DAŞKƏSƏN RAYONUN TƏHSİL İŞÇİLƏRİNİN ƏNƏNƏVİ SENTYABR KONFRANSI KEÇİRİLMİŞDİR
Bu gün Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında Daşkəsən rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi. Konfrans iştirakçıları hörmət və ehtiram əlaməti olaraq ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yeni dərs ilinin başlanılması münasibətilə bütün təhsil işçilərini təbrik edərək, konfransın işinə uğurlar arzuladı. Rayon ərazisində mövcud olan bütün ümumtəhsil məktəblərində şagirdlərə və pedaqoji kollektivlərə yaradılan şərait barədə Əhəd Abıyev ətraflı məlumat verdi. Qeyd etdi ki, son illər rayonumuzda 10-a dək yeni məktəb inşa olunmuş, onlarla məktəb isə əsaslı təmir edilmişdir. Hazırda həmin məktəblərdə müasir və çox yüksək səviyyəli dərs və iş otaqları vardır.
Daşkəsən rayon müəllimlərinin ali məclisində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin iqtisadi qüdrəti durmadan yüksəlir, insanların maddi-rifah halı yaxşılaşır, vətənimizin beynəlxalq miqyasda şöhrəti artır. İndi Respublikamızın hər yerində tikinti-quruculuq işləri aparılır, hər bir şəhər və qəsəbədə istirahət guşələrinin yaradılmasına yeni mədəni və sosial obyektlərinin tikintisinə diqqət artırılmışdır.
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin iqtisadi qüdrətinin, mədəniyyətinin dünya səviyyəsində inkişaf etdiyini bir daha nümayiş etdirmişdir. Avropanın 50-dən artıq ölkəsinin idmançılarının, jurnalistlərinin və turistlərinin gözü qarşısında həyata keçirilən böyük və maraqlı tədbirlər hamını heyran qoymuşdur.
Məhz buna görə də ilk Avropa oyunlarını izləyən hər bir tamaşaçı, eyni zamanda xarici mətbuat Azərbaycanı dünyanın inkişaf etmiş, zəngin mənəviyyata malik ölkə kimi qələmə vermişlər.
Son illər ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı , həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində köklü islahatlar aparılır, milli təhsilimiz inkişaf etmiş ölkələrin təhsilinə inteqrasiyası istiqamətində mühüm addımlar atılır.
Azərbaycanda təhsilin inkişafı, bu sahədə islahatyönümlü tədbirlərin durmadan həyata keçirilməsi, milli təhsilimizin qabaqcıl ölkələrin mütərəqqi təhsil sistemlərinə inteqrasiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil haqqında konseptual fikirlərindən qaynaqlanır: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik.Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir. Təhsil cəmiyyətdə tərəqqinin hərəkətverici qüvvəsi olmaqla intellektual potensialın formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub-saxlanmasında,şəxsin, vətəndaşın fərdi inkişafında, hüquqi cəmiyyətin qurulmasında mühüm rol oynayır.”
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev nitqinə davam edərək qeyd etdi ki, siz müəllimlər daha yaxşı bilirsiniz ki, təhsil sisteminin qarşısında duran əsas vəzifə təlim prosesinin səmərəliliyini təmin etməklə, milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal və təşəbbüskar şəxsiyyətlər yetişdirməkdir. Bu proses məktəblərdə dərslərin yeni təlim texnologiyaları ilə təşkilini, müəllimin özünün hazırlığını ön plana çəkir. Bu günün müəllimi ənənəvi metodlardan uzaqlaşmalı, yeni təlim texnologiyalarını dərindən mənimsəməli, şagirdləri düşünməyə, axtarmağa, nəticə çıxarmağa sövq etməlidir. Buna görə də hər bir müəllim dərslərə ciddi hazırlaşmalı, özündə informasiya bolluğu yaratmalı, peşəkarlıq səviyyəsini durmadan artırmalıdır.
Mən fürsətdən istifadə edərək kənd yerlərində fəaliyyət göstərən yerli icra strukturlarının rəhbərlərinə tapşırıram ki, rayonumuza təyinatla göndərilmiş gənc müəllim kadrların sosial- məişət şəraitinin yaxşılaşdırılmasında lazım olan köməkliyi göstərsinlər, bu sahədə bizə yardımçı olsunlar. Onlar üçün elə bir şərait yaradaq ki, gənc kadrlar həmişəlik olaraq rayonumuzda qalıb işləsinlər, gənc nəslin təlim və tərbiyəsində öz töhfələrini versinlər.
