Daşkəsən rayonunda 2015-ci ilin birinci yarısında qarşıda duran bütün vəzifələr uğurla icra olunmuşdur
Bu gün Daşkəsən rayonunda 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, biz buraya Daşkəsən rayon ictimaiyyətinin nümayəndələri rayonumuzda 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri müzakirə etmək üçün toplaşmışıq. 2015-ci ilin birinci yarısı bütövlükdə respublikamız üçün, o cümlədən Daşkəsən rayonu üçün də çox uğurlu olub və bir çox sahələrdə əhəmiyyətli nəticələr əldə edilib. Əksər sahələrdə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra demişdir :
- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin sədrliyi ilə iyulun 13-də Prezident sarayında, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Prezident cənab İlham Əliyev iclası giriş nitqi ilə açaraq demişdir :
-Yekunlar çox müsbətdir. Azərbaycan uğurla inkişaf edir. İnkişaf dinamik xarakter daşıyır və deyə bilərəm ki, altı ay ərzində əldə etdiyimiz uğurlar tarixi uğurlardır. ...Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da, tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir...
Azərbaycanda inflyasiya aşağı səviyyədədir - 3,5 faiz. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artmışdır. Kənd təsərrüfatı 7 faizdən çox artmışdır, daha doğrusu, 7,3 faiz. Bu da son illər ərzində ən yüksək artım tempidir. Bu da görülən işlərin nəticəsində mümkün olmuşdur. Bu da müsbət haldır, çünki yenə də göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev nitqinə davam edərək vurğuladı ki, respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2015-ci ilin birinci yarısında bir çox işlər görülmüş və nailiyyətlər əldə olunmuşdur. Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artmışdır.
2015-ci ilin birinci yarısında sənaye üzrə 2 milyon 206 min manat (əvvəlki ilə nisbətən 1,7% çox), kənd təsərrüfatı məhsulları 9 milyon 403 min manat (0,5% çox), nəqliyyat üzrə 1 milyon 352 min manat (5,5% çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 7 milyon 999 min manat (6,5% çox) olmuşdur.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra qeyd etdi ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması məqsədilə Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərov 2015-ci il 29 aprel tarixində Daşkəsən şəhərində Gəncə şəhər, Daşkəsən, Göygöl, Gədəbəy və Samux rayonlarından olan vətəndaşları, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov isə 2015-ci il 19 iyun tarixində Daşkəsən şəhərində Gəncə şəhər, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul etmişlər.
Qəbullarda aidiyyəti üzrə müraciətlərin həlli üçün müvafiq tapşırıqlar verilmiş,bəzi müraciətlər aidiyyəti üzrə qurumlara göndərilmək üçün qeydiyyata alınmışdır.
2015-ci ilin 6 ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da bu sahədə işlər davam etdirilməkdədir.
Yeni yaradılacaq kənd təsərrüfatı idarəsinin inzibati binasının, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasının, Qabaqtəpə-Astaf avtomobil yolunda 2 ədəd körpünün tikinti işləri davam etdirilir.
Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə də Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.
Sərəncama əsasən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcəkdir.
Cənab Əhəd Abıyev 2015-ci ilin birinci yarısında rayonda bütün sahələrdən danışaraq səhiyyə sahəsinə də xüsusi olaraq toxunmuşdur. O bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2015-ci ilin fevral ayının 2-dən 01 may 2015-ci il tarixə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil edilmişdir. Həmin tapşırığa əsasən Daşkəsən rayon mərkəzi xəstəxanasında 21635 nəfər tibbi müayinədən keçmiş, 22 nəfər müxtəlif xəstəliklərdən Bakı şəhərinə göndərilmiş, 240 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının stasionar müalicəsinə cəlb olunmuş, 582 nəfərə isə ambulator müalicə yazılmışdır.
Tibbi müayinədən keçən Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Rayonumuzun bütün daxili yollarının, körpülərin əsaslı təmir üzrə Rayon İcra Hakimiyyəti tərəfindən Respublika Nazirlər Kabinetinə, baş nazirə kompleks layihə təklifləri işlənib təqdim olunmuşdur.
3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu tədbirin həyata keçirilməsi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na daxil edilmişdir.
Bu gün “Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. Belə ki, “Yeni Daşkəsən” layihəsi ilə əlaqədar şəxsən ölkə başçımıza, baş nazirə, aidiyyəti nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunmuş və icrası ilə daimi nəzarətdə olmaqla əlaqələr saxlanılır. Artıq Azərbaycan Respublikasının Nazirlər Kabinetində müvafiq qaydada baxılaraq yeni layihədə qaldırılan məsələlərin həlli barədə aidiyyəti üzrə nazirliklər, digər qurumlar tərəfindən yazılı surətdə müsbət rəylər alınmışdır. Hazırda həmin istiqamətdə işlər davam etdirilir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncaq iştirakçılarına cari ilin 6 ayı ərzində əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqəsədilə daxili imkanlar hesabına görülən bir sıra təmir-bərpa, yenidənqurma işləri barədə də məlumat vermişdir.
