BAŞLANĞICA QAYIDIŞIN TƏNTƏNƏSİ
Cənab İlham Əliyev ulularımızın məskəni Azıx mağarasına gedərək bu torpaqların əzəli sahiblərinin möhtəşəm dönüşünü bir daha dünyaya çatdırdı.
Azərbaycanın möcüzəvi təbiətinin yaratdığı şah əsərlərdən, təbii memarlıq abidələrindən biridir Azıx mağarası... Xalqımızın doğuluş və yaşam izlərini özündə daşıyan bu təbiət incisi Qarabağın ən mənzərəli və səfalı guşələrindən birində, Xocavənd rayonunun Azıx kəndində qüdrətdən var olub...
Kiçik Qafqaz dağlarının döşündə, Yer üzünün çulğalanmasından, dəli rüzgarların, coşan sellərin, yağan yağmurların tişəsi ilə yonulan bu düşərgə sanki ilk insanlara dayaq, sığınacaq kimi inşa olunub. Ulu əcdadlarımızın təbiətin sərt üzünə sinə gərməyinə, vəhşi heyvanların hücumlarından qorunmağına, od-ocaq sahibi olmağına, yaradılışlarını sürdürməyinə xidmət edib.
Bu mağara-düşərgə milli köklərimizə qayıdış, keçmişimizə, tariximizə səyahətin sehrli ünvanı, Azərbaycan xalqının qayım-qədim xalq olduğunun faktlarla sübut olunmuş inikasıdır.
Odlar yurdunun doğma qucağında yerləşən Azıx mağarası ən qədim insanlıq məskəni olmaqla yanaşı, həm də düşmənlərimizə göz dağı, milli köklərlə bağlı olduğumuz müqəddəs tarixi abidəmizdir...
Novruz ərəfəsində, təbiətin oyanışının coşqusunu yaşadığımız bu bayram günlərində Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin də məhz bu tarixi yaradılış yerimizə səfəri təsadüfi deyildi.
İlham Əliyev qalib sərkərdə kimi Azıx mağarasına baş çəkərək başlanğıcımızın, yaradılışımızın, milli köklərimizin, təməlimizin var olduğu bu ulu məkandan Qarabağa möhtəşəm dönüşümüzün təntənəsini bütün dünyaya bəyan etdi. Azərbaycan xalqına məxsus bu qədim insan məskənini saxtalaşdırmağa, özününküləşdirməyə cəhd edən mənfur düşmənlərə bir daha mesaj verdi, bu torpaqlarda əzəldən var olan əsl sahiblərinin qayıdışını çatdırdı: “Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik”.
Bu qədim düşərgə Xocavənd rayonunun Azıx kəndində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir. Azıx mağarasının arxeoloji tədqiqatları tarixçi alim-arxeoloq Məmmədəli Hüseynovun adı ilə bağlıdır. Onun 20 ilədək apardığı tədqiqatlar göstərib ki, Azıx mağarasında və onun ətrafındakı Quruçay dərəsində həyat 2 milyon il əvvəl başlamışdı. 1968-ci ildə M.Hüseynov tərəfindən aşkarlanmış Azıx adamının alt çənə sümüyü Azərbaycanın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu təsdiq edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilib və yaşına görə dünyada dördüncü, Avropada ikinci və keçmiş sovetlər məkanında isə birinci sırada dayanır.
Mağara on arxeoloji təbəqədən ibarətdir. Tarixi dövrlə bağlı ən qədim arxeoloji tapıntılar Azıx mağara düşərgəsinin VII-X təbəqələrindən aşkar olunub. Tapıntılar arasında 700 min il əvvələ aid 4 ocaq izi, ilkin dini ayinləri əks etdirən nadir qalıqlar və s. əldə edilib. Düşərgənin VII-X təbəqələrindən aşkar olunmuş tarixi tapıntılar, maddi-mədəniyyət nümunələri kompleks halda Quruçay mədəniyyəti adlanır. Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə uyğunluq təşkil edir.
Təəssüf ki, Ermənistan tərəfindən işğal olunan torpaqlarımızda yerləşən digər tarixi, dini, mədəni abidələrimiz kimi, Azıx mağarası da vandalizmə, saxtalaşdırmaya məruz qalıb. Ermənilər mağarada Azərbaycan izlərini itirmək, eyni zamanda onu özlərinin tarixi ilə bağlamaq üçün qeyri-qanuni olaraq arxeoloji tədqiqatlar aparmaq üçün xarici ölkələrdən alimlər dəvət ediblər.
Azərbaycan hərbçiləri Xocavənd rayonunun işğaldan azad edilmiş Azıx kəndindəki evlərdən birinə baxış zamanı üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar etmişdilər. Məlum olmuşdu ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, Paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar qablaşdırılıb.
2020-ci il noyabrın 9-da Ali Baş Komandan İlham Əliyev işğaldan azad edildiyini açıqladığı 23 kəndin arasında Xocavəndin Azıx kəndinin də adını eşitdikdə Azərbaycan xalqının qüruru, sevinci ikiqat artmışdı. Nəhayət ki, illərdir düşmən əlində vandalizmə məruz qalan ulu əcdadlarımızın müqəddəs yurdu da azadlığına qovuşmuşdu.
Martın 15-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Füzuli və Xocavənd rayonlarında oldular. Səfər zamanı Azıx mağarasına da baş çəkdilər. Ali Baş Komandan Azıx mağarasını onu düşmən caynağından xilas edən müzəffər sərkərdə kimi ziyarət etdi. Dağların zirvəsindəki bu ulu məskənimizdə qətiyyətlə “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” haqq nidasını səsləndirərək bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlərin burada qanuni yollarla tədqiqatlar aparacaqlarını söylədi.
Dövlət başçısının müasir sivilizasiyanın inkişafa başladığı, qürurverici tarixi başlanğıcımızın bərqərar olduğu ən qədim insan və mədəniyyət məskənlərindən olan Azıx mağara düşərgəsinə qalibiyyət səfəri ilə sanki bütün xalqımız illərdir ayrı qaldığı başlanğıcına qayıtdı, yaradılışına qovuşdu, milli köklərindən yenidən doğuldu, ruhuna təzəlik çiləndi...
Yasəmən MUSAYEVA,
“Azərbaycan”