Qarşıdan Parlament seçkiləri gəlir. Rayonumuzda Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə olan ümumxalq sevgisi belə bir fikir söyləməyə əsas verir ki, daşkəsənlilərin seçimi mütləqdir və birdir. Biz sədri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin olduğu Yeni Azərbaycan Partiyasının rayonumuzdan namizədliyi irəli sürüləcək şəxslərə səs verəcəyik.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu təbrikindən və çıxışından sonra rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, rayonun pedaqoji işçilərinin bu ilki ənənəvi sentyabr konfransı respublikamızın müstəqillik yolunda inamla addımladığı, təhsil islahatının uğurla həyata keçirildiyi, rayonumuzda abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı bir dövrə təsadüf edir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi ölkəmizdə təhsil islahatının yeni, daha səmərəli mərhələsi başlamışdır.
Rayonumuzun bütün müəllimləri təhsil sahəsinin inkişafı, mövcud problemlərin aradan qaldırılması istiqamətində aparılan islahatları ürəkdən bəyənir. Milli təhsilimizin yüksək səviyyəyə çatdırılmasını təmin edən ölkə başçısının sərəncamlarını böyük rəğbətlə qarşılayır, bu sahədə qarşıya qoyulmuş vəzifələrin məsuliyyətlə yerinə yetirməyə hazır olduqlarını bildirirlər.
Respublikamızın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da təhsil islahatının həyata keçirilməsi, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin elmi biliklərə dərindən yiyələnməsi üçün normal şəraitinin yaradılması, tədris prosesinin təkmilləşdirilməsi sahəsində uğurlu nəticələr əldə edilmişdir.
2014-2015-ci dərs ilində Rayon Təhsil Şöbəsinin tabeliyində 44 ümumtəhsil məktəb, o cümlədən 26 tam orta, 15 ümumi orta, 3 ibtidai, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmişdir.
Məruzəçi qeyd etmişdir ki, rayonun təhsil ocaqlarında gənc nəslin təlim tərbiyəsi ilə 583 nəfər müəllim məşğul olmuşdur ki, onlardan 360 nəfəri qadınlar təşkil edir. Təhsil sahəsində qazandıqları nailiyyətlərə görə 6 nəfər “Əməkdar müəllim” adına, 5 nəfər isə “Tərəqqi” medalına layıq görülmüşdür.
Ötən dərs ilində ümumtəhsil məktəblərinə 3328 nəfər şagird cəlb edilmiş, onlardan 1598 nəfəri şəhər və qəsəbə, 1730 nəfəri isə kənd məktəblərində təhsil almışdır. Dərs ili ərzində 179 nəfər şagird getmiş, 117 nəfər şagird gəlmişdir. Dərs ilinin sonunda şagirdlərin sayı 3266 nəfər olmuşdur.
Ötən dərs ilində rayonumuzda tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində görülən işlərin səviyyəsi ötən illərə nisbətən daha geniş miqyas almışdır. Rayon İcra Hakimiyyətinin , şəxsən hörmətli Başçımız cənab Əhəd Abıyevin yaxından köməyi, daimi diqqəti və qayğısı sayəsində yeni məktəb binalarının tikintisi, ümumtəhsil məktəblərin əsaslı təmiri, təhsil ocaqlarının texniki-təlim vasitələri ilə təmin edilməsi sahəsində diqqətəlayiq işlər görülmüşdür.
Təhsil şöbəsinin müdiri xüsusi razılığını bildirmişdir ki, cənab Əhəd Abıyevin şəxsi təşəbbüsü ilə rayonun Muşavaq, Əmirvar, Əmirvar-Əhmədli, Bayan, Quşçu, Mollahəsənli kəndlərində və Daşkəsən qəsəbəsində yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Alunitdağ, Kəmərqaya, Astaf, Xoşbulaq, Əhmədli kənd ümumi və tam orta məktəbləri əsaslı təmir olunmuşdur.
Rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin böyük əksəriyyəti müasir tədris avadanlıqları ilə ( şagird, müəllim masası, kitab şkafı, yazı lövhəsi və s.) təchiz edilmiş, ümumilikdə məktəblərə 74000 manatlıq avadanlıq paylanmışdır.
Rayon Təhsil şöbəsinin müdiri daha sonra qeyd etmişdir ki, ümumtəhsil məktəblərində təhsil alan IX və XI sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarını Tələbə qəbulu üzrə Dövlət Komissiyası aparır. 2014-2015-ci dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alan 294 nəfər IX və 265 nəfər XI sinif şagirdinin hamısı ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestat almışdır.
