Daşkəsəndə gənc şair Etibar Salmanovun ““Duyğular dinsin” adlı ikinci şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir
Daşkəsəndə gənc şair Etibar Salmanovun ““Duyğular dinsin” adlı ikinci şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir.
04 iyun 2015-ci il tarixdə Daşkəsən şəhərində mədəniyyət evində gənc şair Etibar Salmanovun “Duyğular dinsin” adlı ikinci şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir. Rayon ictimaiyyətinin böyük maraq və həvəslə toplaşdığı təqdimat mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev də iştirak edərək gənc şair haqqında öz ürək sözlərini söyləmişdir. O, demişdir :
- Əziz dostlar!
- Hörmətli tədbir iştirakçıları!
Bu gün biz buraya gənc şair həmyerlimiz, müasir ədəbiyyatımızın istedadlı bir nümayəndəsi kimi Etibar Salmanovun “Duyğular dinsin” adlı ikinci kitabının təqdimat mərasiminə toplaşmışıq. Canlı şahid olaraq hər birimiz görürük ki, gənc şair həmyerlimizin bu gün həyatında ən əlamətdar, yadda qalan tarixi bir günüdür. Belə bir müdrik kəlam var ki, şairlər Allaha yaxın adamlardır. Onlar qəlbinin istək və arzularını, ürək döyüntülərini çox incə bir ustalıqla, poetik bir dillə nəzmə çəkir, öz dərin düşüncə və qiymətli fikirləri ilə oxucu qəlbində heykəllərini ucaldırlar.
Şeir həvəskarlarına yaxşı məlumdur ki, Etibar Salmanovun “Duyğular dinsin” kitabı şairin ikinci şeirlər kitabıdır. Bu gün də onun şeirləri müxtəlif mətbuat orqanlarında çap edilir, geniş oxucu kütləsinin böyük rəğbəti ilə qarşılanır.
Həmyerlimiz öz ədəbi fəaliyyəti ilə yanaşı sosial şəbəkələrdə, internet resurslarında da çox məşhurdur və gənc ziyalı kimi çox fəallıq göstərir. İki saytın baş redaktorudur. O, bu saytlarda rayonumuzda aparılan tikinti, quruculuq, abadlıq işlərinə, rayonumuzun gözəl təbiəti, dilbər guşələri, əsrarəngiz gözəllikləri ilə bağlı geniş yer verir, rayonumuzda keçirilən bütün tədbirlərin fəal təbliğatçısı kimi digər sosial şəbəkələrdə də geniş yayılmasını təmin edir. Bu Etibarın bir daşkəsənli kimi rayonumuza olan məhəbbətindən, istəyindən irəli gəlir.
Müasir ədəbiyyatımızın istedadlı bir nümayəndəsi olan gənc şairimiz Etibar Salmanov Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. Onun şeirlərinə mahnılar bəstələnir, tanınmış müğənnilər tərəfindən sevilə-sevilə ifa olunur.
Gənc şairin şeirlərinə nəzər salanda görürsən ki, burada qəlbi dağ çeşmələri kimi pak olan gənc bir ziyalının dərin fəlsəfi düşüncələri, fikirləri oxucunun əlindən tutub məni oxu deyir. Şeirlərində poetik mənaları özünəməxsus ustalıqla işlətməyi bacaran, ana dilimizin bal kimi şirin sözlərindən oxucusuna cələng hörən gənc yazarımızı xoş gələcək gözləyir. Şairlik hər kəsə nəsib olmur. Etibar xoşbəxt gəncdir ki, öz fitri istedadı, qabiliyyəti ilə qısa vaxt ərzində geniş oxucu rəğbəti qazanmış, həmyaşıdlarından fərqlənməyi bacarmışdır.
Etibar Salmanov “Duyğular dinsin” kitabınında öz doğma rayonunu bu cür məhəbbətlə tərənnüm edir:
Dağlarda məskun tarixi abidələr,
Yola salıb neçə illər, qərinələr.
Meydan oxuyur illərə abidələr,
Sən tarixin özüsən, gözəl Daşkəsən!
Oxucu yaddaşı da bir tarixdir. Sənətə, sənətkara ən böyük qiymət verən oxucudur, xalqdır. Azərbaycan ədəbiyyatı tarixinə müxtəlif illərdən, müxtəlif dövrlərdən yollar, izlər gedir. Bu yollar sənət zirvəsində həmin insanları tarixləşdirir, xalqın iftixar ünvanına çevirir. Arzu edirəm ki, Etibar Salmanov özünəməxsus əsərləri ilə, öz dəsti-xətti ilə Azərbaycan ədəbiyyatı tarixində adını yaza bilsin.
Biz oxucu kimi ondan yeni-yeni əsərlər gözləyirik. Bu yolda Etibar Salmanova yaradıcılıq uğurları, möhkəm can sağlığı arzulayır, qələmin iti olsun deyirik.
Mən də gənc şairimizi Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif edərək, onun şairlik istedadını yüksək qiymətləndirirəm.
Sonra Etibar Salmanovun təhsil aldığı A.Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimləri çıxış etmiş, gənc şair haqqında xoş sözlər söyləmişlər.
Tədbirdə həmçinin gənc şairin əsərlərinə yazılmış mahnılar ifa olunmuş, rəqqaslar müxtəlif rəqs nömrələri göstərmişlər.