Daşkəsən rayonunda Dövlət qulluqçularının peşə bayramı və Silahlı Qüvvələr günü xoş xatirələrlə yadda qaldı
Daşkəsən rayonunda Dövlət qulluqçularının peşə bayramı və Silahlı Qüvvələr günü xoş xatirələrlə yadda qaldı
Bu gün Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayonda olan dövlət qulluqçularının iştirakı ilə 23 iyun Dövlət qulluqçularının peşə bayramı günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Dövlət qulluqçuları Ülu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzdükdən sonra təzə istifadəyə verilmiş İcra Hakimiyyətinin inzibati binasında tədbiri davam etdirmişlər.
Ümumrayon tədbirində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev 23 iyun Dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, dövləti fəaliyyətlərində uğurlar arzulayaraq demişdir:
- Əziz və hörmətli dövlət qulluqçuları!
Bildiyiniz kimi, hər il 23 iyun ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilmişdir. Azərbaycanda çalışan dövlət qulluqçuları indi 10-cu dəfədir ki, öz peşə bayramlarını qeyd edirlər.
Dövlət qulluqçularına dövlətimiz tərəfindən həmişə diqqət və qayğı ilə yanaşılır, onlara yüksək səviyyədə fəaliyyət göstərmələri üçün aidiyyəti üzrə müvafiq qanunvericilik aktları qəbul edilərək hər cür lazımi şərait yaradılır.
Çox sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2015-ci il tarixli sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Namiq Səftər oğlu Süleymanov “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunmuşdur.
Biz bu yüksək mükafatla təltif olunması münasibətilə Süleymanov Namiq Səftər oğlunu səmimi qəlbdən təbrik edir, ona bu məsul və şərəfli vəzifədə yeni-yeni uğurlar arzulayırıq.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışına davam edərək qeyd etdi ki, hazırda rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda 175 nəfər dövlət qulluqçusu çalışır. Dövlət qulluqçuları əsasən öz vəzifələrini layiqincə yerinə yetirir və rayonun bütün ictimai-siyasi həyatında və mədəni-kütləvi tədbirlərində fəal iştirak edirlər.
Əminik ki, dövlət qulluqçuları bundan sonra da onlara göstərilən etimadı layiqincə doğruldacaq, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, qarşıda duran bütün vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini sərf edəcəklər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi “Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir.”
Möhtərəm Prezidentimiz həmişə xüsusi qeyd edir ki, mən xalqımın bir nömrəli xidmətçisiyəm.
Biz də möhtərəm Prezidentimizin əsgərləri olaraq onun şəxsi nümunəsindən öyrənməli, xalqa xidmət işimizi günbəgün təkmilləşdirməli və yaxılaşdırmalıyıq.
Eyni zamanda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev çağdaş, sivil, demokratik vətəndaş cəmiyyətinin tələblərinə tam cavab verən dövlət idarəçiliyi sisteminin daim inkişaf etdirilməsi üçün dövlət qulluqçularının qarşısında əlavə vəzifələr də qoymuşdur. Belə ki, hər bir dövlət qulluqçusu dünyada gedən qlobal proseslərdən xəbərdar olmalı, informasiya texnologiyalarını, demokratik idarəçilik metodlarını mənimsəməli, müasir düşüncə sahibi olmalıdır.
Bir daha rayonumuzda olan dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edir, onlara ən xoş arzularımı bildirirəm.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu çıxışından sonra Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Cavanşir Qocayev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, dövlət qulluqçularına yaradılan şəraitə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra söz yaxın vaxtlarda İstanbul şəhərində “Aikido” idman növü üzrə keçirilən imtahan-seminarında 1-ci Dan qara kəmər səviyyəsinə yüksəlmiş Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbin məzunu, ADA Universitetinin Beynəlxalq əlaqələr fakultəsinin 2-ci kurs tələbəsi Əhəd Namiq oğlu Süleymanlıya verilmişdir. O, qeyd etmişdir ki, 23 may 2015-ci il tarixdə Türkiyənin İstanbul şəhərində “Aikido” idman növü üzrə keçirilən imtahan-seminarında Azərbaycanın “Sakura Aikido” məktəbinin 11 nəfər yetirməsi 17 ölkə arasında əzmkarlıq göstərərək “Dan” səviyyələrinə yiyələnmişlər. Keçirilən bu imtahan-seminarda idmançılar arasında ADA Universitetinin Beynəlxalq əlaqələr fakultəsinin 2-ci kurs tələbəsi kimi mən də var idim. 5 saat davam edən bu imtahan-seminarda AİKİKAİ Təşkilatının Azərbaycan, Türkiyə, Misir və Filippin üzrə koordinatoru 7-ci Dan qara kəmər sahibi Şixan Kenji Kumaqai tərəfindən 1-ci Dan qara kəmər səviyyəsinə yüksəlmişəm.
