Heydər Əliyev Azərbaycanın müasir elm və təhsil konsepsiyasının banisidir
Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın çətin sınaqlarından çıxararaq ölkənin bütün sahələrdə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Xalqımız məhz onun sayəsində mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə qədəm qoymuşdur.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Təsadüfi deyil ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Bir tərəfdən də Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Bu mərhələdə ulu öndər Heydər Əliyevin ölkənin rəhbərliyinə gəlməsi ilə respublikanın ictimai, siyasi, təsərrüfat, mədəni və təhsil həyatında da bir canlanma başlandı. Qeyd etmək lazımdır ki, ulu öndər hələ 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gəldiyi zaman xüsusi diqqət verdiyi sahələrdən biri də məhz təhsil sahəsi idi. Artıq XX əsrin 70-80-ci illəri xalqımızın tarixində yalnız iqtisadiyyatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi ayrıca mərhələ təşkil edir. Həmin dövrdə gələcək müstəqilliyimizin təməli qoyulmuş, iqtisadi, sosial və mədəni potensial formalaşdırılmışdır. Bu mərhələdə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın iqtisadi-mədəni inkişafı, sənayenin, kənd təsərrüfatının, mədəniyyət, elm, təhsil və digər prioritet sahələrin idarə edilməsi üçün bacarıqlı və yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini mühüm vəzifə kimi qarşıya qoyaraq təhsilin inkişafına xüsusi qayğı göstərirdi.
1969-1978-ci illərdə orta ümumtəhsil məktəblərinin sayı 77 faiz artmışdır. 1979-cu ildə SSRİ-nin 43 şəhərinin 152 ali məktəbində 3315 nəfər azərbaycanlı təhsil alırdı. Ulu öndər ilk növbədə Azərbaycanın intellektual sabahını düşünmüş, sovetlər dövründə respublikada formalaşdırdığı zəngin elmi potensiala istinad edərək özünün mükəmməl elm və təhsil konsepsiyasını irəli sürmüş, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusilə diqqət mərkəzində saxlamışdır. Ümumilli liderin elm və təhsilin konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhləmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin yüksək dinamizmlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. Ümummilli Lider Azərbaycanda bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də uğurlu islahatların müəllifi kimi tanınmışdır.
1998-ci ildə müstəqil Azərbaycan müəllimlərinin 1-ci qurultayı keçirildi. Xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda tarixi çıxış etdi. Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli üçün tam bir proqram idi. Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradıldı. “Təhsil sahəsi xalqımızın bu günü,millətimizin,dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir” deyən Ümumilli Liderimiz Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən fərman və sərəncamlar verdi. “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli, “Dövlət dilinin tətbiq işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli, “Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilməsi haqqında 09.08.2001- ci il tarixli bəyanat, “Azərbaycan Respublikasında dövlət dili haqqında” fərman və sərəncamlar təhsilimizi dünya standartları səviyyəsinə qaldırdı. Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının öyrədilməsinə, mükəmməl dərsliklər hazırlanmasına, xüsusilə Azərbaycan dilinin öyrədilməsinə, Dövlət dili statusunda təbliğinə diqqət artırıldı.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu möhtəşəm və uğurlu siyasət indi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 18 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bu günümüzün reallıqlarıdır. Məhz bu illər ərzində dövlət başçısının Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində də ciddi islahatlar həyata keçirilir. Respublikanın dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Təkcə onu vurğulamaq kifayətdir ki, bu dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Bir sözlə, bu gün Azərbaycanda təhsil sisteminin daha da inkişafı üçün məqsədyönlü, irimiqyaslı işlər görülür.
Zamiq Həsənov,
Daşkəsən Peşə Məktəbinin direktoru.