1 Oktyabr –Azərbaycan Respublikası prokurorluğu işçilərinin peşə bayramı günüdür
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluğun təsisi olunması sonrakı tarixi mərhələlərdə milli prokurorluq orqanlarının fəaliyyətinə, inkişafına və indiki beynəlxalq standartlara uyğun bir səviyyəyə çatdırılmasına mühüm zəmin yaratmışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz həmin tarixi hadisəni əsas tutmaqla milli prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq hər il oktyabrın 1-ni Azərbaycan Respublikası prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi haqqında17 iyul 1998-ci il tarixli Sərəncam imzalamışdır. Bu, prokurorluq işçilərinin məsul və şərəfli fəaliyyətinə dövlətimizin yüksək qiymət verməsinin, cəmiyyətin etimad və rəğbətinin bariz ifadəsidir.
Azərbaycan prokurorluğunun sovet dövrü ittifaq dövlətinin bu orqan üçün müəyyənləşdirdiyi fəaliyyət prinsipləri ilə səciyyələnir. Azərbaycan sovet hakimiyyətinin 1970-80-ci illəri prokurorluq tariximizin şərəfli səhifələrindən birini təşkil edir. Həmin dövrdə respublikaya rəhbərlik edən Ulu Öndər Heydər Əliyev cəmiyyətdə haqq və ədalətin qalib gəlməsi uğrunda apardığı əzmkar mübarizəyə prokurorluq orqanlarını fəal şəkildə cəlb etmiş, bu orqanların kadr potensialının bilikli və istedadlı gənc hüquqşünaslarla möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı göstərmiş, gənclərin ali hüquqşünas təhsili alması üçün əlverişli şərait yaratmışdı.
Azərbaycan prokurorluğunun dövlət müstəqilliyimizin bərpasından sonrakı fəaliyyətinin ən mühüm xüsusiyyəti onun müstəqil dövlət təsisatı kimi formalaşması, öz funksiyalarını tamamilə yeni – siyasi plüralizm və bazar iqtisadiyyatı, insan və vətəndaş azadlığı prinsipləri əsasında qurulan hüquqi dövlətin, demokratik cəmiyyətin tələbləri ilə uzlaşdırması olmuşdur. Bütün hallarda bu orqandakı sağlam əqidəli, milli dövlətçiliyə sadiq vətənpərvər qüvvələr xalqımızın maraq və mənafelərini qorumuş, ictimai asayişin mühafizəsinə, qanunçuluğun və hüquqi qaydaların möhkəmləndirilməsinə, cinayətkarlığa qarşı mübarizə işinə öz layiqli töhfələrini verə bilmişlər.
Azərbaycan prokurorluğunun qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi,fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının baş prokuroruna tabe olması, siyasi bitərəflik prinsipləri ilə fəaliyyət göstərməsi, beynəlxalq standartlara və milli maraqlara uyğun dövlət təsisatı kimi formalaşması Ulu Öndər Heydər Əliyevin və onun müdrik siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olmuşdur.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil dövlətimizin Konstitusiyasında prokurorluğun fəaliyyətinə dair 133-cü maddədə onun məhkəmə hakimiyyəti sistemində yeri, statusu, təşkili əsasları və fəaliyyət prinsipləri, səlahiyyətləri və vəzifələri təsbit edilmişdir.
"Prokurorluq haqqında" Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli Qanunu qəbul olunduqdan sonra prokurorluq sovetlər dönəminin məqsəd, vəzifə və funksiyalarından azad edilmiş, fəaliyyətinin demokratik prinsip, forma və metodları müəyyən olunmuş, kadr təminatı və işçilərin sosial müdafiəsi müasir beynəlxalq standartlara uyğun tənzimlənmişdir.
Sonrakı illərdə prokurorluğa etimad və inamın nəticəsi olaraq prokurorluq orqanları qarşısında daha önəmli və mühüm vəzifələr qoyulmuş, o cümlədən korrupsiyaya qarşı mübarizə ilə bağlı cinayətlər üzrə ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi işi bu dövlət təsisatına həvalə edilmiş, prokurorluğun fəaliyyətini tənzimləyən qanunvericiliyin daha da təkmilləşdirilməsi prosesi mütəmadi qaydada həyata keçirilmişdir.
Respublikamızın hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi məqsədilə 19 sentyabr 2002-ci il tarixdə qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Bu hüquq sonradan çoxlu sayda qanunların ayrı-ayrı normalarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlaşdırılmasına, habelə qanunların eyni cür və dürüst icrasına və tətbiqinə imkan yaratmışdır.
Prokurorluq orqanlarına və prokurorluq işçilərinə böyük inam və etimadın, yüksək qayğının növbəti ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Bu Dövlət Proqramının həyata keçirilməsi prokurorluğun hüquq sisteminin inkişafı prosesində rolunun artırılmasını, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsini, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasını, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılmasını, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini, həmçinin prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılmasını təmin etmişdir.
Ölkəmizinin hazırkı inkişaf səviyyəsində prokurorluq orqanlarının qarşıda duran vəzifələrin yüksək səviyyədə həyata keçirməsi üçün qəbul olunmuş “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl və mərhələli tədbirləri müəyyənləşdirmişdir.
Ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədi daşıyan sərəncamları ilə yaradılan işğal nəticəsində vurulmuş ziyanların qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində Azərbaycan Prokurorluğu yaxından iştirak edir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyəti təmin olunmuşdur.
Qeyd edilməlidir ki, hörmətli Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsi ilə Azərbaycan Prokurorluğu demokratik məzmunlu yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin başçısının prokurorluq orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 12 may 2020-ci il tarixdə Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiqlənmişdir. Ötən müddətdə bu istiqamətdə xeyli səmərəli tədbirlər görülmüşdür.
Eyni zamanda Prokurorluğun strukturunda ciddi islahatlar aparılmış, əvvəllər də mövcud olmuş bəzi idarələrin adları, fəaliyyət istiqamətləri və məzmunu yenilənərək təkmilləşdirilmiş, prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun olaraq “Cinayət təqibindən kənar icraatlar idarəsi”, “Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi”,“Xidməti araşdırmalar idarəsi” yaradılmışdır. Prokurorluğun struktur qurumlarının fəaliyyət istiqamətlərini, ayrı-ayrı vəzifəli şəxslərin hüquq və vəzifələrini müəyyən edən çox böyük həcmli Azərbaycan Respublikasının Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları” xüsusi komissiya tərəfindən hazırlanıb Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək icraya yönəldilmişdir. Kadr tərkibinə yenidən baxılmış, iş təcrübəsi, peşəkarlıq səviyyəsi nəzərə alınaraq konkret vəzifələrə təyinatlar aparılmış, dövlət gənclər siyasətinin davamı olaraq gənc kadrlar vəzifələrə irəli çəkilmişdir. Azərbaycan Prokurorluğunun sürətlə yeniləşməsi, idarəetmənin təkmilləşdirilməsi və dövrün çağırışlarına adekvatlığı davam etdirilir.
Yüksək dövlət qayğısını daim öz üzərlərində hiss edən prokurorluq orqanlarının əməkdaşları Azərbaycan Prokurorluğunun 106 illiyini və peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi Qələbə əhvali-ruhiyyəsində qeyd edirlər. Azərbaycan prokurorluğunun əməkdaşları dövlətimizin başçı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətini dəstəkləyərək qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində var gücləri ilə çalışacaqlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: “Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olacaq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir”.
Şahin İmanov
Daşkəsən rayon prokuroru,
baş ədliyyə müşaviri