Cənab İlham Əliyevin yeni informasiya strategiyası Azərbaycanın maraqlarını inamla təmin edir
Dövlət başçısı regionun gələcəyi ilə bağlı planların və yeni çağırışların nələrdən ibarət olduğunu bir daha dünyaya çatdırdı.
Azərbaycanın parlaq hərbi-siyasi Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsinin nəticəsində bölgədə yeni reallıqlar yaranıb. Ən byöük reallıq isə odur ki, Prezident İlham Əliyev lider və sərkərdə qətiyyəti ilə respublikamızın ərazi bütövlüyünü bərpa etdi. Başqa bir reallıq da odur ki, Ermənistanın işğalçılıq siyasətinin darmadağın olunması Cənubi Qafqazda yeni beynəlxalq iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün zəmin formalaşdırıb.
Diktə edən tərəf Azərbaycandır
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrdə də regionda yaranmış yeni reallıqlardan söhbət açıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq: “Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”.
Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlasa da, əslində bu çirkin siyasətinin qurbanı özü olub. Bu illər ərzində Azərbaycan işğalçı ölkəni bütün layihələrdən kənarda qoyub. Cənubi Qafqazın iqtisadi potensialı digər dövlətlərə uğur gətirsə də, xəstə təfəkkürdən əl çəkməyən Ermənistan bütün bunlardan məhrum edilib.
Ona görə erməni cəmiyyəti işğal dövründə yerində sayıb, əhalisi səfalət günündə yaşayıb. İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətindən sonra isə Ermənistan tarixinin ən ağır günləri ilə üzləşib. Ölkə elə bir dərin siyasi-iqtisadi böhrana yuvarlanıb ki, sonu görünmür.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onlar Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum oldular, nəhayət, işğal etdikləri əraziləri itirdilər.
Uzun illərdir ki, Azərbaycan nail olduğu mühüm siyasi-iqtisadi uğurlarına görə Cənubi Qafqazın lideri statusunu daşıyırdı. Bölgədə indiyədk həyata keçirilmiş bütün nəhəng layihələrin söz sahibi kimi respublikamız çıxış edib. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqların da aparıcı qüvvəsi və diqtə edən tərəfi Azərbaycandır. Bu reallıqların müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Ermənistanın isə bu reallıqlarla hesablaşmaqdan başqa yolu yoxdur.
Mütərəqqi informasiya siyasəti
İndi qarşıda duran mühüm vəzifələrdən biri əsl həqiqətlərin, müharibədən sonra bölgədə yaranan yeni reallıqların həm də dürüst şəkildə beynəlxalq auditoriyaya çatdırılmasıdır. Bu baxımdan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.
Müzakirələr zamanı çox məsələlərə toxunuldu, Prezident İlham Əliyev onların hər biri barədə Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı. Dünyada tanınan siyasətçilərin, prezident, baş nazir kimi vəzifələr tutmuş dövlət xadimlərinin, diplomatların, politoloqların iştirakı ilə keçirilən müzakirələr həm də onu göstərdi ki, Prezident İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir. İlham Əliyev bir daha əsl həqiqətləri onların diqqətinə çatdırdı, regionu gözləyən yeni çağırışların nələrdən ibarət olduğunu açıqladı. Həmin dövlət xadimlərinin öz ölkələrində və dünyada olan nüfuzlarını , politoloji fikrə, ictimai rəyə təsir imkanlarını nəzərə alsaq deyə bilərik ki, bu cür tədbirlər İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın yürütdüyü mütərəqqi informasiya siyasətindən xəbər verir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin nitqlərinə, bu cür müzakirələrdə iştirakına xarici mediada və siyasi dairələrdə olan maraq onu deməyə əsas verir ki, yeni informasiya strategiyası ölkəmizdə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini və müvafiq mesajları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı verir. İlham Əliyev heç bir sualdan yayınmır, bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirir, onlara sistemli yanaşma nümayiş etdirir, məntiqlə və əhatəli şəkildə təhlil edir. Diqqəti çəkən başqa bir məqam Azərbaycan Prezidentinin yeni informasiya strategiyasının şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanmasıdır. Bu strategiya ölkəmizin milli maraqlarının müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub.
Ekspertlər də Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı və onları peşəkar formada cavablandırmaq bacarığını, yüksək məntiqini, intellektini, diplomatik məharətini, dünyada, regionda və ölkədə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirirlər.
Yeni informasiya strategiyası müharibə dövründə Ermənistan-Azərbaycan münaqişəsi, Vətən müharibəsi haqqında həqiqətlər barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırmağa şərait yaratdığı kimi, postkonflikt dövrdə də regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi və hüquqi nəticələri barədə dünyaya dolğun məlumat verməyə şərait yaradır. Eyni zamanda bu strategiya Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində mühüm rol oynayır.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”