Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ GÜNEY-ZAĞALI SU ANBARI ƏTRAFINDA EKOLOJİ AKSİYA KEÇİRİLİB

19 sentyabr 2021 | 16:00

Sentyabrın 17-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə müəssisəsi “Daşkəsən Dəmir Filiz” (DDF) MMC-nin təşəbbüsü Daşkəsən rayon İcra hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə Daşkəsən rayonunda yerləşən Güney-Zağalı su anbarının ətrafında ekoloji aksiya keçirib.
Güney-Zağalı su anbarı Daşkəsən şəhərindən 8 kilometr cənubda, Xoşbulaq və Zağalı kəndlərinin arasında – Qoşqarçay dərəsində yerləşir. Qoşqarçay və Hamamçayın suyu ilə qidalanan su anbarı 1959-cu ildə layihələndirilmiş, 1969-cu ildə inşası başa çatdırılmışdır. Su anbarı Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının Saflaşdırıcı Fabrikində nəm üsulla konsentrat istehsalı üzrə texniki suya tələbatın ödənilməsi məqsədi ilə inşa edilmişdir.
Qeyd edilən dövrdə illik 1 milyon ton konsentratın istehsalı üçün su anbarından 3 milyon kub metr həcmində su təchiz edilirdi. Gələcəkdə nəzərdə tutulan illik 1.2 milyon ton konsentratın istehsalı üçün su anbarından təchiz ediləcək sərfiyyat 3.6 milyon kub metr təşkil edəcək. Hazırda DDF MMC-nin balansında olan hövzənin ümumu su həcminin artırılması və su ehtiyatının mühafizəsi üçün müvafiq tədbirlər görülür. Su ehtiyatının daha səmərəli istifadəsi məqsədilə Güney-Zağalının deqradasiyaya məruz qalmış infrastrukturu yenidən qurulur.
Beynəlxalq Sahilyanı Təmizlik Gününə həsr edilmiş aksiya çərçivəsində “AzerGold” QSC, ETSN və Daşkəsən rayon İcra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə su hövzəsinin ətrafı müxtəlif məişət tullantılarından təmizlənib, tullantılar çeşidlənərək təkrar emala yönəldilib. Bununla yanaşı, əraziyə ətraf mühitinin mühafizəsinə dair maarifləndirici lövhələr yerləşdirilib.
Tədbirin əsas məqsədi su hövzələrində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin tullantılarla zibillənməsinin qarşısını almaq və təbiətin qorunmasına töhfə verməkdir.
Aksiya çərçivəsində, həmçinin balıq növlərinin təbii populyasiyasının artırılması məqsədilə su hövzəsinə yerli şəraitə uyğun olaraq qızılxallı forel körpələri buraxılıb. Balıqların suya buraxılması mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, DDF MMC-nin Baş direktoru Oqtay Məmmədov iştirak ediblər.
Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn irimiqyaslı aksiyaların keçirildiyi təqvimdir. Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsi hər il bu günü qeyd edir. Bu məqsədlə bütün dünya üzrə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər.


Elmar Əliyev
Daşkəsən RİHB-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər