Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Cənab İlham Əliyev Şahbazı və Dilqəmi azadlığa qovuşdurdu

16 dekabr 2020 | 16:00

Ali Baş Komandan həm onları, həm də Kəlbəcəri erməni girovluğundan xilas etdi.
"Mənim üçün Kəlbəcər, Şaplar ikinci Məkkə, Mədinədir”...
Bu Vətən sevdalı fikirləri 11 il əvvəl, 2009-cu ildə Dilqəm Əsgərov öz ata-baba yurdu Kəlbəcərdə, Şaplar kəndində çəkdiyi videodan bəyan etmişdi. Söyləmişdi ki, düz iki ildir ki, 16 gün ac-susuz öz müqəddəs yurdunu, kəndini, Kəlbəcəri, yaxınlarının məzarını ziyarət edir.
Dilqəm Əsgərovun həmin çəkilişlərində doğma yurdlarının daşını, torpağını, çayını, çəmənini, otunu, çiçəyini həsrətlə, ağrı-acıyla, göz yaşıyla seyr etmişdi on minlərlə kəlbəcərli. Eləcə yanıb-yaxılaraq, intizarla, həsrətlə, qəzəb hissi ilə uzaqdan baxmışdılar viranə qoyulan ata-baba yurdlarına, dağıdılan məzarlıqlarına...
Xəyalən də olsa, sanki köçmüşdülər o yaylaqlara, kadrlardan çapıb keçən Kəlbəcər atlarının yalını sığallamış, gözlərindən öpmüşdülər, durna bulaqlardan su içmiş, dumanlı-çənli dağların, sıldırımların qaşından həsrətlə süzmüşdülər ata-baba yurdlarını...
Bir anlıq da olsa, kəlbəcərli bəxtəvərlər sanmışdılar özlərini...
Bu uca hissləri, qəlblərdəki Vətən sızıltısına məlhəm çəkən görüntüləri isə onlara Kəlbəcərin vətənsevər övladları Dilqəm Əsgərov və Şahbaz Quliyev bəxş etmişdi...
Ata-baba yurdlarına baş çəkməyi, doğmalarının məzarını ziyarət etməyi öz mənəvi hüquqları bilərək, qorxmadan, çəkinmədən yollanmışdılar Kəlbəcərə...

İllərlə vətənlərində həbsdə saxlanılmışdılar

2014-cü ilin iyulunda son səfərləri olmuşdu Kəlbəcərə, öz yurdlarında işğalçı ermənilər tərəfindən saxlanılmışdılar. Həmin vaxt Rusiya vətəndaşları, əslən Azərbaycanın Kəlbəcər rayonundan olan Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən işğalçı Ermənistanın əsgərləri tərəfindən girov götürülmüşdülər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülmüşdü.
İşğal altındakı Dağlıq Qarabağda Dilqəm və Şahbaz üzərində qanunsuz "məhkəmə” qurulmuş, dırnaqarası məhkəmənin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdi.
Onlar illərlə vətənlərində, Şuşada həbsdə saxlanılmış, öz ata-baba yurdlarını, doğmalarının məzarını ziyarət etdikləri üçün mühakimə edilmiş, çox işgəncələrə məruz qalmışdılar...
Qavramlarında Vətən, yurd sevgisi məfhumu olmayan, məzarlara çapıb-talamaq üçün obyekt kimi baxan erməni vandallarının Şahbaz Quliyev və Dilqəm Əsgərovu heç bir əsası olmayan səbəblərlə həbs etməsi, girov saxlaması əsl erməni xislətini nümayiş etdirirdi. Lakin haqq nazilsə də, heç zaman üzülmədi və nahaqqa qalib gəldi.

"Bu sevinci bizə yaşadan Prezidentimizə, o torpaqları alan ordumuza hədsiz minnətdaram”


Düz 6 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun düşmənin başına endirdiyi dəmir yumruq zərbəsi hər iki günahsız vətəndaşımızı - Şahbaz Quliyevi və Dilqəm Əsgərovu da girovluqdan azad etdi. Qeyd edək ki, aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olundu. Dekabrın 14-dən əsir və girovların qarşılıqlı qaytarılması həyata keçirildi. Həmin gün Azərbaycan vətəndaşları olan əsirlərin, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyevin və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edildi. Bu xəbər ildırım sürəti ilə bütün Azərbaycana yayıldı və hər kəsin sevincinə səbəb oldu.
Beləliklə, bu ilin sonuna doğru torpaqlarımızın bir-bir azad olunması, düşmənə qalib gəlməyimiz kimi ardıcıl şad xəbərlərə daha biri əlavə olundu, illərdir girovluqda qalan vətəndaşlarımız Şahbaz Quliyevin və Dilqəm Əsgərovun azad olması ürəyimizə sərin su səpdi...
Bu xəbər girovluqda əziyyət çəkən Şahbaz və Dilqəmin ailələri üçün inanılmaz bayram əhvalı yaratdı, hər biri göz yaşları içərisində bu sevinci onlara yaşatdığı üçün dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını, sonsuz təşəkkürlərini bildirdilər. Qardaşının girovluqdan azad olunması xəbərini eşidən Şahbaz Quliyevin bacısı İradə Quliyeva dedi ki, əgər torpaqlarımız azad ediməsəydi, Şahbazla Dilqəm də girovluqdan xilas ola bilməyəcəkdi: "Bu sevinci bizə yaşadan Prezidentimizə, o torpaqları alan ordumuza hədsiz minnətdaram. Şükür Allaha, bizi qovuşdurdu”.

İndi Kəlbəcəri ziyarət etməyin zamanıdır

Şahbaz Quliyevin anası hələ də oğlunun ermənilər tərəfindən Kəlbəcərdə girov götürüldüyünü bilmirdi. Ailə üzvləri yaşlı ananın ürəyinin dözməyəcəyini nəzərə alaraq bu xəbəri ondan gizlətmişdilər və Şahbazın Rusiyada olduğunu, amma ondan xəbər tuta bilmədiklərini demişdilər. Nigaran ana elə hey bu illər ərzində oğlundan bir xəbər çıxacağını gözləmişdi, amma ala bilməmişdi...
2020-ci ilin dekabrın 14-də isə həmin xoş xəbər bütün elə-obaya sevinc yaşatdı, gözü yolda qalan anaya qol-qanad verdi...
Bəli, girovluqdakı vətəndaşlarımızın hər birinin taleyi daim Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Onların vətənimizə dönməsi üçün beynəlxalq səviyyəli danışıqlar aparılıb, azadlıqlarına qovuşmaları üçün bütün mümkün vasitələrdən istifadə olunub. Nəhayət, Prezident İlham Əliyevin qətiyyəti digər əsirlərlə yanaşı, Şahbaz Quliyevin və Dilqəm Əsgərovun erməni girovluğundan azad olunaraq vətənə gətirilməsini təmin etdi.
Kəlbəcərin işğalı ilə heç zaman barışmayan, doğma ata-baba yurdlarını, yaxınlarının məzarını ziyarət etməyi mənəvi haqları sayan bu iki vətən övladı indi ikiqat sevinclidirlər. Çünki həm özləri, həm də canlarından artıq sevdikləri və qibləgah hesab etdikləri Kəlbəcər, Şaplar eməni girovluğundan, əsirliyindən azad edilib...
İndi isə növbə o müqəddəs yurdun, Kəlbəcəri ziyarət etməyin məqamıdır..


Yasəmən MUSAYEVA,
"Azərbaycan”

Keçidlər