Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Vətən Savaşı Azərbaycanın - İlham Əliyevin zəfəri ilə başa çatdı!

12 noyabr 2020 | 16:00

44 günlük müharibə 2 əsrlik münaqişəni bitirdi!

 


İlham Əliyevin dünən imzaladığı bəyanat yalnız savaşın yekun həllini təmin edəcək ədalətli hüquqi sənəd deyil. O, daha çox Azərbaycanın əsrlər boyu davam edən münaqişədə qalib tərəfə çevrilməsini və ərazi bütövlüyünün birmənalılığını təsdiqləyir. Ən əsası isə, "Qarabağ Azərbaycandır!” çağırışının tam olaraq gerçəkləşdiyini tarixə şərəflə həkk etdirir.

 


İlham Əliyevin ZƏFƏR MANİFESTİ

 

Prezidentin imza atdığı bəyanat son 5 əsrlik tariximizin ən qüdrətli hərbi qələbəsinə məntiqi sonluq verən ZƏFƏR MANİFESTİdir. Azərbaycan Ordusu Qarabağda sülhəməcburetmə əməliyyatına başlarkən İlham Əliyevin savaşın dayanması üçün irəli sürdüyü şərtlər bu bəyanat vasitəsilə artıqlaması ilə - maksimum təmin edildi.

İlham Əliyevin şəxsində xalqımızın və dövlətimizin zəfərini belə təsnifatlaşdırmaq olar:

- Azərbaycanın ərazi bütövlüyü bərpa olundu;

- Ermənistan Respublikası təslimçilik aktını imzaladı;

- Ermənistan ordusu bir daha dirçəlməyəcək tərzdə məhv edildi;

- Qarabağın heç bir fərqləndirici idarəçilik statusu olmayacaq;

- Naxçıvan 102 illik həsrətdən sonra Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsi yaradaraq blokadadan çıxmaq fürsəti əldə etdi;

- Zəfərimizin bir parçası olan Türkiyə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə hərbi kontingentlə iştirak edəcək.

Prezidentin komandanlığı ilə başlayan zəfər yürüşü nəticəsində 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun kəndlərini azadlığa qovuşdurdu.

Hər bir kəndin düşməndən təmizlənməsi ayrılıqda düzgün və güclü hərbi planın uğurlu gedişinin təzahürüdür. Hər bir yaşayış məntəqəsinin azadlığı qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsidir.

Bu silsilədə Şuşanın azad edilməsi xüsusi fərqlənir. Hələki bu zəfərin bütün hərbi detalları məlum olmasa da, düşmənin alınmaz qalaya çevirdiyi qürur rəmzimizi Ordumuzun yalnız yüngül atıcı silahlarla fəth etməsi dünya hərb salnaməsinə düşmək haqqı qazandı.

Qələbə bəyanatının imzalanmasından bir neçə saat əvvəl isə 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilməsi düşmənə növbəti sarsıdıcı zərbə idi.

Mümkünsüzü mümkünə çevirən Komandan

Prezidentin hərbi əməliyyatların başlandığı ilk saatlarda təcavüzkardan konkret qrafik əsasında Azərbaycan torpaqlarını boşaltmasını tələb etməsi bəzilərinə nə qədər qeyri-real görünsə də, İlham Əliyev bu mümkünsüzü də mümkünə çevirdi.

Hərbi yürüşlə azad etdiyimiz yaşayış məntəqələrinin sırasına Prezidentin diplomatik istedadı hesabına Ağdam, Kəlbəcər və Laçın qısa müddətdə qansız-qadasız əlavə olunacaq!

Ümumiyyətlə isə, bu savaş İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətini dəfələrlə nümayiş etdirdi.

