Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Vüqar Məmmədov "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamına uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Dövlət qulluğunun kiçik müşaviri Məmmədov Vüqar Xanlar oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Bununla bağlı Daşkəsən Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Daşkəsən RİH Başçısı cənab Əhəd Abıyev əvvəlcə ölkə başçısının Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Vüqar Məmmədovu bir daha təbrik edərək, ona fəaliyyətlərində uğurlar arzulayıb. Ə.Abıyev qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin dövlət qulluğu haqqında qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsindəki gördüyü böyük əhəmiyyət kəsb edən işlər ulu öndərin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən əsaslı şəkildə uğurla davam etdirilir. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı sayəsində “Dövlət qulluğu haqqında” Qanundan irəli gələn bütün məsələlər davamlı olaraq həyata keçirilir. Bu sahədə Prezident cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli “Dövlət qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında” Sərəncamı dövlət qulluqçularına olan qayğının əyani nümunəsidir.
Sonra çıxış edən V.Məmmədov onun əməyinə verilən yüksək qiymətə görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. Qeyd edib ki, dövlət qulluğu sahəsində fəaliyyətinə verilən bu yüksək qiymət onu daha da ruhlandırır. Gələcəkdə bu ada layiq olmaq üçün var gücü ilə daha da əzmlə çalışacaq.
Qeyd edək ki, V.Məmmədov 2000-ci ildə ali təhsili bitirdikdən sonra beş il orta məktəbdə müəllim, 2007-ci ildən Daşkəsən Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləyib. Hazırda Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyir.