Zəfər salnaməsinin şanlı 44 günü
Gün o gün olsun ki...
İllərdir dilimizdən düşməyən istək, alqış, xəyal...
İllərdir hər əlamətdar günlərimizdə bu arzuyla başlamışıq bütün ürək sözlərimizə...
İllərdir çox əziyyətlər, ağrı-acılar çəkmişik... Doğma el-obamızdan qəddarlıqla, amansızlıqla didərgin salınmışıq, olmazın faciələr görmüşük, öz vətənimizdə qaçqın, köçkün kimi yaşamağa məcbur olmuşuq...
Bir gözümüzlə gülsək də, o biri gözümüzlə hər zaman ağlamışıq. "Vətən” deyə-deyə ürəyimizə qara qanlar axıtmışıq. Yurdu yuxuda görməyi özümüzə təskinlik bilmişik...
Vətən həsrətilə bu dünyadan gözü açıq köçən əzizlərimizi doğma torpaqlarında dəfn edə bilməmişik...
İllərdir həsrətində olduğumuz, ürəyimizdə qübara çevrilən, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalı ilə yaşamışıq...
Doğma yurdundan qovulan, olmazın zillətlərə düçar edilən, 30 ilə yaxındır məcburi köçkün həyatı yaşayan nisgilli vətəndaşlarımızın yenidən öz doğma ocağına qayıdacaqları inamını içimizdə böyüdüb, ölməyə qoymamışıq...
Müharibənin açdığı, sarısaq da, heç vaxt tam sağalmayan, zaman-zaman qanayan, bizi incidən yaralarımıza sığal çəkib, Qarabağa yenidən dönəcəyimiz günün arzusu ilə ayaqda qalmışıq...
Bəzən gözləməkdən yorulmuşuq, uzun sürən intizardan bezmişik, bəzən içimizdə inamsızlıq baş qaldırıb, əlimizi hər şeydən üzmüşük, hətta Tanrıya belə üsyan etmişik. Amma qəlbimizdəki ümid qığılcımı heç vaxt sönməyib. İllərlə közərib, közərib...
Və... o qığılcım illər sonra alov olub qəlbimizi isidib...
Biz bu günü çox gözlədik... Ay yox, il yox, illərlə... Təxminən bir qərinə...
Nəhayət... o gün gəldi
30 il əvvəl yaşanan kədər sona çatdı!
30 illik vətən həsrəti, nisgili bitdi!
30 illik arzularımız, xəyallarımız, yuxularımız gerçəyə çevrildi!
30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!
10 noyabr 2020-ci il... Bu tarix Qarabağa qovuşduğumuz tarixdir! Bu gün Böyük Qələbə Günüdür!
Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı.
Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi.
Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu.
Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı.
Bayram bayrama qovuşdu
8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Həmin gün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, sevincini bir-birilə bölüşdü.
9 Noyabr - Dövlət Bayrağı Günü də qələbə xəbərləri davam etdi. Prezident İlham Əliyev "Twitter” hesabından 71 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilməsi ilə bağlı şad xəbəri xalqa verdi.
10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.
Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə nöqtə qoyuldu
Bəli, o gün Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi. Prezidentin xalqa müraciəti bitər-bitməz paytaxt sakinləri küçələrə çıxaraq şanlı qələbənin sevincini, qürurunu bölüşdü. Tezliklə bütün Azərbaycan bayram əhvali-ruhiyyəsinə qərq oldu. Müxtəlif bölgələrdə yaşayan sakinlər meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları, şüarlar tutaraq sevindilər, mahnı oxudular, rəqs etdilər, şeir dedilər. 10 noyabr səhəri Azərbaycan xalqı üçün qələbə müjdəsi ilə açıldı. Gün boyu xalqın zəfər yürüşü, şadyanalığı davam etdi. Minlərlə insan müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimiz qarşısında şükranlıq borclarını yerinə yetirdi.
44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq...
30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
Xəyalə MURADLI,
"Azərbaycan”