Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

ORDUMUZUN DÖYÜŞ İMKANLARI ƏN MÜASİR SƏVİYYƏYƏ ÇATDIRILIB

30 iyun 2021 | 16:00

Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordumuzun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Bütün bunları xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin hər zaman qarşıya qoyduğu vəzifələrdən biri ordumuzun döyüş imkanlarının artırılması olub. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
Ötən illərdə Ali Baş Komandan İlham Əliyevin xüsusi nəzarəti ilə ordumuzun döyüş qabiliyyətinin artırılması üçün bu sahədə qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırması idi.
Azərbaycan ictimaiyyəti Silahlı Qüvvələrimizin artan gücünü əvvəlki vaxtlarda hərbi paradlarda və təlimlərdə görmüşdü. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ildə Naxçıvanda Günnüt zəfəri Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısında əzici gücünü praktik təsdiq etmişdi. Son iki döyüşdə ordumuz əlverişsiz mövqelərdən çıxaraq strateji mövqelərə sahib olmuşdu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verdi ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.
2020-ci ilin iyul ayında isə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatın qarşısı silahlı qüvvələrimizin bölmələri tərəfindən rəşadətlə alındı. Düşmən əks-həmlə və qisas əməliyyatı ilə ordumuzun gücünü yenidən hiss etdi, döyüş meydanında çoxsaylı itki verərək geri çəkilməyə məcbur oldu. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin müqayisəolunmaz üstünlüyü, hər an düşməni məhv etməyə hazır olması növbəti dəfə öz təsdiqini tapdı.
Bütün bunlar təsdiq edirdi ki, Dağlıq Qarabağda yenidən hərbi əməliyyatlar başlasa, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı ildırım sürəti ilə azad edəcək.

Ermənistanın sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks-hərbi əməliyyatlara başlamasına səbəb oldu. 44 gün davam edən və tariximizə Vətən müharibəsi kimi həkk olunan bu savaş Azərbaycan ictimaiyyətinin torpaqlarımızın azad olunması ilə bağlı gözləntilərini reallığa çevirdi. Cəbhənin elə bir istiqaməti olmadı ki, qoşunlarımız hücumda ləngisinlər. Elə bir cəbhə xətti olmadı ki, düşmənin müdafiə mövqelərinin yarılması mümkün olmasın.
Noyabrın 10-da rəsmiləşən tariximizin şanlı Zəfərini Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Hansı hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq, bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar. Onlar döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdilər. Eyni zamanda Vətən müharibəsi göstərdi ki, xalqımız onu ümdə arzularına qovuşduran Liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Beləliklə, İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu.
Ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Ümumiyyətlə, hərbi əməliyyatların strateji və taktiki planlaşdırılmasında Azərbaycan dünyaya yeni model təqdim etdi. Eyni zamanda İkinci Qarabağ müharibəsində aparılmış uğurlu hərbi əməliyyatlar strateji və taktiki baxımdan da tarixə düşdü. Hansı ki, bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanırlar. Bununla da Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 18 ildə İlham Əliyevin xüsusi diqqəti sayəsində həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ən böyük uğurlarından biri məhz Azərbaycan Ordusunu mükəmməl hərbi gücə çevirməsidir.
Bu qələbə göstərdi ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə əsasını qoyduğu ordumuz onun arzu etdiyi kimi inkişaf edib, qüdrətlənib, regionun hərbi gücünə çevrilib. Heydər Əliyev Azərbaycan Ordusunu yaratdı, İlham Əliyev onu dünyanın ən güclüləri sırasına çıxartdı. Vətən müharibəsində isə ordumuz qarşısında duran tarixi missiyanı layiqincə yerinə yetirdi.

Keçidlər