Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92- ci ildönümü münasibətilə möhtəşəm ümumrayon tədbiri keçirildi

06 may 2015 | 15:00

 

Daşkəsəndə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının
92- ci ildönümü münasibətilə möhtəşəm ümumrayon tədbiri keçirildi


Daşkəsənlilər Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92- ci ildönümünə ciddi hazırlıqla, böyük ruh yüksəkliyi ilə gəlmişdilər. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin imzaladığı sərəncama və hazırlanan tədbirlər planına uyğun olaraq rayonda tədbirə mütəşəkkil hazırlıq görülmüşdü.
Daşkəsən Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa yazı müsabiqələri, bilik və idman yarışları, oxucu konfransları təşkil olunmuşdu. Keçirilən tədbirlərdə daşkəsənlilər bir daha ulu öndərə olan xalq sevgisini, məhəbbətini nümayiş etdirmişlər.  Qeyd edək ki, aprel ayının 28-dən may ayının 10-dək rayonda Heydər Əliyev günləri elan olunubdur. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin əməli işləri ilə ümummilli liderimizin silahdaşı kimi,  yaratdığı ideoloji təminatın nəticəsidir ki, dağlar qoynunda daşkəsənlilər əbədiyaşar ulu öndərimizə ənənəvi olaraq belə böyük, təntənəli xalq sevgisi, möhtəşəm el məhəbbəti nümayiş etdirirdilər.
May ayının 6-da rayon İcra Hakimiyyətinin Başcısı cənab Əhəd Abıyevin, YAP fəallarının, rayonunun aidiyyəti orqanlarının əməkdaşlarının iştirakı ilə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki heykəlinin önünə əklil və gül dəstələri qoyuldu,  ümummilli lider böyük ehtiramla yad edildi. Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlara baxışdan sonra tədbir Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir.
İlk öncə tədbir iştirakçıları dahi liderə həsr olunmuş filmə baxış keçirmişlər. Sonra tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev dahi lider haqqında geniş və dərin məzmunlu nitq söylədi. Müstəqil Azərbaycanımızın memarı, qurucusu və xilaskarının  ölkəmizin tarixində əvəzsiz xidmətlərindən, ölkənin daxilində vətəndaş müharibəsinin qarşısını almasından, bü gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən ürək dolusu danışmışdır.
Qeyd etmişdir ki, bu gün Müstəqil Azərbaycanımızın Dövlət Bayrağını da ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məhz O gətirmişdir. İndi həmin bayraq  hər birimizin qəlbimizdə iftixar, qürur oyadır. 24 ildir ki, bu bayraq vətən səmasında əzəmətlə, vüqarla dalğalanır. Ulu öndərimizin vaxtilə dediyi sözlər bu gün həyatda özünü necə də müdrikliklə təsdiq edir: “ Biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın Dövlət Müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq.”
Rayon İcra Hakimiyyətinin Başcısı cənab Əhəd Abıyev dedi ki, Ulu öndər Heydər Əliyevin vətənimiz, xalqımız qarşısında tarixi xidmətləri ilə bağlı günlərlə, aylarla danışmaq olar. Mən, bu Fövqəlbəşər insan haqqında bəzi məqamlara  toxunmaq istəyirəm.
