Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 98 il ötür

28 aprel 2021 | 16:00

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü qeyd olunur.
Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.
1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.
Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

O, çox təvazökar idi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anası Zərifə xanımın böyük lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi bütün işlərdə ona dayaq olduğunu, dəstəklədiyini xatirələrində qeyd edir: “Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. Əlbəttə, 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin - birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”.
Böyük məhəbbətinə sədaqət hissi Zərifə xanımı yaşadan həyati dəyər idi. Ulu Öndər Heydər Əliyevin onun haqqında çəkilmiş sənədli filmlərdə, müsahibələrində, insanlar qarşısındakı səmimi çıxışlarında ömür-gün yoldaşı haqqında bölüşdüyü xatirələr bu gün də bütün Azərbaycan gəncləri üçün sevginin, sədaqətin, əhdə vəfanın təcəssümüdür. Zərifə xanımın Fəxri xiyabandakı məzarüstü abidəsinin açılışı günü Ulu Öndərin heykəlin önündə duyğulandığı tarixi məqam əsl sevgiyə sədaqət hissinin mənəvi ifadəsi kimi hər dəfə xatırlandıqca insan qəlbini riqqətə gətirir.
Zərifə xanım Əliyevanın Fəxri xiyabandakı qəbirüstü abidəsini hazırlamış görkəmli heykəltəraş Ömər Eldarov xatırlayır ki, xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndərlə yaradıcılıq emalatxanamda görüşdük. Onun vəfalı ömür-gün yoldaşı, mərhum Zərifə xanımın məzarüstü abidəsi üzərində işləyirdim. Abidəyə diqqətlə baxdı. Bir qədər əvvəl sifətində olan xoş duyğulardan əlamət qalmadı. Ürəyimdən keçdi ki, yəqin işi bəyənməyib. Nə biləydim ki, son dərəcə kövrək ürəkli şəxsiyyət ötən illəri, həyat yoldaşı ilə birgə ömür sürdükləri anları xatırlayıbmış. Handan-hana “Sağ ol, Ömər, sən Zərifə xanıma ikinci ömür vermisən” dedi.
O, buna layiq idi. Səmimilik, alicənablıq, qayğıkeşlik, birinci növbədə özünə, daha sonra ətrafdakılara qarşı tələbkarlıq, sözü ilə işi arasında vəhdət, vətənpərvərlik, xalqına, Vətəninə və torpağına sonsuz məhəbbət və fədakarlıq Zərifə xanım Əliyevanın şəxsiyyətini səciyyələndirən ən əsas xüsusiyyətlərdəndir.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.

Keçidlər