Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Regionun aparıcı dövləti olan Azərbaycanın statusu getdikcə daha da yüksəlir

23 iyun 2021 | 16:00

İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu daha da möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan oyun qaydalarını özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə əməkdaşlıq təkliflərini açıq şəkildə bildirir.
Qarabağın düşmən tapdağından təmizlənməsindən sonra regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanları çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərir.
Prezident İlham Əliyev hər çıxışında, müsahibəsində, görüşlərində yaranmış reallıqları dəyərləndirməklə regionun gələcək inkişafı üçün real imkanların mövcudluğunu göstərir və qeyd edir ki, bu durum ilk növbədə bölgədə uzunmüddətli sülhün təmin olunmasını şərtləndirir.
Birmənalı şəkildə deyə bilərik ki, artıq regionun gələcək inkişafı üçün nadir imkanlar yaranıb. Xüsusən də kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması, qarşılıqlı ticarət imkanlarından faydalanmaq bütün tərəflərə ilk növbədə iqtisadi dvidentlər vəd edir.
Hətta Ermənistan da proseslərin tərkib hissəsi ola bilər, əgər üzərinə düşən öhdəlikləri, yəni 10 noyabr bəyanatının şətrlərini tam olaraq icra etsə. Bu, həm də  acınacaqlı durumda olan işğalçı ölkə vətəndaşlarına “gün ağlaya” bilər.
Bu durumu elə erməni xalqı da çox yaxşı anlayır. Bu səbəbdəndir ki, ölkədə keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası səslərin çoxunu qazandı. Yəni erməni xalqı onu rəzil gününə qoyan şər qüvvələr arasından nisbətən zərərsizini seçmiş oldu.
Səbəblər də bəllidir. N.Paşinyanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra verdiyi açıqlamalar ölkə əhalisinin mütləq əksəriyyətinin razılığına səbəb olub. Belə ki, Paşinyan xalqa müraciətlərində yeni reallıqlarla barışmağa məcbur olduqlarını söyləyirdi. Dedi ki, ölkənin düşdüyü bu ağır durumdan qurtuluşun yeganə yolu Azərbaycanla münasibətlərin normallaşmasından keçir. Yəni, regiondakı kommunikasiyaların blokadadan çıxarılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır. Yolların açılması Ermənistan üçün çox faydalıdır, çünki Rusiya və İranla etibarlı dəmir yolu əlaqəsi yaranacaq. Bu da Ermənistan iqtisadiyyatını əhəmiyyətli dərəcədə dəyişə bilər.
Erməni xalqının bu seçimi təsdiq etdi ki, ölkə ictimaiyyəti Azərbaycanın şərtlərinin qəbul edilməsinin tərəfdarıdır. İllərdir acınacaqlı durumda yaşayan sadə ermənilər yaxşı anlayırlar ki, bu durumdan qurtuluşun yeganə yolu Azərbaycanla münasibətlərin normallaşmasıdır.
Əgər hakimiyyət geri addım atarsa, 10 noyabr Bəyanatındakı şərtlərin yerinə yetirilməsindən imtina edərsə, Ermənistan bu tarixi şansı itirəcək və reallaşası layihələr yenə də bu ölkədən yan keçəcək, ölkə üçün daha da böyük problemlər yaranacaq.
Prezident İlham Əliyev də vurğulayır ki, Zəngəzur dəhlizindən keçəcək nəqliyyat, kommunikasiya, infrastruktur layihələri Ermənistan üçün də əlavə imkanlar aça bilər. Çünki bu gün Ermənistanın nə Rusiya, nə də ki, İranla dəmir yolu əlaqəsi yoxdur. Azərbaycan hər iki dəmir yolu xəttinin yaradılmasını təmin etməyə hazırdı.
Ermənistan özünü heç olmasa, bundan sonra normal, sivil qonşu kimi apararsa, nəinki itirər, əksinə, qazana bilər. Artıq neçənci dəfədir ki, Azərbaycanın humanist Prezidenti düşmən ölkənin düşdüyü acınacaqlı durumdan, iqtisadi bataqlıqdan qurtuluş yollarını göstərir. Bu da bir daha onu deməyə əsas verir ki, İlham Əliyev nəinki Azərbaycanın, hətta qonşu və tərəfdaş ölkələrin də iqtisadiyyatının inkişafına kömək etmək üçün təşəbbüslər irəli sürür.
Göründüyü kimi, İlham Əliyev bu gün postmüharibə dövrünün reallıqlarını ortaya qoyur və yeni hədəfləri, inkişaf istiqamətlərini müəyyənləşdirir. Qardaş Türkiyə Respublikası ilə imzalanan Şuşa Bəyannaməsi isə Azərbaycanın yüksəlişi, daha da qüdrətlənməsi üçün əlverişli imkanlar açdı.
İyunun 15-də, Milli Qurtuluş Günündə Şuşa Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalandığı tarixi məkana çevrildi. Qədim Azərbaycan şəhərindən dünyaya ötürülən əzmli və qətiyyətli mesajlar regionun iki nüfuzlu lideri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dilindən çatdırıldı. Şuşa Bəyannaməsi 100 il əvvəl - 1921-ci il 13 oktyabrda imzalanmış Qars müqaviləsindən sonra Türkiyənin Azərbaycana dəstəyini ən güclü formada nümayiş etdirən rəsmi sənəddir. Qars müqaviləsinə istinad edilən bəyannamə öz formatına görə ondan daha əhatəlidir. Bu sənəddə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi, iqtisadiyyat, təhsil, müasir texnologiyalar üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi, Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi, iki ölkənin silahlı qüvvələrinin fəaliyyət qabiliyyətinin birlikdə artırılması və digər tədbirlər nəzərdə tutulur.
İki qardaş ölkənin bütün həyati əhəmiyyətli məsələləri  ilə bağlı müddəaların əksini tapdığı bəyannamə regional təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir. Bundan sonra Azərbaycana qarşı istənilən təxribatın, hücumun qarşısında iki qardaşın əzmi görünəcək. Yəni Azərbaycanın hər hansısa bir ərazisinə hücum edən qüvvənin başına iki dəmir yumruq dəyəcək.

Keçidlər