Daşkəsəndə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov vətəndaşları qəbul etdi
Daşkəsəndə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov vətəndaşları qəbul etdi
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən nazirlik və komitə rəhbərləri tərəfindən respublikanın müxtəlif bölgələrində vətəndaş qəbullarının keçirilməsi davam etdirilir.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 19 iyun 2015-ci il tarixində Daşkəsən şəhərində növbəti vətəndaş qəbulu keçirib. Qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak ediblər. Müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub. Vətəndaşların bir qismi onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə çıxarış alınması ilə bağlı müraciət ediblər. Bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, işlə təmin olunma və komitənin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı köməklik göstərilməsi barədə də müraciətlər səslənib.
Komitə sədri vətəndaşlara bildirib ki, artıq mülkiyyət hüquqlarının tənzimlənməsi və daşınmaz əmlakın qeydiyyatında vahid idarəçilik tətbiq edilir. Qeyd olunub ki, bu yeniliyin məqsədi qeydiyyat sahəsində vətəndaşlara göstərilən xidmətlərdə operativliyin və şəffaflığın artırılmasıdır.
Komitə sədri bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstəriş verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı hüquqi tələblər izah olunub.Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb.Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti üzrə müvafiq quruma göndəriləcəyi bildirilib.
Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Qeyd edək kı, vətəndaş qəbulunun keçirilmə tarixi və yeri barədə öncədən komitə saytında və mətbuatda məlumat verilib.