Rayonun tam orta məktəb məzunlarından 101 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə vermişdir. İlkin məlumata görə onlardan 49 nəfəri ölkənin nüfuzlu ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlardan 2 nəfəri 600-dən, 3 nəfəri isə 500-dən yuxarı bal toplamışdır.
Əldə olunan uğurlardan danışan Nazim Verdiyev bu sahədə olan bəzi nöqsanların da olduğunu bildirmişdir. Vurğulamışdır ki, 2014-2015-ci dərs ilində IX siniflər üzrə buraxılış imtahanlarında iştirak edən 254 nəfər şagirddən 152 nəfəri Azərbaycan dili və ədəbiyyat və riyaziyyat fənnindən “2” qiymət almışdır. XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri də ürəkaçan olmamışdır.
IX siniflər üzrə Alaxançallı, Güneykənd, Mollahəsənli tam, Almalı, Bayan, Muşavaq, Qabaqtəpə, Xoşbulaq kənd ümumi orta məktəblərinin buraxılış imtahanlarında iştirak edən şagirdlərindən heç biri müsbət qiymət almamışdır.
Rayon Təhsil şöbəsinin müdiri təhsil ocaqlarında yuxarıda göstərilən nöqsanları və digər neqativ halları aradan qaldırmaq üçün xüsusi komissiya yaradıldığını bildirmişdir. Rayon Təhsil Şöbəsinin sifarişi əsasında Təhsil Nazirliyi tərəfindən keçən dərs ilində rayonumuza işləmək üçün müxtəlif ixtisaslara yiyələnmiş 34 nəfər gənc müəllim göndərilmişdir.
2015-2016-ci tədris ilinin sənədləri vaxtında Təhsil Nazirliyindən gətirilmiş, rayonun bütün ümumtəhsil məktəbləri məktəb sənədləri ilə təmin olunmuşdur. Ötən illərdən fərqli olaraq şagirdlərin dərsliklərlə təmin olunması məsələlərinə diqqət artırılmışdır. İndiyə qədər ümumtəhsil məktəblərinə 173 adda 11590 ədəd dərslik kitabı gətirilərək məktəblər arasında bölünmüşdür.
Məlum olduğu kimi, bu ilin noyabr ayının 1-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcəkdir. Hazırda bu mühüm ictimai-siyasi kampaniyanı uğurla başa vurmaq üçün ciddi hazırlıq işləri həyata keçirilməkdədir. Həmişə olduğu kimi, rayonumuzun çoxsaylı müəllimlər ordusu Respublika parlamentinə layiqli namizədlərin seçilməsi üçün fəal təbliğat və təşviqat işlərinə qoşulmuşdur. Müəllimlərimiz xalqımızı işıqlı gələcəyə doğru inamla aparan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs vermək əzmindədirlər. Mən bu gün tam inamla deyə bilərəm ki, rayonumuzun bütün sakinləri kimi müəllimlərimiz də ulu öndərimiz Heydər Əliyev ideyalarına sadiq olan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xarici və daxili siyasətini ürəkdən dəstəkləyən namizədlərin Milli Məclisə seçilməsinə yekdilliklə səs verəcəklər.
İcazə verin, Daşkəsən Rayon İcra Hakimiyyətini, şəxsən İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevi , Azərbaycan Respublikası Təhsil Nazirliyini əmin edim ki, rayonumuzun təhsil müəssisələrində çalışan bütün pedaqoji işçilər 2015-2016-cı tədris ilində yeni tələblər səviyyəsində işləyəcək, köhnə iş üsullarına birdəfəlik son qoyacaq, şagirdlərin təlim-tərbiyəsinə, onların gələcək inkişafına yeni meyarlarla yanaşacaq, milli təhsilimizin gələcək uğurları üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.
Daşkəsən rayon müəllimlərinin ənənəvi sentyabr konfransında Respublika Təhsil Nazırliyinin məsul işçisi Ceyhun Mirzə, İ.Nəsimi adına 1 saylı tam orta məktəbin direktoru Üfət Abdiyeva, A. Mürsəlov adına 2 saylı tam orta məktəbin əməkdar müəllimi Duman Mahmudova, Mollahəsənli kənd tam orta məktəbin direktoru Arzu Aslanov , Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov çıxış etmişlər. Onlar da öz çıxışlarında yeni dərs ilinin başlanması münasibətilə rayon müəllimlərini təbrik etmiş, ölkədə təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıdan danışmış, bütün müəllimlərə uğurlar arzulamışlar.
Konfransda qərar qəbul olunmuş, ölkə Prezidentinə müraciət ünvanlanmışdır.
Elmar Vüqarlı