Azərbaycanın ərazi bütövlüyünü bərpa edən LİDER
İlham Əliyev müdrik rəhbər və Müzəffər Ali Baş Komandan kimi Vətən müharibəsinin qəhrəmanıdır.
Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 17 ildə isə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.
Modern silahlara və döyüş imkanlarına malik ordu
Ordu dövlətin təməl prinsiplərindən biri, təhlükəsizliyinin əsas təminatçısıdır. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektiv vəzifələr barədə danışan Prezident İlham Əliyev demişdi: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
Ötən 17 ildə Azərbaycanın müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində olan bütün qoşunlarda həyata keçirilən islahatlar İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Bu illərdə İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan ilk növbədə ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli və məqsədyönlü iş aparılıb. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan ən əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətinin artırılması idi.
Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olduğunu yalnız yerli deyil, xarici mütəxəssislər də təsdiq edirlər. Reytinq agentliklərinin hesabatlarında Azərbaycan güclü orduya malik ölkələr sırasında yer alır. Ölkə vətəndaşları və beynəlxalq ictimaiyyət ordumuzda baş verən keyfiyyət dəyişikliklərini hərbi paradlarda da görmüşdülər. Təsdiq olunmuşdu ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu arsenalını modern silah və hərbi texnika ilə zənginləşdirir, müasir döyüş imkanlarını uğurla mənimsəyir.
Düşmənin belini qıran, başını əzən dəmir yumruq
44 günlük Vətən müharibəsi isə ordumuzun qüdrəti barədə söylənənlərin praktik təsdiqi oldu. Düzdür, 2016-cı ilin aprelində və bu ilin iyulunda qısamüddətli döyüşlər baş vermişdi. Həmin vaxtlarda ordumuz işğalçıya sarsıdıcı zərbələr endirərək, onu geri çəkilməyə məcbur etmişdi. Vətən müharibəsi isə Ermənistanın Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın olunması və işğal altında qalan ərazilərimizin azad edilməsi ilə nəticələndi.
Ermənistanın sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks hərbi-əməliyyatlara başlamasına səbəb oldu. Əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad edildi. Tezliklə Ermənistanla dövlət sərhədinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavənd, Xocalı, Laçın, Tərtər rayonlarının kəndlərinin azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Cəbhənin elə bir sahəsi olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqeləri yarılmasın. Bununla yanaşı, əsas olan odur ki, bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Hansı hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar.
Şuşanın azad olunması isə döyüşlərin kulminasiya nöqtəsi oldu. Bütün Azərbaycan xalqı ordumuzdan Qarabağın tacı olan Şuşanın azad edilməsini gözləyirdi. Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşanın azad edilməsini bəyan etməsi Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər yürüşünün pik nöqtəsi oldu. Şuşanın azad edilməsi ilə Ermənistan İlham Əliyevin şərtlərinə uyğun olaraq kapitulyasiya, məğlubiyyət aktına imza atdı.
Dekabrın 10-da keçirilən Azərbaycan Ordusunun Zəfər paradında Prezident, Ali Baş Komandan bununla bağlı deyib: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi”.
İlham Əliyev ən ali dövlət təltiflərinə layiqdir
Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi. Beləliklə, İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu.
Bu Qələbə həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar. Bununla da Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı.
Vətən müharibəsi onu da təsdiq etdi ki, işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. İşğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı. Azərbaycan xalqının qalibiyyət salnaməsinin müəllifi olan İlham Əliyev Vətən müharibəsinin qəhrəmanına çevrildi. Ona görə də həm hərb meydanında, həm də siyasi-diplomatik sferada qalib olan Prezident, Ali Baş Komandan İlham Əliyev ən ali dövlət təltiflərinə layiqdir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”