Cənab İlham Əliyevin iqtisadi islahatları səmərə verir
Koronavirus pandemiyası ilə bağlı dünya iqtisadiyyatında durğunluq yarandığı yaxşı məlumdur. O üzdən bir çox ölkələrin iqtisadiyyatında indiyəcən azalma müşahidə edilir. Bu azalma isə daha çox xammal ixracatçısı olan ölkələrdə qeydə alınır. Ancaq iqtisadiyyatı şaxələnmiş, sənayesi inkişaf etmiş ölkələr itkiləri aşağı səviyyədə saxlamağa nail olurlar.
Azərbaycanın da ixrac etdiyi məhsullar sırasında neft-qaz əsas yer tutur. Lakin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə vaxtında aparılan islahatlar, qeyri-neft sənayesinin inkişafı, aqrar sektora verilən dəstək, xidmət sahələrinin, xüsusilə turizmin inkişafı ölkəmizə pandemiya dövründə iqtisadi dayanıqlığı maksimum qorumağa imkan vermişdir.
Azərbaycan dünyada həm də üzərinə götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirən dövlət kimi tanınır. Cənab Prezidentin dediyi kimi, sözümüzlə əməlimiz üst-üstə düşür. Bunun nəticəsidir ki, cari ilin 6 ayının göstəricilərinə görə, ölkə üzrə qeyri-neft sənayesində 16,6 faiz artım qeydə alınıb. Dövlət başçısı bu barədə danışarkən demişdir ki, belə bir yüksək artım dünyanın heç bir ölkəsində müşahidə olunmayıb.
Bu nailiyyətin əldə edilməsinin əsas səbəbi qeyri-neft sektorunun inkişafına verilən dəstəkdir. Bu dəstək hesabına ölkədə müasir dövrün tələblərinə cavab verən ixracyönümlü məhsulların istehsalı ildən-ilə artır. Hazırda ölkəmizdə yüzlərlə ixracyönümlü müəssisələr fəaliyyət göstərir.
İxracyönümlü məhsul istehsalının artması isə daha çox ölkələrlə ticarət əməliyyatlarının aparılmasına imkan verir. Yeri gəlmişkən qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycan dünyanın 171 ölkəsi ilə idxal-ixrac əməliyyatları həyata keçirib. Hesabat dövründə xarici ticarət dövrüyyəmizin dəyəri 14 milyard 202,26 milyon dollar olub. Həmin məbləğin 8 milyard 811,10 milyon dolları ixracın, 5 milyard 391,16 milyon dolları idxalın payına düşüb ki, bu da 3 milyard 419,94 milyon dollar məbləğində müsbət saldo deməkdir.
İxracatımızda qeyri neft-qaz məhsullarının payı da artır. Bu fakt onu göstərir ki, ölkəmiz ixracyönlü məhsulların istehsalına üstünlük verir. Azərbaycan iqtisadiyyatının dayanıqlılığını təmin edən başlıca faktor da budur.
Cari ilin 6 ayında qeyri-neft məhsullarının ixracında plastik kütlə və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, elektrik enerjisi, sement üstünlük təşkil edir. Kənd təsərrüfatı sahəsində ən çox ixrac olunan məhsullar meyvə-tərəvəz, pambıq lifi, şəkər, bitki və heyvan mənşəli piylər və yağlar, həmçinin alkoqollu və alkoqolsuz içkilər, çay, meşə fındığı və xurmadır. Tərəvəz məhsullarının isə ixracında pomidorun payı daha çoxdur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat icmalı”nda qeyd edilir ki, cari ilin 6 ayında Azərbaycanın qeyri-neft sektorunda 5,1 faizlik artım qeydə alınıb. Beynəlxalq Valyuta Fondu Avropanın inkişaf etməkdə olan ölkələrində 4,4, Latın Amerikası və Karib ölkələrində 4,6, Yaxın Şərq və Mərkəzi Asiyada 3,7 və Sub-Sahara Afrikada 3,4 faiz iqtisadi artım proqnozlaşdırıb. Göründüyü kimi, Azərbaycanın qeyri-neft sektorunun bu ilin ilk 6 ayındakı artım tempi sadalanan ölkə qrupları üzrə 2021-ci ilin iqtisadi artım proqnozlarını üstələyir.
Dövlət idarəetmə islahatları, o cümlədən, vergi-gömrük inzibatçılığının təkmilləşməsi, şəffaflaşdırma və kölgə iqtisadiyyatı ilə mübarizə nəticəsində ölkəmizdə dövlət büdcəsinin gəlirləri də artıb. Dövlət idarəetmə islahatlarının aparılması, dövlət müəssisələrində korporativ idarəetmənin genişləndirilməsi, vergi-gömrük administrasiyasının təkmilləşdirilməsi, fiskal institutların islahatı, büdcə vəsaitlərindən səmərəli və şəffaf istifadənin artırılması, elektron hökumətin əhatə dairəsinin genişləndirilməsi, ASAN, DOST, “Azexport” kimi platformaların gücləndirilməsi nəticə etibarı ilə şəffaflıq, hesabatlılıq və səmərəliliyin daha da yüksəldilməsinə səbəb olub.
İqtisadiyyatın inkişafı, büdcə gəlirlərinin artması dövlətə vətəndaşların sosial məsələlərinin həllinə daha geniş imkanlar yaradır. Bunun nəticəsidir ki, Azərbaycanda sosial ödənişlər son 3 ildə 60 faizdən çox, o cümlədən minimum pensiya 82, orta pensiya 60, orta müavinət 100 və ünvanlı sosial yardım 72 faiz artıb. Hazırda ölkə üzrə yaşayış minimumu 196 manat olduğu halda, orta pensiya 360 və minimal əməkhaqqı 250 manatdır.
Rüstəm KAMAL,
“Azərbaycan”