Ulu Öndər Heydər Əliyev, 1969-cu ildə respublikamıza rəhbər təyin olunanda, Azərbaycan keçmiş sovetlər birliyində, ən geridə qalan, aqrar bir ölkə idi. Qısa bir vaxt ərzində Ulu Öndər Heydər Əliyev  Azərbaycanda kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın, sənayenin inkişafına da nail oldu. Bakıda, Gəncədə, Sumqayıtda o cümlədən Daşkəsəndə, ən iri sənaye müəssisələri, fabriklər, zavodlar tikildi. Əhali üçün yeni iş yerləri açıldı, vətəndaşlarımızın sosial rifahı günbəgün artmağa başladı. Artıq, ötən əsrin 70-ci illərinin sonunda,  Azərbaycan Sovetlər birliyinin, iqtisadi cəhətdən ən güclü respublikalarından birinə çevrildi. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, ən böyük tikinti layihələri Azərbaycana gətirildi. Ölkəmizdə əlvan metallurgiya, ağır və yüngül sənaye sürətlə inkişaf etməyə başladı. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin gərgin əməyi, yorulmaz fəaliyyəti və yeritdiyi düzgün siyasəti nəticəsində mümkün oldu.
Məhz, 70-ci illərdə həyata keçirilən, tikinti layihələri, güclü iqtisadiyyat, yeni zavod və fabriklərin tikilməsi, kənd təsərrüfatının elmi əsaslarla inkişafı, müstəqil Azərbaycanın  daha möhkəm qurulması istiqamətində, ən böyük  baza oldu”.
Rayon İcra Hakimiyyətinin başcısı cənab Əhəd Abıyev nitqinə davam edərək qeyd etdi ki, mən bir məsələni də xatırlatmaq istəyirəm. 1993-cü ildə, xalqın təkidli tələbi ilə ulu öndərimiz  2-ci dəfə Azərbaycana rəhbərliyə gələndə, ölkəmiz,  vətəndaş müharibəsi həddində idi. Bütün bölgələrdə ayrı-ayrı adamlara xidmət göstərən silahlı birləşmələr var idi. Qanunlar işləmirdi, özbaşınalıq, anarxiya, vəzifə uğrunda gedən çəkişmələr, o vaxtkı rəhbərlərin yalnız özlərini düşünmələri  bütün xalqı bezdirmişdi. Bax belə bir şəraitdə Heydər Əliyev xeyli təkiddən sonra, bir lider kimi Azərbaycana rəhbərlik etməyə razılıq verdi və dərhal da, əməli işə keçdi. Qısa bir müddətdə silahlı dəstələr zərərsizləşdirildi. Qanunlar bərpa olundu, əmin-amanlıq sabitlik yarandı.  Ulu öndərimiz o çətin dövrdə, öz şəxsi nüfuzundan istifadə edərək, dünyanın aparıcı dövlətlərini Azərbaycana dəvət etdi. Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzuna görə, xarici dövlətlər Azərbaycana küllü miqdarda  sərmayə qoymağa başladılar.
Məlum bir həqiqəti bir daha xatırlatmaq istəyirəm ki, müstəqilliyi əldə etmək, qazanmaq nə  qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir. Lakin Ulu öndər Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi qorunmaqla yanaşı, eyni zamanda möhkəmləndi, inkişaf etdi, əbədilik qazandı.  Biz bütün bunlara görə yalnız Ulu öndərimizə borcluyuq.
Türk dünyasının dahi oğlu, tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyatı, ictimai və siyasi fəaliyyəti, bu gün bütün dünyanı maraqlandırır. Ulu Öndər Heydər Əliyevin dərin zəkası, analitik təfəkkürü, heyrətamiz yaddaşı, işgüzarlıq keyfiyyəti bu dahi insanı dünyada ən güclü, müdrik və qətiyyətli bir siyasətçiyə çevirdi.
Ulu öndərimiz tək siyasi mövzuda deyil, iqtisadi, elmi, mənəvi, mədəni, tarixi və digər sahələr barədə saatlarla danışardı. Bu dahi insan, mövcud vəziyyəti dərindən təhlil edərək, çox düzgün nəticələr çıxarmağı bacarırdı. Ulu öndər Heydər Əliyevin intellektinə, natiqlik məharətinə, həmsöhbətini valeh etmək bacarığına neçə-neçə dövlət rəhbərləri heyran qalıblar və onlar öz heyranlıqlarını etiraf ediblər.
