Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN VƏFATININ 17-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ VİDEOKONFRANS KEÇİRİLİB

10 dekabr 2020 | 16:00

Dekabrın 10-da Daşkəsən Rayon İcra Hakimiyyəti YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə bağlı anım tədbiri keçirib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri qoyulub.
Sonra “Heydər Əliyev – Müstəqil Azərbaycan Dövlətinin Qurucusu” mövzusunda videokonfrans təşkil olunub.
Videokonfransı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev açıq elan edib.
Konfransa Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, partiya fəalları və ictimaiyyət nümayəndələri qoşulublar.
Əhəd Abıyev çıxışında Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, vətənimiz qarşısında böyük tarixi xidmətlərindən danışıb. O nitqində deyib:
- Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməzdir.
Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit siyasət nəhəngi Ulu Öndər Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən, böyük fəxrlə demişdir: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Xüsusilə də, Ulu Öndərin 1993-cü il 15 iyunda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycan dövlət quruluşu kimi tarixə düşdü. Bu qayıdış yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı.
Xalqın son ümid yeri Heydər Əliyev idi. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alaraq, onun strateji mövqelərini bərpa etdi, sabit ölkə imici qazandırdı. Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasını işləyib-hazırladı.
Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bugünkü tarix sübut etdi ki, dahi şəxsiyyətin uzaqgörənliyini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 17 illik prezidentlik fəaliyyəti ilə təsdiqlədi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə real və məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi,
Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin və Laçın rayonunun kəndlərini düşmən əsarətindən azad etdi.
Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Bəli, bu gün Şuşaya nəzarət edən Azərbaycan Ordusu qızıl hərflərlə tarix yazdı. Arzumuz reallıq oldu. Şuşa öz sahibinin oldu.
Bununla da Ermənistan tam tərk-silah oldu. Düşmənin "ağ bayraq" qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Ermənistan Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan kapitulyasiya şərtlərinə razılığını verdi.
Bu bəyanatla Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan azad olundu. Bu haqqın, ədalətin qələbəsidir. Bu Azərbaycan xalqının qələbəsidir. Ali Baş Komandanımızın ətrafında xalqımızın yumruq kimi milli birliyinin qələbəsidir, ərazi bütövlüyümüzün tam bərpasıdır.
Vətən müharibəsində böyük qələbəni qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" – deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Şuşa şəhərinin işğaldan azad olunması barədə sevincli xəbəri xalqımıza  çatdırarkən cənab Prezident dedi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Azərbaycan Prezidentinin həyata keçirdiyi düşünülmüş və qətiyyətli xarici siyasət sayəsində ölkəmizin beynəlxalq əlaqələri güclənib. Məhz bu güc nəticəsində ölkənin potensialının bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi mümkün olub.
Dövlətimizin apardığı düzgün strategiya hesabına problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı. Ermənistan bütün regional layihələrdən təcrid olunub və heç bir perspektivi olmayan dalan dövlətə çevrildi.
Vətən müharibəsində dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət və ordu quruculuğunu tam təsdiq elədi.
Cənab Prezidentin 44 gün ərzində 26 xarici mediaya müsahibələrində münaqişə və hərbi əməliyyatlarla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırması xalqımızın maraqlarının təminatına əsaslanıb.
Dünya şöhrətli Prezidentimiz İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Bu tarixi qələbə, zəfər bayramını bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, igid, rəşadətli əsgər və zabitlərimizdir.
Qarabağ Azərbaycandır!
Ulu Öndərimiz Heydər Əliyevin ideyaları yaşayacaq və həmişə qalib gələcək!
Videokonfransda nitq söyləyən  millət vəkili Elşad Mirbəşiroğlu deyib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev çağdaş tariximizdə müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan görkəmli şəxsiyyət, nüfuzlu rəhbər kimi əbədiyaşarlıq qazanıb. Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan dövləti dünya məkanında özünə layiqli yer tutub.
Çıxış edən YAP rayon təşkilatının sədri Meydanəli Yolçuyev və digərləri də Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müasir, müstəqil Azərbaycan Respublikasının quruculuğu yolundakı şərəfli mübarizəsi barədə fikirlər söyləyiblər.


Elmar  ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər