Şair Cavanşir Atəşinin (Qocayevin) “Zirvədən üfüqlər daha aydın görünür” adlı kitabı çap olunmuşdur
Şair Cavanşir Atəşinin (Qocayevin) “Elm və təhsil” nəşriyyatında “Zirvədən üfüqlər daha aydın görünür” adlı kitabı çap olunmuşdur. Kitabda yazarın şeir, oçerk və məqalələri və rəylər toplanmışdır.
Kitabın redaktoru və ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “XXI əsr ziyalısı” mükafatları laureatı, yazıçı-publisist Həcər Emin qızı Hüseynova – Umani, rəyçi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvu, yazıçı-publisist Vahid Aslandır.
Cavanşir Atəşinin şeirləri Azərbaycanda və xarici ölkələrdə dövri mətbuatda ayrı-ayrı vaxtlarda nəşr edilmişdir. Onun Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə yazdığı “Bayramın mübarək, Salam, Türkiyəm!” şeiri Azərbaycan və türk oxucuları tərəfindən rəğbətlə qarşılanmışdır.
Cavanşir Atəşinin oxuculara təqdim edilən “Zirvədən üfüqlər daha aydın görünür” kitabı onun yaradıcılığını əhatə edən ilk kitabıdır. Onun vətənpərvərlik, təbiət, sevgi haqqında hissləri, düşüncələri, ürək yanğısı misralara, sətirlərə hopmuşdur.
Cavanşir Atəşiyə yaradıcılıq yolunda uğurlar arzulayır, inanırıq ki, doğma Vətənini, xalqını sonsuz məhəbbətlə sevən, bu sevgini misralara köçürən Cavanşir Atəşininin şeirlərini, müxtəlif janrlarda olan yazılarını oxucular sevəcək və onlardan bəhrələnərək sevməyi öyrənəcəklər.