Daşkəsən rayonunda təbii fəlakət baş verib
Daşkəsən rayonu ərazisində 11 avqust 2021-ci il tarixdə saat 18-00 radələrindən başlayaraq baş vermiş təbii fəlakət – güclü külək əsməsi və qasırğa nəticəsində çoxmərtəbəli yaşayış binalarının və fərdi evlərin, sosial-inzibati binaların dam örtüyünə, yaşıllaşdırma, elektrik, rabitə və qaz təsərrüfatlarına ciddi ziyan dəymişdir. Güclü külək Daşkəsən şəhəri S.Vurğun küçəsi 17 nömrəli çoxmərtəbəli yaşayış binasının və S.Vurğun adına 4 nömrəli tam orta məktəbin, Quşçu qəsəbəsində çoxmərtəbəli yaşayış binasının dam örtüyünü taxta konstruksiyalarla birlikdə tamamilə uçuraraq kənara atmışdır.
Rayon Hidrometeorologiya stansiyasından verilən məlumata görə küləyin sürəti saniyədə 30-35 m təşkil etmişdir.
Baş vermiş təbii fəlakət barədə aidiyyəti qurumlara məlumat verilmişdir. Daşkəsən rayon İcra hakimiyyəti daxili imkanlar hesabına dəymiş ziyanlanların aradan qaldırılması üçün müvafiq tədbirlər görür. Hazırda dəymiş ziyanların həcminin müəyyən edilməsi istiqamətində rayon fövqəladə hallar komissiyası tərəfindən işlər davam etdirilir.