Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

YAPONİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ DAŞKƏSƏN RAYONUNDAKI FİLİZ YATAQLARINDA OLUB

06 aprel 2021 | 16:00

Aprelin 6-da Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada Daşkəsən rayonuna səfər edib.
Əvvəlcə səfir Cuniçi Vada Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev ilə görüşüb. Əhəd Abıyev qonağı salamlayaraq yaponiyalı diplomata rayonun zəngin filiz yataqları, onların mövcud istismar vəziyyəti, eləcə də Prezident cənab  İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonda aparılan abadlıq və yenidənqurma işləri barədə ətraflı məlumat verib. Bildirib ki, filiz yataqlarının istismarı və istehsalat prosesi dünya standartlarına uyğun təşkil edilir və ölkə iqtisadiyyatına, həmçinin bölgənin dayanıqlı sosial inkişafına mühüm töhfələr verməkdədir.
Əhəd Abıyev səfir Cuniçi Vadanın diqqətinə çatdırıb ki, Yaponiya höküməti tərəfindən ölkəmizdə sosial sahələrin inkişafına yönələn çoxsaylı qrant layihələr icra edilir. Onlardan 2-si də Daşkəsən rayonunda icra olunub. Belə ki, həmin qrant layihələr hesabına rayonun iki iri yaşayış məntəqəsinə - Quşçu kəndə və Yuxarı Daşkəsən qəsəbəsinə içməli su xətti çəkilib, bulaqlar inşa olunub.
Rayon İcra hakimiyyətinin başçısı onu da bildirib ki, 44 gün davam edən Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz uzun illər ərzində aparılmış uğurlu siyasət, gərgin zəhmət, düşünülmüş ordu quruculuğu və xalqımızın yüksək vətənpərvərlik ruhu ilə işğal altında olan torpaqlarımızı qısa müddətdə erməni vandallarından azad etmişdir. Bu qələbənin əldə olunması zamanı Daşkəsən rayonu 31 şəhid vermiş, 80-dən çox hərbi qulluqçumuz yaralanmışdır. Daşkəsən rayon İcra hakimiyyəti tərəfindən bütün şəhid ailələri və qazilərin problemlərinə hər zaman həssaslıqla yanaşılır, onların həlli üçün bütün imkanlardan istifadə olunur.
Səfir Cuniçi Vada görüşdən böyük məmnunluq hissi duyduğunu bildirib, gələcəkdə nəzərdə tutulan bir sıra sosial-iqtisadi layihələr barədə danışıb.
Əhəd Abıyev Cuniçi Vadaya xatirə hədiyyələri təqdim edib.
Sonra Cuniçi Vada “Daşkəsən” Dəmir Filizi Sahəsinin ərazisinə ümumi baxış keçirib. Yaponiyalı diplomata regionun ən nəhəng dəmir filizi yataqları kompleksində aparılan geoloji kəşfiyyat işləri barədə məlumat verilib.
Daha sonra səfir “Çovdar” Filiz Emalı Sahəsinə gəlib. Burada yaradılan iş şəraiti ilə tanış olan yaponiyalı diplomat istehsalatın bütün mərhələlərini virtual izləyib, mədən ərazisində süxurların partladılması, metal tökümü və xəlitələrin hazırlanması prosesi ilə tanış olub. Səfirə qiymətli metalların ixracatı və şirkətin ölkə iqtisadiyyatına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.
Daşkəsən rayonuna səfərdən məmnun qalaraq zəngin xoş təəssüratlarla ayrıldığını bildirən Cuniçi Vada ona göstərilən yüksək diqqətə və yaradılan şəraitə görə minnətdarlığını bildirib, iki ölkə arasında  əməkdaşlığın qiymətləndirilməsi baxımdan səfərin olduqca faydalı olduğunu diqqətə çatdırıb.

 

 

Keçidlər