Fürsətdən istifadə edib, dövlət qulluqçularının peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, Türkiyədə Azərbaycan bayrağının yüksəklərdə dalğalandırdığıma görə fəxr duyur və iftixar hissi keçirirəm.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gənclərə və idmana göstərdiyi böyük diqqət və qayğı bir gənc azərbaycanlı kimi məni də sevindirir, ölkəmizin gələcək inkişafı naminə yeni-yeni qələbələrə ruhlandırır.
Dövlət qulluqçularının peşə bayramı günü ilə bağlı ümumrayon tədbirinin iştirakçıları “N” saylı hərbi hissəyə yola düşmüşlər. Hərbi hissədə 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə bayram tədbiri keçirilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev tədbirdə əsgərlər qarşısında çıxış edərək onları öz adından və Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin, Korpus komandiri Rövşən Əkbərovun adından əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik etmiş, yaxın vaxtlarda düşmən üzərində qələbə sorağının alınacağını bildirmişdir.
Cənab Əhəd Abıyev çıxışında qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin gərgin əməyi və misilsiz xidmətləri nəticəsində müstəqil respublikamızın suverenliyi və ərazi bütövlüyünü düşmən təcavüzündən qorumaq iqtidarında olan, qarşısına qoyulan hər bir tapşırığı yüksək səviyyədə yerinə yetirən qüdrətli ordumuzun yaradılması və inkişaf etdirilməsi ilə suveren Azərbaycan dövlətinin dünyanın siyasi səhnəsində öz yerini almasına zəmin yaratmışdır.
Ulu öndərin ideyalarını layiqincə yerinə yetirən, ordu quruculuğu sahəsində öz səylərini daha da artıran möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam intizamı, döyüş rühu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşdırılmasına nail olmuşdur.
Biz Azərbaycan ordusu və əsgəri ilə fəxr edirik, qürur duyuruq. Vətəni qorumaq kimi müqəddəs bir vəzifəni layiqincə yerinə yetirmək üçün siz daim öz peşəkarlığınızı artırmalı, bilik səviyyənizi yüksəltməli, döyüş texnikası və silahla davranma və onlardan istifadə qaydalarını dərindən öyrənməlisiniz. Siz hər an bir-birinizə dost-qardaş, arxa-kömək olaraq düşmən üzərində qələbə çalmaq əzmində olmalısınız.
Bu əziz gündə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan silahdaşlarınızı böyük hörmət və ehtiramla yad edir, onların intiqamını tezliklə alacağınıza əmin olduğumu bildirirəm. Bir daha bayramınızı təbrik edirəm.
Yaşasın qüdrətli, yenilməz Azərbaycan ordusu!
Azərbaycan əsgərinə eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin təbrik nitqindən sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə müdiri Mahir Əhmədov çıxış etmiş, əsgər və zabit heyətinə bayram təbriklərini çatdırmışdır.
Daha sonra Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən göndərilən qiymətli hədiyyələri Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev əsgərlərə təqdim etmişdir.
Bayramda həmçinin hazırda hərbi xidmət keçən əsgər valideynləri çıxış etmiş, hərbiçilərə təbriklərini çatdırmış, yaradılan yaxşı şəraitə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Tədbir Daşkəsən rayon incəsənət ustalarının torpaq, vətən və Qarabağ haqqında musiqi nömrələri ilə davam etdirilmişdir.
Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü