Azərbaycan-Türkiyə birliyi möhkəmlənməkdə davam edir
Bakı və Ankara regional əməkdaşlığa da xüsusi əhəmiyyət verir
Paytaxtımız Bakının dekabrın 10-da şahidi olduğu Zəfər paradının doğurduğu sonsuz həyəcanı həmvətənlərimiz və dostlarımız hələ də yaşayırlar. Bu da səbəbsiz deyil. 30 ilə yaxındır erməni işğalçılarının tapdağından qurtulmuş Vətən torpağı, nəhayət, rahat nəfəs alır, öz sahibinə qayıdaraq canlanma dövrünü gözləyir.
Xalqımız 200 ildir torpaq itirə-itirə gedirdi, tarixi yurd yerlərimiz yağıların əlinə keçirdi. Çoxlarına elə gəlirdi ki, sovet imperiyasının dağılması ilə erməni faşistlərinin əlinə keçmiş Qarabağın üzünü bir daha görmək mümkün olmayacaq, güclü havadarlara arxalanan qəsbkarlar yurd yerlərimizdə at oynatmaqda davam edəcəklər.
Lakin bu dəfə işğalçıların arzusu ürəyində qaldı. Xalqımız dəmir yumruq kimi birləşərək düşmənə həddini göstərdi. Müzəffər Ordumuzun yürüşü zəfərlə nəticələndi və dövlətimizin ərazi bütövlüyü bərpa olundu.
Erməni faşistləri üzərində qazanılmış möhtəşəm qələbənin təntənəsi olan Zəfər paradı bir neçə cəhətdən əlamətdar idi. Bakının mərkəzində - Azadlıq meydanında qalib ordunun əsgərləri ilə yanaşı, qardaş Türkiyənin hərbçiləri də addımlayırdılar. Meydanın tribunasında paradı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə seyr edirdilər. Bu bir daha göstərdi ki, Azərbaycan-Türkiyə birliyi sarsılmazdır, "bir millət, iki dövlət” deyimi adi şüar deyil, reallıqdır və düşmən bunu nəzərdən qaçırmamalıdır.
Beləliklə, Zəfər paradı iki ölkə arasında qardaşlıq bağlarının başqalarının zənn etdiyindən daha möhkəm olduğunu nümayiş etdirdi. Bununla bərabər, irəlidə görüləcək işlər də az deyil.
Azərbaycan-Türkiyə əməkdaşlığınin müqavilə-hüquq bazası kifayət qədər yetərli olsa da, bu bazanı möhkəmlətmək üçün zaman-zaman yeni addımlar atılır.
Xeyli vaxt idi ki, iki ölkə arasında vizaların ləğv edilməsinin zəruriliyi gündəmdə idi. Nəhayət, bu məsələ dekabrın 10-da Bakıda həllini tapdı: Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında bu il fevralın 25-də imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında 1 saylı protokol imzalandı. Bu o deməkdir ki, Azərbaycan və Türkiyə vətəndaşlarının iki ölkəyə səyahət etməsi üçün şəxsiyyət vəsiqəsi kifayət edəcək, viza almaq lazım gəlməyəcək.
Həmçinin Bakıda Azərbaycan və Türkiyənin bir sıra təşkilatları yeni əməkdaşlıq sənədlərinə imza atdı. Belə ki, Bakı Nəqliyyat Agentliyi ilə "BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında anlaşma protokolu, "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi ilə "BMC.AZ” şirkəti arasında anlaşma protokolu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında anlaşma memorandumu, eləcə də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandu imzalandı.
Azərbaycan və Türkiyə liderlərinin Bakıda verdikləri bəyanatlar iki qardaş ölkənin xalqlarının sarsılmaz birliyini ifadə edirdi. Prezident İlham Əliyev dünyaya növbəti dəfə mesaj verdi ki, Azərbaycan Ordusunun qazandığı tarixi zəfər Azərbaycan-Türkiyə birliyinin təcəssümüdür: "Türkiyə və onun Cümhurbaşqanı müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərmişdir. Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli, qiymətli idi, eyni zamanda bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kimsə maneə olmasın, Azərbaycan haqq davasına çıxıbdır, Vətən savaşına çıxıbdır və Türkiyə Azərbaycanın yanındadır. Bu mesaj əslində həmrəyliyin təcəssümü idi, onu göstərdi ki, Azərbaycan öz davasında haqlıdır. Biz tarixi ədaləti bərpa etdik. Biz uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı, bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik”. Dövlət başçısı vurğuladı ki, Azərbaycan və Türkiyəni birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda onların yürütdüyü siyasətdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Prezident nəzərə çarpdırdı ki, "Türkiyənin gücü bizim gücümüzü artırır”. Bu mesaj birbaşa iki qardaş ölkənin düşmənlərinə ünvanlanmışdır. Yəni ki, Azərbaycanı hədəfə alanlar Türkiyəni hədəfə alırlar və ya əksinə. Özü də Bakı və Ankaranın yürütdüyü siyasət heç kimə qarşı yönəlməmişdir. İki ölkə yalnız haqq-ədaləti müdafiə edir, əzilmiş, haqqı tapdalanmış xalqların yanında yer alır.
Bununla yanaşı, Azərbaycan və Türkiyə Qafqazın digər dövlətləri ilə hərtərəfli əməkdaşlığı genişləndirməyə xüsusi əhəmiyyət verir. Məsələn, Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Türkiyə-Rusiya-İran əməkdaşlıq platformaları artıq formalaşmışdır. Azərbaycan və Türkiyə liderləri bütün bu platformaları birləşdirib vahid platforma kimi təqdim etmək istədiklərini dilə gətirdilər. Bu ideya reallaşsa, Cənubi Qafqaz mərkəz olmaqla dünyanın böyük bir regionunda qarşılıqlı faydalı əməkdaşlıq mühiti formalaşar.
Liderlərin irəli sürdüyü vahid regional əməkdaşlıq platformasında beş ölkədən söz açılır. Amma regionda qonşu ölkələrə qarşı davamlı olaraq ərazi iddiaları irəli sürən, qonşularının hesabına "Böyük Ermənistan” yaratmaq xülyası yaşayan Ermənistan Respublikası adlı dövlət də var. Bəs belə bir anormal dövlətlə nə etməli? Azərbaycan və Türkiyə rəhbərləri onu da sözügedən platformada görmək istəyirlər. Lakin Ermənistan indiki davranışı ilə belə bir əməkdaşlıq platformasında yer ala bilməz. Rəsmi İrəvan böyük perspektivlər vəd edən platformaya qoşulmaq üçün əvvəlcə yürütdüyü siyasətə yenidən baxmalı, uduzduğu müharibədən lazımi nəticələr çıxarmalı, əsassız iddialardan əl çəkib gələcəyə baxmalıdır. Ola biməz ki, həm qonşularınla düşmənçilik edəsən, həm də onlarla əməkdaşlıqdan faydalanmaq fikrinə düşəsən.
Türkiyə də Ermənistana münasibətdə oxşar mövqe sərgiləyir. Ankara hesab edir ki, 30 ilə yaxındır davam etmiş Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan ədavətini sülh əvəz etməlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan və Ermənistanın daxil ola biləcəyi altıtərəfli əməkdaşlıq platforması regional sülhün formalaşdırılması üçün yetərli zəmin yarada bilər: "Regional sülhün bu bölgədəki ölkələrə gətirdiyi vəzifələr var. Bu vəzifələrə bir çox infrastruktur, siyasi, diplomatik məsələlər daxildir. Əgər bu istiqamətdə müsbət addımların atılacağı təqdirdə biz də bağlı olan qapılarımızı açarıq. Amma yetər ki, müsbət addımlar atılsın. Bizim də qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi bir dərdimiz yoxdur. Çünki biz sülhün göyərçinləri olmaq istəyirik, sülh addımları atmaq istəyirik. Üstəlik, bizim Ermənistan xalqına kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir”.
Əlbəttə, regional əməkdaşlıq platformasına qoşulub-qoşulmamaq Ermənistan hökumətinin öz işidir. Bu ölkə hələ ki çalxalanır, Azərbaycan Ordusundan aldığı sarsıdıcı zərbədən özünə gələ bilmir. Eyni zamanda erməni siyasətçiləri gah Azərbaycanla münasibətləri normallaşdırmağın vacibliyindən danışır, gah da məğlub olduğu ölkədən intiqam almaq barədə düşünürlər.
Öz növbəsində Bakı və Ankara erməni işğalından qurtulmuş Azərbaycan torpaqlarına yenidən həyat vermək barədə planlar hazırlayır. Artıq konkret layihələr barədə söhbət gedir. Azadlığa çıxmış Azərbaycan torpaqlarında indi infrastruktur layihələri icra edilir, yol, işıq, su çəkilir. Qarabağın və işğaldan azad edilmiş digər ərazilərin dirçəldilməsi işində Azərbaycan və Türkiyə şirkətləri dost ölkələrlə bərabər iştirak edəcək.
Allahverdi MEHDİYEV,
"Azərbaycan”