Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə sahibkarlara Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər verilmişdir

23 iyul 2015 | 15:00

23 iyul 2015-ci il tarixdə Gəncə-Qazax iqtisadi rayonu üzrə Daşkəsən rayonunda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilmişdir.
Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi sahəsindəki tədbirlərini davam etdirmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Abdullayev Şirzad Əyyub oğlunun da iştirakı ilə  keçirilən forumda rayonda olan sahibkarlar, fermerlər və iş adamları iştirak etmişlər.
Forumun açılışını edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının müavini Namiq Süleymanov dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlar kimi, Daşkəsənin də sürətlə inkişaf etdiyini bildirərək, rayonumuzda yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd etdi.
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov çıxış edərək, dövlət başçısının uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində regionların inkişafına böyük önəm verildiyini, sahibkarlığın daha da inkişaf etdiyini vurğuladı. O bildirdi ki, hazırda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir, regionlarda yeni müəssisələr və iş yerləri açılır, sahibkarlıq fəaliyyəti daha da genişlənir. Samir Hümbətov sahibkarların maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin öyrədilməsi, həmçinin sahibkarlara tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi sahəsində Fondun həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verdi.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə tədbir iştirakçılarını tanış etdi. O qeyd etdi ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondu yeni yanaşma prinsiplərini davam etdirərək rayon üçün xarakterik olan kartofçuluğun, arıçılığın, heyvandarlığın inkişafı və kiçik istehsal müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflər gözlədiyini bildirdi.
Şirzad Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və yeni internet səhifəsi barədə məlumat vermişdir. Bildirilmişdir ki, yeni tətbiq olunan sistemin köməyi ilə artıq sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər. Belə ki, sahibkarların güzəştli kredit almaq üçün müraciətindən başlamış, kredit vəsaitinin onun bank hesabına ödənilməsinədək bütün proses elektron qaydada həyata keçiriləcəkdir. Sahibkarlar bu imkanı Fondun rəsmi internet səhifəsinə – www.anfes.gov.az daxil olmaqla əldə edə bilərlər. Yeni system vaxt itkisinin qarşısının alınmasına, izafi xərclərin aradan qaldırılmasına kömək edəcək.
O cümlədən, tədbirdə sahibkarlar üçün treninqdə keçirilib. Treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilmiş, güzəştli kreditlərin əldə olunması proseduru, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər və müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin hazırlanmasına dair tövsiyə xarakterli materiallar təqdim edilib. Tədbirdə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Daşkəsən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə yerli icra hakimiyyəti nümayəndələri və sahibkarlarla məsləhətləşmələr aparılıb. Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Daşkəsən və ətraf rayonlarda fəaliyyət göstərən ümumilikdə 55 sahibkarlıq subyektinə 757 min manat güzəştli kreditlər verilib ki, onlardan 21 sahibkarlıq subyekti 274 min 500 manat olmaqla Daşkəsən rayon sahibkarları olmuşdur. Qeyd edək ki, bu kreditlər hesabına  rayonda yeni istehsal müəssisələrinin və yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər