Daşkəsən rayonunda geniş dezinfeksiya işləri aparılır
Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Daşkəsən rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilməkdədir.
Daşkəsən şəhərinin əsas küçə və prospektində rayon Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfektorları, kommunal təsərrüfat xidmətinin xüsusi texnikaları və əməkdaşları tərəfindən kimyəvi maddələrlə növbəti dezinfeksiya işləri həyata keçirilib.
Mərkəzi küçələrlə yanaşı, rayonun qəsəbə və kəndlərində də dezinfeksiya işləri aparılır. Bu zaman istifadə edilən maddələrin müəyyən toksikliyini nəzərə alaraq rayon sakinləri əvvəlcədən xəbərdarlıq ediliblər.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı xüsusi qrafikə uyğun yaşayış və inzibati binalarda, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteynerlər və çalalarda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiblər.
Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq işçilər lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, yeni dezinfeksiyaedici aparatlarla təmin ediliblər.
Qeyd edək ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı yanında yaradılmış Operativ Qərargah tərəfindən bu istiqamətdə lazımi bütün tədbirlər həyata keçirilir və nəzarətdə saxlanılır.
Lakin dezinfeksiya işləri köməkçi xarakter daşıyır. Əsas vacib məsələ ondan ibarətdir ki, vətəndaşlarımız özləri müvafiq şəxsi gigiyenik qaydalara riayət etməlidirlər.