DAŞKƏSƏNDƏ KORONAVİRUSA QARŞI REYD KEÇİRİLİB
İyunun 24-də Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin tapşırığına əsasən, rayon İcra hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional bölməsinin, rayon Polis şöbəsinin əməkdaşlarının və Gigiyena və Epidemiologiya Mərkəzinin direktorunun birgə iştirakı ilə koronavirusa yoluxma riski daha çox ehtimal olunan ticarət və iaşə obyektlərində reydlər keçirilib, əhali arasında vaksinasiya ilə bağlı maarifləndirmə işləri aparılıb.
Sakinlər ilə söhbət zamanı onların diqqətinə çatdırılıb ki, dövlətimizin siyasətinin mərkəzində insan amili, vətəndaşların sosial rifahı və sağlamlığı dayanır. Vaksin əldə edən ilk ölkələrdən biri olaraq respublikamızda koronavirusa qarşı aparılan mübarizə modeli dünyada nümunə kimi qəbul edilir. Məhz vaksinasiya prosesisinin müsbət nəticəsidir ki, bu gün ölkədə yoluxma sayı əvvəlki dövrlərlə müqayisədə çox aşağıdır.
Reyd zamanı pandemiya ilə bağlı müvafiq strukturların və xidmət sahələrinin fəaliyyətində zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara hansı səviyyədə əməl edilməsi ilə yerində tanış olunmuş, maarifləndirici söhbətlər, izahat işləri aparılmışdır. Əsasən vətəndaşların qapalı məkanlarda tibbi maskalardan istifadə etməməsi qeydə alınmışdır. Vurğulanmışdır ki, insanlar sadəcə göstərmək naminə tibbi maskalardan istifadə etməməlidirlər, özlərini və başqalarını qorumaq üçün tibbi maskalar qaydalara uyğun formada taxılmalı, sosial məsafə gözlənilməlidir.
Bütün ticarət və iaşə obyektlərinin işçilərinə peyvənd olunmağın vacibliyi ilə bağlı tövsiyələr verilmişdir.
Pandemiyaya qarşı mübarizə tələblərini pozduğuna görə iki iaşə obyekti barəsində cərimə protokolu tərtib olunmuşdur.
Keçirilən reydlərdən sonra çatışmazlıqların, müşahidə edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə reydin nəticələri Rayon İcra Hakimiyyəti Başçısı yanında Operativ Qərargahda müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyən edilmişdir.
Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə uyğun olaraq Daşkəsən rayon İcra hakimiyyətinin tabeliyində olan xüsusi texnikalar vasitəsi ilə Daşkəsən şəhərinin küçələrinin dezinfeksiyaedici məhlulla yuyulması qrafik əsasında davam etdirilir. Eləcə də, yüzlərlə yaşayış binasında, o cümlədən bütün inzibati binalarda, ticarət obyektlərində, mehmanxanalarda, bazar və avtovağzal ərazisində, bankomat və ödəniş terminallarında, şəhərin bütün küçələrində, dayanacaqlarda, kənd və qəsəbələrdə dezinfeksiya işləri gündəlik aparılır.