş Komandanın “dəmir yumruğ”una dönərək düşmənin başını əzdi.
Döyüşdə oğlu şəhid olan ana-atalar belini bükmədi, başını dik tutub “Vətən sağ olsun!” dedilər. Döyüş meydanından kilometrlərlə uzaq olan yaşayış məntəqələrimiz faşist xislətli düşmən tərəfindən atəşə tutulanda o bölgələrin sakinləri “ölsək belə, yurdumuzu tərk etmərik” söylədilər. Həqiqətdir ki, 44 Zəfər gününün qürur, fəxarət anları bir yazıya sığmayacaq qədər çoxdur... Təkcə onu vurğulayaq ki, heç kəs torpaqlarımız işğaldan azad olunmayana qədər müharibənin dayanmasını istəmirdi. Bircə gün cəbhədən qələbə xəbəri gəlməyəndə, “görəsən nə olub, müharibə dayanmayıb ki?!” deyə narahatlıq keçirirdilər.
Bəli, Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, Vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi salnaməyə qızıl hərflərlə əbədi yazıldı.