Daşkəsən şəhərinin içməli su problemi yüksək səviyyədə tam həllini tapacaqdır
Daşkəsən şəhərinin içməli su problemi yüksək səviyyədə tam həllini tapacaqdır
15 may 2015-ci il tarixdə Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə start verildi. Daşkəsən şəhərində həmin layihə üzrə 2 x 500 kub metr su tutumu olan yeni içməli su anbarının təməlqoyma mərasimi keçirildi.
Daşkəsən rayon ictimaiyyətinin və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin iştirak etdiyi təməlqoyma mərasimini Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev açıq elan edərək demişdir:
- Çox hörmətli Qorxmaz müəllim, Daşkəsən rayonuna xoş gəlmisiniz. Sizi bütün rayon əhalisi adından salamlayır, bu suyun çəkilməsinə, görüləcək böyük xeyirxah işlərinizə görə sağ olun deyirik.
Bu gün Daşkəsən şəhərində “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci layihə” ilə Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tədbirin həyata keçirilməsi işlərinin təməlqoyma mərasiminə toplaşmışıq.
Uzun müddət idi ki, Daşkəsən rayonunun su təminatı olduqca ciddi bir problem idi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Daşkəsən rayonuna çox böyük diqqət, qayğısı və tapşırığı ilə bu layihə Dövlət Proqramına daxil edildi.
Bu layihənin həyata keçirilməsi Kiçik Qafqaz sıra dağlarının yüksəkliklərdə yerləşən su mənbələrindən, 20 kilometr məsafədən çəkilən su kəmərləri ilə Daşkəsən rayonunun sakinlərinin fasiləsiz, ekoloji cəhətdən təmiz su ilə təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda layihə üzrə görüləcək işlər nəticəsində dağ çayı bir çox qonşu rayonların əhalisinin də istifadə etdikləri Qoşqar çayının çirkab sularla çirkləndirilməsinin qarşısı tamamilə alınacaqdır.
İki ilə yaxın müddətdə icra olunacaq layihə ilə müasir tələblərə cavab verən su kəmərlərindən əlavə, Daşkəsən şəhərində 7 müxtəlif həcmli su anbarının və çirkab suların təmizləyici qurğusunun tikintisi də həyata keçiriləcəkdir.
Bu layihənin həyata keçirilməsi işsizlik problemi olan Daşkəsən rayonunun 200 nəfərdən artıq əhalisinin də işlə təmin olunmasına şərait yaradacaqdır.
Eyni zamanda rayon sakinlərinin təmiz içməli su ilə təmin olunması, məişət şəraitlərinin yaxşılaşması ilə yanaşı əhalinin sağlamlıqlarının qorunmasına da olduqca müsbət təsir göstərəcəkdir.
Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına başlanılması ilə əlaqədar təməlqoyma münasibətilə şəxsən möhtərəm Prezidentimiz cənab Ilham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkil Mehriban xanım Əliyevaya, Qorxmaz müəllim Sizə və Sizin kollektivinizə bütün Daşkəsən rayon əhalisi adından və öz adımdan dərin minnətdarlığımı bildirirəm.
Sonra çıxış edərək “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov əlamətdar gün münasibətilə daşkəsənliləri təbrik etdi. O, bildirdi ki, Daşkəsən şəhəri məndə olduqca xoş təəssürat yaratdı. Rayonunuzun çox gözəl təbiəti, gözəl havası, saf bulaqları vardır. Dağlar qoynunda yerləşən Daşkəsən bu gün özünün sürətli inkişaf dövrünü yaşayır. Daşkəsəni kiçik İsveçvəyə bənzədənlər olduqca haqlıdırlar. Müxtəlif sahələrdə quruculuq, abadlıq və yenidənqurma işləri davam etdirilir. Təməlqoyma mərasiminə toplaşdığımız bu layihə çərçivəsində müasir tələblərə cavab verən yeni su kəmərlərinin, Daşkəsən şəhərində ümumi tutumu 4500 m3 olan 7 su anbarının, gündəlik gücü 3500 m3 olan 1 çirkab sutəmizləyici və 1 xlorator qurğusunun, 3 nasos stansiyasının tikintisi də həyata keçiriləcəkdir.
Layihədə əhalinin sayının 2035-ci ilədək artımı da nəzərə alınmaqla 2 su mənbəyindən (Qarainək, Gurbulaq) çəkilməklə magistral su xəttinin uzunluğu 20 km, içməli su şəbəkəsinin uzunluğu 18 300 p/m, kanalizasiya şəbəkəsinin uzunluğu isə 13 428 p/m təşkil edir.
Beləliklə, Daşkəsən şəhərinin əhalisi bu layihə üzrə görüləcək işlər nəticəsində uzun illər boyu fasiləsiz içməli su ilə təmin ediləcəkdir.
“Çakır Yapı” şirkətinin adından koordinator Zəfər Murtuzov çıxış edərək dedi:
- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin verdiyi göstərişə uyğun olaraq layihənin icrası yüksək keyfiyyətlə və vaxtında başa çatdırılacaqdır. Layihənin icrasını çox böyük təcrübəsi olan Türkiyənin öndə gedən şirkəti həyata keçirəcək. İnanıram ki, layihə uğurla həyata keçiriləcək, eyni zamanda yerlərdə müəyyən qədər yerli işsiz əhali işlə təmin olunacaq, həyata keçirilən işlərdə çalışanlar üçün hər cür lazımi şərait yaradılacaqdır.
“Çakır Yapı” şirkətinin prezidenti Şükrü Çakır çıxış edərək bildirdi ki, mən Daşkəsəndə görüləcək bu işlərlə görə çox sevinirəm, insanlarda mənə qarşı çox mehriban, səmimi münasibət görürəm. Düşünürəm ki, işlərimiz uğurlu və gözəl olacaqdır. Siz bizim görəcəyimiz işlərdən çox məmnun qalacaqsınız. Layihənin həyata keçirilməsində diqqət və qayğısına görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlığımı, ən xoş arzularımı bildirirəm.
“Azərsu” ASC-nin sədri cənab Qorxmaz Hüseynovu əmin edirəm ki, Daşkəsən əhalisini içməli su ilə təmin olunması və kanalizasiya xidmətləri üzrə layihə yüksək səviyyədə həyata keçiriləcəkdir.
Tədbirin sonunda layihənin icrasına Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin və “Azərsu” ASC-nin sədri cənab Qorxmaz Hüseynovun xeyir-duası ilə start verildi.