DAŞKƏSƏNDƏ KORONAVİRUSA QARŞI ƏHALİNİN PEYVƏND OLUNMASI UĞURLA DAVAM EDİR
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Daşkəsəndə əhalinin vaksinasiya olunması üçün bütün zəruri tədbirlər görülmüş və lazımi şərait qurulmuşdur. Belə ki, vaksinasiya Daşkəsən rayon mərkəzi xəstəxanasında ayrılmış xüsusi vaksin otaqlarında və yerlərdə səyyar həkim briqadaları tərəfindən operativ həyata keçirilir.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ilkin mərhələdə rayonun səhiyyə müəssisələrində çalışan tibb işçiləri, həmçinin yaşlı vətəndaşlar peyvənd olunublar. Hazırda rayon ərazisində 18 yaşdan yuxarı bütün vətəndaşların peyvəndlənməsi aparılır.
Rayonda vaksin ehtiyatı kifayət qədərdir. İndiyədək peyvənd olunmuş rayon sakinlərində vaksinin əks göstərişi qeydə alınmamışdır.
Daşkəsən rayon İcra hakimiyyətinin, rayon Polis şöbəsinin və digər qurumların əməkdaşlarından ibarət yaradılmış mobil qrup üzvləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə vaksinasiya olunmaq, COVİD pasportunun olması barədə tələb və tövsiyələri rayon sakinlərinin nəzərinə çatdırılır. Bu sahədə vətəndaşlar arasında mütəmadi maarifləndirmə, təbliğat tədbirləri aparılaraq bildirilir ki, əhalinin peyvənd olunması məhz onların sağlamlığının qorunmasına, gələcəkdə həyatın öz axarına düşməsinə xidmət edir. Vaksinləşmənin əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi isə dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirir. Ən əsası da vətəndaşlar COVİD-19-a qarşı vaksinasiya olunmaqla, həm özlərini, həm də ətrafındakı insanları bu virusa yoluxmaqdan qorumuş olurlar.
Bu gün əminliklə deyə bilərik ki, Daşkəsəndə bu sahədə görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini verir. Rayonda epidemioloji vəziyyət sabitdir, nəzarət altındadır.
Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən genişmiqyaslı işlər Daşkəsən rayon sakinləri tərəfindən hər zaman razılıqla qarşılanır və onlar buna görə dərin minnətdarlıqlarını bildirirlər.