Daşkəsən şəhəri üzrə 0,4 kv-luq hava EVX-lərinin SİP kabellə əvəz olunmasına başlanmış, rayon ərazisində müasir tipli 6/0,4 kv-luq trasformator məntəqələrinin və yeni 35/6 kv-luq şəhər yarımstansiyasının, eyni zamanda tikintisi dayandırılmış 35 kv-luq Əhmədli EVX-nin tikintisinə başlanılmışdır.
Yerlərdə elektrikverici xətlərin təmir edilməsinə və yeni müasir tipli kabelin çəkilməsinə, başlanılmasına ehtiyac vardır.
Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 4 yaşayış məntəqəsi təbii qazla təmin olunur.“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin 29 dekabr 2014-cü il tarixli ilə məktubu ilə 2015-ci ildə Daşkəsən rayonunun Xoşbulaq, Qazaxyolçular, Zağalı və Qaraqollar kəndlərinin qazlaşdırılmasının nəzərdə tutulduğu bildirilmişdir.
2015-ci ilin may ayının 15-də Azərbaycan Hökuməti ilə Islam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə başlanılmışdır. Daşkəsən şəhərində həmin layihə üzrə 2 x 500 m3 su tutumu olan yeni içməli su anbarının təməlqoyma mərasimi keçirilmişdir.
Bu layihə üzrə bir sıra işlər görülmüşdür. Belə ki, rayonun Qarainək adlanan ərazisindən su xəttinin çəkilməsi üçün servis yolları hazırlanmış, yükləmə kamerasının təməli qazılır, 2 saylı nasos stansiyasında və 2 saylı 75 m3 –lik tənzimləmə anbarında dəmir beton işləri görülür.Eyni zamanda 2 saylı təzyiq qırıcının və 2 saylı anbarın təməli qazılır. 2 ədəd 1000 m3 –lik 1 saylı anbarın dəmir beton işləri görülür.
Hazırda həmin sahə üzrə 100 nəfər (bunun 60 nəfəri Daşkəsən rayon sakinləridir) işçi çalışır.Gələcəkdə işçilərin sayının 170 nəfərə çatdırılması nəzərdə tutulmuşdur.
Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilmişdir.
Çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində inanırıq ki, Daşkəsən rayonu 2015-ci ildə də özünün ən sürətli inkişaf dövrünü yaşayacaqdır.
Cənab Əhəd Abıyev öz hesabatında cari ilin keçən dövrü ərzində rayonda keçirilən bir sıra mədəni kütləvi tədbirlərdən də geniş söz açaraq bildirmişdir ki, Daşkəsən şəhərinin yaradılmasının 67-ci ildönümü və Novruz bayramı münasibətilə geniş tədbir keçirilmişdir. Bayram münasibətilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilmiş və onlara Novruz sovqatları aparılmışdır.
Eyni zamanda 26 iyun Silahlı qüvvələr günü münasibətilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgərlərə konsert verilmiş və onlara hədiyyələr aparılmışdır.
İyulun 13-də Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində demişdir: “Əlbəttə ki, Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün, Avropa üçün tarixi hadisə idi. Biz bu şərəfli missiyanı öz üzərimizə götürmüşük və bunu ən yüksək səviyyədə keçirmişik. Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilib. Bu, ölkəmizin gücüdür, potensialıdır. Ən sevindirici hal ondan ibarətdir ki, idmançılarımız bizi sevindirib və komanda hesabında ikinci yerə çıxıblar. Onlar 21-i qızıl olmaqla 56 medal qazanıblar və sübut ediblər ki, Azərbaycan idman dövlətidir, Azərbaycan güclü dövlətdir. Bütün qurumlar çox fəal işlədilər, təşkilat, təhlükəsizlik, nəqliyyat məsələləri, obyektlər, idman qurğuları, könüllülər, yəni, hər şey ən yüksək səviyyədə həll olunmuşdur. Bu, doğrudan da bizim böyük qələbəmizdir.
Biz ölkəmizlə, xalqımızla fəxr edirik və uğurla irəliyə gedirik”.
Sevindirici haldır ki, İlk Avropa Oyunlarının məşəli cari ilin may ayının 16-da Daşkəsən şəhərində alovlandırılmışdır. Bu tədbir yüksək səviyyədə təşkil olunmuş və keçirilmişdir.Tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə İlk Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən rayonumuza “Xatirə” medalı verilmişdir.
Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. İcazə verin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün daşkəsənlilər qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq!
Azərbaycan xalqının yeganə əvəzsiz lideri olan cənab İlham Əliyevə eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra Daşkəsən Rayonu üzrə Maliyyə İdarəsinin sektor müdiri Rəşad Həsənov, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev və Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və digərləri daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.
Hesabat yığıncağında Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısının müavini Namiq Süleymanova Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2015-ci il tarixli sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalını təqdim etmişdir.
Namiq Süleymanov dövlət qulluqçularına göstərdiyi ali diqqət və qayğıya görə ölkə Prezidentinə ürəkdən öz dərin minnətdarlığını, bundan sonrakı dövlətçilik fəaliyyətində daha da məsuliyyətli olacağını, bu etimadı şərəflə doğruldacağını bildirmişdir.
Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Sahib Əhmədov,
Respublika Jurnalistlər Birliyinin üzvü.