Rayon İcra Hakimiyyətinin başcısı cənab Əhəd Abıyev çıxışında onu da qeyd etdi ki, Ulu öndər Heydər Əliyev, xalqımızın və dövlətimizin  tale yüklü həlledici çətin anlarında bütün məsuliyyəti həmişə öz üzərinə götürüb. Ən çətin anlarda qəti, optimal qərar qəbul etməyi və  bütün çətinliklərdən qələbə ilə çıxmağı bacarıb. Türk dünyasının böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyəti, daxili aləminin zənginliyi, onun sadəliyi, səmimiyyəti, demokratik prinsiplərə sadiqliyi, insanı dinləmək bacarığı, vətən sevgisi və ailəsinə olan məhəbbəti bizim hər birimizə örnəkdir, nümunədir. 
Bu gün Azərbaycan dünya siyasətində strateji əhəmiyyəti olan bir ölkədir və bu nüfuz getdikcə artır. İndi Heydər Əliyev siyasəti, Azərbaycan  Prezidenti möhtərəm İlham Əliyevin fəaliyyətində, çox böyük uğurla, həm də  daha səmərəli davam etdirilir. Xalqımızın milli maraqlarına söykənən və ardıcıl davam etdirilən xarici siyasətimiz, Azərbaycanın nüfuzunu getdikcə artırır. Bu gün ölkəmiz, Azərbaycan Prezidenti cənab  İlham Əliyevin  yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Artıq dünyanın ən aparıcı dövlətləri, Azərbaycanla daha çox hesablaşır və ölkəmizlə bütün sahələrdə  tərəfdaşlığa böyük maraq göstərirlər.  Bu gün, Azərbaycanın haqq səsi, dünyanın ən mötəbər beynəlxalq tribunalarından daha əzəmətlə səslənir.  Bax bütün bunlar, Heydər Əliyev siyasətinin qələbəsidir. Bütün bunlar Azərbaycan  Prezidenti möhtərəm İlham Əliyevin fəaliyyətində, mövcud siyasətin  uğurlu, məntiqli davamının nəticəsidir. Məhz bu siyasət nəticəsində ölkəmiz inkişaf edir, abadlaşır, gözəlləşir. Dünyanın ən möhtəşəm tədbirlərinə Müstəqil Azərbaycanımız dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ev sahibliyi edir.
Bakı şəhərində keçiriləcək ilk Avropa oyunlarının məşəli may ayının 16-da rayonumuza gətirilərək,  şəhərin mərkəzi prospekti boyunca idmançılar tərəfindən nümayiş olunacaq. Möhtəşəm Alov festivalı keçiriləcəkdir. Bu məşəlin rayonumuzda da yandırılması tarixi bir hadisə kimi rayon ictimaiyyətinin yaddaşında əbədi qalacaqdır. Bu sevinci bizə yaşatdığına görə ölkə rəhbərinə daşkəsənlilər adından dərin minnətdarlığımızı bildiririk. 
Bütün bunlar  Heydər Əliyev siyasətinin nəticəsi  və bu siyasəti böyük uğurla davam etdirən Azərbaycan  Prezidenti möhtərəm İlham Əliyevin xalqımız qarşısında  əvəzsiz tarixi xidmətləridir.
Nə qədər Azərbaycan var, Heydər Əliyev yaşayacaq!
Nə qədər Heydər Əliyev siyasəti var, Azərbaycan yaşayacaq!
Çünki, yalnız Heydər Əliyev siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi  daimi, əbədi və dönməz olacaq.
Yaşasın Azərbaycan xalqı!
Azərbaycan  Prezidenti İlham Əliyevə eşq olsun!

     Sonra tədbirdə Yeni Azərbaycan Partiyasına qəbul olunmuş 28 nəfər yeni üzvlərə vəsiqələr təqdim edildi, 10 nəfər  Yeni Azərbaycan Partiyasına qəbul olundu, Heydər Əliyev günlərində  inşa yazı müsabiqəsində birinci, ikinci və üçüncü, həvəsləndirici yerlər tutan Həsənli Aişə Elçin qızına, Abdulayeva Gülnarə İlqar qızına, Tahiri Əli Araz oğluna, İsgəndərli Lətafət Cəlil qızına qiymətli hədiyyələr, fəxri fərmanlar verilmişdir.

Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü

Keçidlər