Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Ümumxalq sevgisinin təcəssümü

11 aprel 2021 | 16:00

Üç il öncə növbəti dəfə xalqın mütləq əksəriyyətinin etimadını qazanan İlham Əliyev Azərbaycanın xilaskar və alternativsiz lideri olduğunu bir daha təsdiqlədi

Hər bir xalqın yüksəliş salnaməsində, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu olub. Həmin şəxsiyyətlərin öz xalqı, dövləti üçün misilsiz xidmətləri əsrlərin və nəsillərin yaddaşına əbədi həkk olunub.
Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsini hərb yolu ilə həll edərək adını tarixə qızıl hərflərlə yazdıran İlham Əliyev məhz belə liderlərdəndir.

Qətiyyətli, prinsipial, vədinə sadiq lider

Ötən 17 ildə İlham Əliyevin gördüyü fantastik işlər ona təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də böyük şöhrət qazandırıb. Sadəliyi, səmimiliyi, milli təəssübkeşliyi,  Azərbaycan sevgisi, vətəninə, xalqına sədaqəti, qətiyyəti, prinsipiallığı, bəşəri duyğuları, insanlara canyanğısı və ən nəhayət, 44 günlük Vətən müharibəsində Baş Sərkərdə kimi Qarabağı işğaldan azad etməsi ona ümumxalq sevgisi qazandırıb.

Üç il öncə, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyevin xalqın 86,02 faizinin etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilməsi məhz bu sevginin, inamın əyani təzahürü idi. Xalq növbəti dəfə İlham Əliyevi alternativsiz lider kimi qəbul edərək onu özünə rəhbər seçdi və bugünədək baş verən proseslər xalqın seçiminin nə dərəcədə doğru olduğunu göstərdi.
Hər zaman sözü ilə işi bir olan dövlət başçısı aprelin 18-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı bəyan etdi ki, Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi üçün bütün imkanları səfərbər edəcək. Belə də oldu. Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqlarının təmin edilməsi məsələsi son üç ildə də İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil etdi. Ölkədə dayanıqlı inkişaf, sabitlik və əmin-amanlıq təmin edildi, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirildi.
Seçkilərdən dərhal sonra özünün yeni islahatlar paketini təqdim edən İlham Əliyev inkişaf strategiyasının 11 istiqamət üzrə yol xəritəsini müəyyənləşdirdi. Ötən üç il ərzində də Prezidentin hər zaman xalqının yanında olduğunun, onun problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Bayram və şad günlərdə hər zaman xalqla birlikdə olan Prezident dar gündə də xalq ilə təmasda oldu, vətəndaşları narahat edən problemləri birbaşa dillərindən dinlədi, onların həlli ilə bağlı yerindəcə göstərişlər verdi.
Ümumiyyətlə, Prezidentin mütəmadi olaraq paytaxtda və bölgələrdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlanması, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində verilən qərarlar xalqın İlham Əliyevə olan inamını daha da artırdı. Bu amillər həm də Prezidentlə  xalqın birliyi konsepsiyasının əsas qayəsini təşkil etdi.