Prezident -

- Qarabağ cəbhəsində məğlub və qalib dövlət-xalq yerdəyişməsi etdi;

- Qarabağda yeni status-kvo, yeni hərbi-siyasi reallıq yaradaraq təmas xətti anlayışını birdəfəlik dəf etdi;

- Sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşəcək tərəf yalnız Rusiya olmayacaq, qardaşımız Türkiyə də möhtəşəm hərbi gücü ilə sülhyaratma missiyasının həmtəminatçısına çevriləcək;

- Naxçıvanın blokadadan azad olunması, Ermənistan ərazisi ilə dəhlizin yaradılması vəzifəsi Rusiyanın üzərinə qoyuldu;

- Hərbi, iqtisadi böhran məngənəsində olan Ermənistanı böyük siyasi xaosa sürüklədi;

- Ermənistanın fövqəldövlətlər timsalında olan havadarlarının hərbi əməliyyatları dayandırmaq tələbinə əhəmiyyət verməyərək sonadək getdi və hər addımda milli dəyanətimizi göstərdi;

- Onilliklər boyu erməni lobbisi tərəfindən formalaşan çox güclü anti-Azərbaycan informasiya məkanını təkbaşına darmadığın etdi;

- Qafqazın iqtisadi gücü olan Azərbaycanı artıq bütün bölgənin şəriksiz liderinə, yeganə söz sahibinə, qüdrətli "hami ata”sına çevirdi.

 

Dünya erməniliyini məhv edən LİDER

 

İlham Əliyevin qazandığı zəfərin möhtəşəmliyi həm də ondadır ki, bu qələbənin miqyası, hüdudları hərbi-siyasi yönümdən tarixin yenidən yazılması gerçəkliyinədək uzanır.

İlham Əliyevin qələbəsi:

- son 5 əsrin ən böyük torpaq qazancıdır!

- son iki əsrlik münaqişənin birdəfəlik bitməsidir!

- Qarabağla yanaşı, Naxçıvanı da vətənimizin qərb torpaqlarına qovuşdurmasıdır!

- bütün xalqı bir yumruq kimi birləşdirib tariximizin ən böyük xalq-iqtidar vəhdətini yaratmasıdır.

İlham Əliyevin qələbəsi erməni xalqının sərsəm təxəyyülünün məhsulu olan və onu əsrlərdir bəlalara sürükləyən "Böyük Ermənistan” xülyasının tam iflasıdır!

İlham Əliyevin qələbəsi böyük qlobal güc olan dünya erməniliyinin, erməni lobbisinin, erməni təbliğat maşınının darmadağın olunmasıdır!

İlham Əliyevin ən böyük zəfəri isə düşmənin indiyədək bütün qələbələrinin zəmini olan erməni xalqının birliyi, bütövlüyü, təəssübkeşliyi dəyərlərini məhv etməsidir!

 

İlham Əliyevin qələbələri Ermənistanı rəzil günə salıb

 

İlham Əliyevin qələbələri bu gün Ermənistanı səfil, xaos içində olan, vətəndaş müharibəsi girdabına sürüklənən, hərbi məğlubiyyət yaşayan, tənəzzülə uğrayan ölkəyə çevirib.

Dünən səhərdən etibarən bütün Ermənistan qan çanağına dönüb. Paşinyanın kabineti, parlament binası, digər dövlət strukturları dağıdılıb, spiker ölümcül döyülüb...…

Paşinyanın harda olduğu bilinmir, iqtidar komandası ondan imtina edib...…

Müxalifət hakimiyyətin hərbi xuntaya verilməsini tələb edir...…

Hərbçilər dövlət çevrilişi hazırlığındadırlar...…

Xalq - bədbəxt ermənilər isə küçələrə tökülüşərək əslində, artıq nəyi istəmələrini də bilmirlər...…

Ermənistan tənəzzüldə, erməni xalqı çarəsizlikdə, İlham Əliyev - Azərbaycan isə tarixi qələbəsini bayram etməkdədir!

Bu, hələ başlanğıcdır! Yeni başlanğıc!..

Azərbaycan tarixinin, həm də elə erməni tarixinin yeni başlanğıcı!

Biri zəfərlə, digəri isə məğlubiyyətlə yazılır!..

İlham Əliyevin yazdığı tarix həmişə möhtəşəm idi, amma indi daha da əzəmətlidir!

Qarabağı Azərbaycana qaytaran Sərkərdəyə millət olaraq borcumuz, şükranlığımız isə əbədidir...


İxtiyar HÜSEYNLİ,
"Azərbaycan”

Keçidlər