Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycan pandemiyaya qarşı qlobal mübarizəyə mühüm töhfə verir

21 dekabr 2020 | 16:00

Cənab İlham Əliyevin liderlik missiyası koronavirusa qarşı birgə beynəlxalq həmrəyliyi də təşviq edir.
Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi koronavirus sürətlə Yer üzündə yayılmaqda davam edir. Aparılan son statikstikaya əsasən, indiyədək dünyada 76 milyondan çox insan COVID-19-a yoluxub, 1 milyon yarımdan çox insan bu təhlükəli virusdan həyatını itirib. Yoluxmanın 45 faizdən çoxu Şimali və Cənubi Amerikanın payına düşür, digər yerləri isə Avropa, cənub-şərqi Asiya bölüşür.
Hazırda COVID-19 xəstəliyinin sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artımın baş verməsi bütün dünya üçün ən ciddi problem olaraq qalmaqdadır. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün sərtləşdirilmə istiqamətində addımlar atılır.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19-a yoluxma hallarında əvvəlki aylarla müqayisədə artım müşahidə olunmaqdadır. Buna görə də ölkəmizdə son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq virusun yayılmasının qarşısının alınması məqsədilə bir sıra addımlar atılıb, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dekabrın 14-dən gələn il yanvarın 18-dək sərtləşdirilmiş karantin tədbirlərinin tətbiqinə başlanılıb.
Azərbaycan ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görübKoronavirusun ilk üzə çıxdığı dövrdən etibarən Azərbaycan ona qarşı ən effektiv mübarizə aparan ölkələrdən olub. Bu ilin əvvəlindən Azərbaycan dövləti tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin səmərəliliyi sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma endirilmiş, görülən qabaqlayıcı tədbirlər nəticəsində istər iqtisadiyyat, istərsə də əhali pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmışdır. Hətta Azərbaycanın pandemiya ilə uğurlu mübarizəsi ÜST tərəfindən dəfələrlə vurğulanmış, digər ölkələrə nümunə göstərilmişdir.
Dekabrın 18-də Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında da bu məsələyə toxunaraq bildirdi ki, Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada bu ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb.
Başa çatmaqda olan ilin dünyada əsas mövzusu pandemiyaya qarşı mübarizə olduğunu söyləyən Prezident məlumat verdi ki, qısa müddətdə ölkəmizdə laboratoriyaların sayı praktiki olaraq 8 dəfə artırılıb, 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib: "Beləliklə biz COVID xəstələri üçün 10 mindən çox çarpayı təqdim etmişik. Həkimlərin çatışmaması da ümumi problem idi, çünki heç bir səhiyyə sistemində xəstələrin sayının bu qədər olacağı nəzərdə tutulmamışdı. Biz həmkar ölkələrlə operativ danışıqlar apararaq 5 ölkədən - İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri dəvət etdik. Bu, xəstələrin müalicə olunmasında bizə xeyli dərəcədə kömək etdi”.

Maliyyə dəstəyi beş milyona yaxın vətəndaşı əhatə edib.

Dövlətimiz qlobal böhranın ölkəmizdə daha az hiss olunması üçün bütün istiqamətlərdə lazımi qabaqlayıcı tədbirlər görür. Qeyd edək ki, karantin rejimi tətbiq olunandan vətəndaşlarımıza diqqət və qayğı göstərilir, maddi yardımlar edilir. Pandemiyadan zərər çəkən sahələrə dəstək göstərilir.
Hazırda bu tədbirlər davam etdirilir və tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardımın göstərilməsi planlaşdırılıb. Eyni zamanda zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi də nəzərdə tutulub.
Prezident İlham Əliyev həmin iclasda bildirdi ki, pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb: "Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib, bu, bizim əhalinin yarısını təşkil edir”.
Artıq koronavirusa qarşı peyvənd hazırlanıb və bəzi ölkələrdə tətbiqinə başlanılıb. Ölkəmizdə də vaksinlərin alınması ilə əlaqədar hazırlıq işləri görülüb, GAVI tərəfindən təsis edilmiş COVAX təsisatına qoşulub. Vaksinasiya isə pulsuz həyata keçiriləcək.
Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bu məsələ ilə bağlı danışan ölkəmizin rəhbəri söylədi ki, indi dünyada vaksinləmə prosesinin başlandığı vaxtda biz də bu prosesə qoşuluruq: "Ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan "Sputnik V”, "AstraZeneca”, "Sinofarm”, "Sinovac”, "Moderna”, "Pfizer BioNTech” kimi firmalarla danışıqlar aparılıb. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq "COVAX” təşəbbüsünə ilk qoşulanlardan biri olub”.

Ölkəmiz beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi çıxış edir.

Vurğulamalıyıq ki, dövlətimiz təkcə öz daxilində deyil, pandemiya ilə qlobal səviyyədə də mübarizə aparır. Çünki Yer üzünün ortaq bəlası olan COVID-19 təhlükəsindən beynəlxalq əməkdaşlıq sayəsində qurtulmaq mümkündür. Elə bu aspektdən yanaşaraq, COVID-19 pandemiyasına qarşı mübarizədə ölkələrin səylərini birləşdirməsi, çoxtərəfli əməkdaşlıq göstərməsi təşəbbüsünü də Azərbaycan irəli sürüb.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə geniş beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi çıxış edib və edir: "...Biz bir sıra ölkələrə və beynəlxalq təşkilatlara maliyyə yardımı və humanitar yardım göstərilməsi proqramında da fəal iştirak etmişik. Biz Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə 10 milyon dollar məbləğində könüllü ianə etmişik. Pandemiyanın birinci günündən etibarən biz bu təşkilatla daim əlaqədə olmuşuq, Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib. Beləliklə, üzvlərinin sayına görə BMT-dən sonra ikinci beynəlxalq təsisata - Qoşulmama Hərəkatına başçılıq etməklə Azərbaycan pandemiyaya qarşı qlobal miqyasda mübarizə işinə sanballı töhfə verir”.
Hazırda dünya COVID-19-a qarşı vaksinləmə işlərinin həyata keçirilməsinə hazırlaşır. Vaksinləmə işlərində ayrı-seçkiliyin olmaması istiqamətində də vətənimiz örnək davranış nümayiş etdirir. Dövlət başçımız hər zaman bütün beynəlxalq forumlarda deyir ki, kifayət qədər maliyyə resurslarına malik olmayan ölkələrin də vaksinlərdən istifadə etmək imkanı inkişaf etmiş ölkələr kimi olsun, bu məsələdə ayrı-seçkilik olmasın.
Bəli, bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan COVID-19 təhlükəsi ilə sadəcə ölkə daxilində deyil, həm də beynəlxalq müstəvidə uğurla mübarizə aparır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin qlobal liderlik missiyası pandemiya ilə beynəlxalq mübarizəyə töhfə verir.

Y.MUSAYEVA, 
"Azərbaycan”

Keçidlər