Ən islahatçı Prezident

Son üç ildə İlham Əliyevin mütərəqqi islahatları bir çox sahələri əhatə etdi. İqtisadi islahatlarla yanaşı reallaşan siyasi islahatlar daha çevik idarəetmə strukturunun yaradılması ilə nəticələndi. Dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində böyük uğurlara imza atıldı.
Həmçinin Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və digər dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparıldı. Növbədənkənar parlament seçkiləri də bu islahatların tərkib hissəsi oldu.
2019-cu ilin əvvəlindən başlayaraq İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi, sosial sahədə də geniş islahatlar aparıldı. Ekspertlər tərəfindən sosial inqilab xarakterli qərarlar adlandırılan bu fərman və sərəncamlar demək olar ki, əhalinin bütün təbəqələrini əhatə etdi.
Fəaliyyəti ədalətə, humanizm və mərhəmət prinsiplərinə söykənən İlham Əliyev son 3 ildə də ənənəsinə sadiq qalaraq 4 əfv sərəncamı imzalamaqla minlərlə ailəyə sevinc payı bəxş etdi. 2018-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar imzalanan sərəncam isə ən böyük əfv sərəncamı (634 məhkuma şamil edilib) kimi tarixə düşdü.
Bütün bu islahatlar, əlbəttə ki, beynəlxalq səviyyədə təqdir edildi. Azərbaycan Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks islahatlar ölkəmizin yeni rekordlara imza atmasına imkan yaratdı. Dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunan Dünya Bankının “Doing Business-2019” hesabatı İlham Əliyevi ən islahatçı Prezident kimi dəyərləndirdi. Çünki hesabata əsasən Azərbaycan dünyanın 10 islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olundu.
Dünyanı bürüyən qlobal böhran, pandemiya bəlası ilə mübarizə zamanı da İlham Əliyev mühüm təşəbbüslərlə çıxış etdi.  Azərbaycan Prezidentinin bilavasitə qlobal lider olaraq dünya səviyyəsində irəli sürdüyü təşəbbüslər, pandemiyaya qarşı birgə mübarizə, qlobal bəladan birgə çıxış yollarının axtarılıb araşdırılması, eyni zamanda iqtisadi tənəzzüldən və bir çox sahələrdəki çətinliklərdən çıxmaqla bağlı birgə konkret tədbirlər planının hazırlanması dünya birliyi tərəfindən dəstəkləndi.
Prezidentin bu məsələdə Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf  Bankı, Avropa Birliyi, BMT, Qoşulmama Hərəkatı, Türk Şurası kimi dünyanın bir çox aparıcı və nüfuzlu beynəlxalq təşkilatları və qurumları ilə əməkdaşlığa çağırışlarına verilən müsbət rəylər İlham Əliyevin liderlik keyfiyyətlərinin, zəkasının, siyasi iradəsinin uğurlu göstəricisi kimi qiymətləndirilməlidir.

Baş Sərkərdənin tarixi Zəfəri

Ən nəhayət, İlham Əliyev Ali Baş Komandan kimi də verdiyi vədi gerçəkləşdirdi. Üç il öncə andiçmə mərasimində Prezident bəyan etdi ki, Azərbaycan xalqı heç vaxt bu işğal faktı ilə barışmayacaq və torpaqlarımız düşmən tapdağından azad ediləcək. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq.
Ötən il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi düşmənə tarixinin ən ağır zərbəsini vurdu. Düzdür, bu savaş zamanı Azərbaycana böyük təzyiqlər də göstərildi. Ancaq qətiyyətli siyasi iradə nümayiş etdirən İlham Əliyev bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək, öz prinsipial mövqeyindən dönmədi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün müddətində Ermənistanı təslim olmağa məcbur etdi. İkinci Qarabağ müharibəsi Böyük Zəfərimizlə bitdi. Azərbaycan son 200 illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı.
Bu Şanlı qələbədən sonra regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən doğma od-ocaq həsrətinə son qoyuldu.
İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. Bu müharibə dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Bu tarixi nəticə bizlər haqqında “məğlub xalq” rəyini sındırdı, xalqımıza özgüvən aşıladı, milli qürurumuzu yüksəltdi.
Vətən müharibəsində qazandığımız qələbə İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi nəticəsi idi və tarixi Qələbə ilə Azərbaycan bir daha dünyanın inkişaf etmiş dövlətlərindən biri olduğunu təsdiqlədi.
Bu Zəfərlə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran Ali Baş Komandana ümumxalq sevgisi daha da artdı. Üç il öncə böyük etimad göstərərək
İlham Əliyevi özünə lider seçən xalq bir daha seçimində yanılmadığını gördü. Hər bir vətəndaş əmin oldu ki, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev ölkəmizi daha parlaq gələcəyə aparacaq alternativsiz liderdir.

 

Keçidlər