Cənab Prezidentin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
Cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 30-da qardaş ölkəyə yola salınıb.
Yanğınsöndürmə qüvvələrinin birinci qrupunun tərkibində 100 əməkdaş Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola düşüb. Qrupun üzvləri Türkiyənin Dalaman bölgəsində yanğınlarla mübarizə aparacaq. Qrupu hava limanından fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb və yanğınsöndürənlərə müvafiq tapşırıqlar verib.
E.Mirzəyev jurnalistlərə müsahibəsində deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 əməkdaşı Türkiyənin Dalaman bölgəsinə göndərilir. Bildiyiniz kimi, son vaxtlar Türkiyədə baş vermiş meşə yanğınları nəticəsində insan tələfatı olub. Bununla əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədə yanğın nəticəsində həlak olanların yaxınlarına və qohumlarına başsağlığı verib, yararlılara şəfa diləyib”.