Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin doğum günü qeyd edilib

29 avqust 2021 | 16:00

Daşkəsəndə 29 avqust 2021-ci il tarixdə Vətən müharibəsi şəhidləri - gizir Cəfərli Orxan Etibar oğlunun və müddətdən artıq hərbi qulluqçu  İsmayılov Rüstəm Üzeyir oğlunun doğum günü münasibətilə tədbir keçirilib.
Daşkəsən rayon İcra Hakimiyyətinin məsul işçilərinin, Müdafiə Nazirliyi rəsmilərinin,  şəhidin ailə üzvlərinin, döyüşçü yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, eləcə də işğal altında olan tarixi torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan birinci və ikinci Qarabağ müharibəsinin şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.
Müdafiə Nazirliyinin rəsmisi əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Vətən müharibəsinin tarixi əhəmiyyətindən, bu müharibədə xalq-ordu birliyindən, təcavüzkar Ermənistanın məğlubiyyətə düçar edilməsində Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin müstəsna sərkərdəlik məharətindən, Azərbaycan Ordusunun Zəfər yürüşündən, əsgər və zabitlərimizin öz qanları və canları ilə hərb tariximizə şanlı səhifələr yazdıqlarından, həmçinin müqəddəs bayrağımızın bu gün də etibarlı əllərdə, dəmir yumruğun isə yerində olduğundan iftixar hissi ilə danışıb.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamlayıb, bu kimi tədbirlərin gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Şəhid Orxan və Rüstəmin  yüksək mənəvi və iradi keyfiyyətlərindən, peşəkarlıqlarından, şəxsi şücaət və igidlik nümunələri göstərmələrindən danışıb, şəhidin valideynlərinə belə məğrur övlad tərbiyə etdiklərinə görə minnətdarlıq edib.
V.Məmmədov qeyd edib ki, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur! Elə ona görə də dünyada ən şirin nemət olan canlarını torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qurban verən, qanlarıyla bu torpağı müqəddəsləşdirən şəhidlərimizin ruhuna hörmət etmək, onların xatirəsini ehtiramla yad etmək hər birimizin vətəndaşlıq borcudur. Vətənin qəhrəman övladlarının torpağa qovuşduğu Şəhidlər Xiyabanı bu gün ən əziz ziyarətgahımıza çevrilib. 
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev iyulun 22-də Daşkəsəndə səfərdə olarkən Şəhidlər xiyabanını ziyarət edib. Dövlətimizin başçısı Şəhidlər xiyabanındakı əbədi məşəl abidəsi önünə gül dəstəsi qoyub.
Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də ərazilərimizin düşməndən azad edilməsi uğrunda hər zaman qəhrəmanlıqla döyüşüb, Vətən naminə canlarından keçiblər. Vətən müharibəsinin gedişində yenidən silaha sarılan daşkəsənli gənclərdən 31 nəfər şəhidlik zirvəsinə ucalıb. Bu qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Şəhidlərin valideynləri olanların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Digər çıxış edənlər dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətlərinin yüksək qiymətləndirildiyini, xatirələrinin əbədiləşdirildiyini, bulaqlar hazırlandığını yüksək qiymətləndirib və bunun da onlar üçün böyük təsəlli olduğunu qeyd ediblər.
Sonra doğum günü qeyd olunan qəhrəman şəhidlərimizin mənalı ömür və şərəfli döyüş yolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, Vətən borcu kimi çətin, məsuliyyətli və şərəfli bir vəzifənin öhdəsindən layiqincə gələrək qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində şəhidlərimiz öz səylərini əsirgəməyib.
Hər iki şəhid Kəlbəcər rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda iştirak edərək döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Cəfərli Orxan Etibar oğlu ölümündən sonra  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə,  İsmayılov Rüstəm Üzeyir oğlu isə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Sonra hərbi orkestrin sədaları altında şəhid məzarları ziyarət edilərək çələng və gül dəstələri qoyulub, şəhidlərin doğum günü münasibətilə tort kəsilib.
Şəhid ailələri tədbirdən xoş təəssüratlarla ayrılıb.

Keçidlər