Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən 46 il ötür
Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən 46 il ötür
14 iyul 2015-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 46-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masada rayon ictimaiyyətinin fəalları,YAP üzvləri,idarə və müəssisə,təşkilat rəhbərləri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə əbədiyaşar ulu öndərin Daşkəsən şəhərinin mərkəzində ucalan abidəsi önünə tər çiçək dəstələri düzmüş, dahi liderə böyük ehtiram və hörmətlərini bildirmişlər.
Sonra tədbir Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında dəyirmi masa arxasında davam etdirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısının müavini Cavanşir Qocayev dəyirmi masada giriş nitqi söyləyərək bildirmişdir ki, əbədiyaşar liderin ömür yolu, həyat məktəbi vətənini, torpağını sevən hər bir azərbaycanlı üçün örnəkdir,nümunə məktəbidir. 1969-cu ilin iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 13 il ərzində respublikanın SSRİ-də qabaqcıl mövqeyə çıxmasına nail olub.
Heydər Əliyevin qarşısında, həmin dövrdə onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəgəl onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqçıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək.
Cavanşir Qocayev daha sonra vurğuladı ki, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bütün bunlar və xeyli digər məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin nəhəng fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən dəyişdi, bütün infrastrukturu yenidən quruldu, kənd təsərrüfatı modernləşdirildi, respublikanın qədim paytaxtı intibah dövrü keçirdi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə başladı.
Heydər Əliyevin sayəsində Stalin istibdadının qurbanları olan Mikayıl Müşviq, Hüseyn Cavid kimi gökəmli şairlər və digər yaradıcı adamlar unutqanlıq əsarətindən qurtuldu.
Azərbaycan neft-maşınqayırma, məişət kondisionerləri, elektrik mühərrikləri, elektrotermik avadanlıq, soyuducular, sintetik kauçuk, elektrik kabelləri, boru prokatı və başqa məhsullar buraxılışı sahəsində sabiq SSRİ-də qabaqcıl mövqelərə çıxdı. Respublikada sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəldi: kompyuterlər, elektronika cihazları istehsal edən zavodlar. Azərbaycan ən böyük üzüm, tezyetişən tərəvəz, çay, tütün istehsalçısı oldu. Xəzərin nadir balıq sərvətləri nəzərə çarpacaq dərəcədə artdı, vaxtilə istifadəsiz qalmış Abşeron təpələrinin yamaclarında təzə parklar və meşələr salındı.
Bunlarla yanaşı xalqın həyatının mahiyyətini təşkil edən bütün elementlərin sağlamlaşdırılmasına yönəldilmiş digər işlər də aparılırdı.
Daha sonra dəyirmi masada YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxış edərək vurğuladı ki, minlərlə gənc təhsil almaq üçün ölkənin ən yaxşı ali məktəblərinə - Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə, Voronejə göndərilirdi. Bu nəslin üzərinə Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problem və məsələlərini həll etmək vəzifəsi düşürdü. 70-80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq, düzlük, doğruluq, xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formalaşma dövrüdür. Liderin taleyi və xarakteri sanki millətin taleyi və xarakterinə də sirayət etmişdi.
Zəngin təcrübə, böyük təşkilatçılıq bacarığı gördüyü işlərin sayəsində keçmiş Sovetlər birliyinin bütün guşələrində böyük hörməti olan Heydər Əliyev Sovet İttifaqı Kommunist partiyasının Siyasi Bürosunun üzvü seçilmiş, həmin dövrdə SSRİ-nin ən yüksək postlarında biri olan SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuşdur. 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev ölkəni parçalanmaqdan, məhv olmaqdan qorumuş, xalqımızın xilaskarına çevrilmişdir. Ümummilli lider bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük strateji layihələrin həyata keçirilməsinə başlamışdır. Heydər Əliyev əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün Azərbaycan müstəqil ölkə olaraq regionda söz sahibidir. Məhz Azərbaycan dövlətinin iştirakı və razılığı olmadan regionda heç bir beynəlxalq əhəmiyyətli layihəni həyata keçirmək mümkün deyildir. Ölkəmiz beynəlxalq əhəmiyyətli yarışlara və tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir.
Bizi uğurlardan-uğurlara, qələbələrdən-qələbələrə aparan məhz ədəbiyaşar ulu öndər Heydər Əliyevin yüz illərə hesablanmış daxili və xarici siyasətidir.
Daha sonra tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Malik Ələsgərov, Heydər Əliyev Mərkəzinin məsul işçisi İlahə Cəlilova və rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov ulu öndərin həyat və fəaliyyəti barədə çıxış etdilər.