Rayon haqqında
Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948—ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi — rayon olmuşdur. Zağalı, Zivlən, Bayan, Qurubulaq, Əmirvar, Xoşbulaq, Zağalı, Dardərə və başqa kəndlərdə aparılmış arxeoloji qazıntılar bu rayonun ərazisində daş dövrünə aid insan məskənlərinin olmasını sübut edir.
Faydalı qazıntılar
Daşkəsən rayonu təbii sərvətinə görə olduqca zəngindir. Sovet İttifaqı dövründə Daşkəsənin strateji məhsulları olan dəmir filizi, aluminium , kobalt, mərmər və s. məhsullarının istismarı üçün xeyli iş aparılmışdır. Təsadüfi deyil hər bir dağı müxtəlif təbii sərvətlərlə zəngin olan Daşkəsəni Azərbaycanın Uralı adlandırmışlar. Daşkəsən öz strateji məhsulları ilə yenə də məşhurdur. Daşkəsən dağlarında qızıl, mis, kobalt, zəy, aluminum, dəmir filizi, əhəng daşı,qranit və mərmər kimi çox faydalı filiz yataqları var.
Təbiəti
Kiçik Qafqazın şimal-şərqində yerləşən Daşkəsən səthi şimala doğru alçalan dağlarda. Murovdağ və Şahdağ silsilələrinin yamaclarını əhatə edir, ən hündür zirvələri Hinaldağ -3367 metr, Qoşqar dağı 3361 metr və sairdir.
Başkənd-Dəstəfur çökəkliyinin bir hissəsi Daşkəsən rayonu ərazisindədir. Səthi kanyonlarla kəsilmişdir. Yura və təbaşir çöküntüləri yayılmışdır.
Havanın orta illik temperaturu 0-100-dir. Yanvarın orta aylıq temperaturu -2-140-i, iyulun orta aylıq temperaturu +5-200-arasında dəyişir.
Yay aylarında bəzən havanın mütləq maksimum temperaturu +20-310-dək yüksəlir, mütləq minimum temperatur 20-300 aşağı düşür. İl ərzində havanın orta mütləq minimum temperaturu orta dağlıqda +150 ilə +70 arasında dəyişir. Torpaq səthinin orta illik temperaturu +80-i, yanvar ayının orta temperaturu -50-i, iyulun orta aylıq temperaturu isə 210-i olur.Havanın orta illik nisbi rütubəti 75 faiz olub il ərzində 67-82 faiz arasında dəyişir. Ərazidə yağıntının illik miqdarı 600-900 mm-dir. Yağıntının çox miqdarı yaz fəslinə düşür. Torpağın səth örtüyündün il ərzində 300-800 mm mümkün buxarlanma gedir.
Daşkəsənin istilik və rütubətin nisbətindən özünəməxsus torpaq- bitki örtüyü və heyvanat aləmi var.
Enliyarpaqlı dağ-meşə landşaftı 600 metrdən 1900 metrədək hündürlüyü olan yamacları örtür. Dağların yüksək sərhədi palıd meşələri ilə tamamlanır. Meşələrdən yuxarı sərhəddə subalp və alp çəmənlikləri yerləşir. Bu çəmənlər yaz vaxtı minbir rəngli xalıya bənzəyir.
Subalp çəmənləri və çəmən çölləri meşə qurşağı ilə alp çəmənləri arasında geniş sahə tutur. Burada taxıllı, müxtəlif otlu, yulaflı çəmənlər yerləşir. Subalp çəmənliklərində paxlalılar, gülçiçəklilər, xaççiçəklilər, zəngiçiçəklilər və sair fasilələrdən olan bitkilər hündür, olduqca təsirli, butaya bənzər ot örtüyü yaradır.
Subalp zonasında hündürotlu çəmənliklərdən başqa, çəmən bozqırları, kollu çəmənlər də inkişaf etmişdir.
Alp çəmənləri «Alp xalıları» adlanan alçaqboylu otlardan ibaprət bitkiliyi ilə subalp səmənlərindən çox fərqlənir. Bu bitkilər dağ-çəmən torpaqlarında sıx çəmən örtük yaradırlar. Qayalı, daşlı yamaclarda seyrək bitki qruplar inkişaf edir. Taxıl otları və çillər hamar dağ yamaclarında sıx qiymətli yay otlaqlarıdır. Yüksək dağların daha rütubətli yamaclarında cil, şahduran, qaytarma, dəstərək, qırtıc, topal və sair şaxələnən kök sisteminə malik otlaq bərk döşənəkli «Alp xalıları» yaradır.
Təbii şəraitin müxtəlifliyi olduqca zəngin bitki növünün, həm də heyvanat aləminin formalaşmasına səbəb olub.
Florası
Daşkəsən rayonu Kiçik Qafqazın şimal–şərqində yerləşdiyi və səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, qışda qismən azalan, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir. Onlardan Göy-göl (Zivlən kəndi), Gəncəçay (Çanaqçı-Dəstəfur kəndləri), Ballıcalı (Qaraqollar), Şəmkirçay (Astaf kəndi), Qoşqarçay (Xoşbulaq kəndi-Daşkəsən şəhəri) çaylarını göstərə bilərik.
Turizm üçün xarakterik olan Zivlən və Astaf kəndlərində olduqca ecazkar təbiət gözəli olan eyni adlı iki göl – Göy-göl vardır.
Rayona xüsusi gözəllik verən «yol boyunca uzanan qalın və seyrəkmeşələçr var. Meşələrdə, əsasən fısdıq, vələs, palıd, cökə, söyüd, göyrüş, qozqara (qaraağac), töləkə və görməşov ağacları mövcuddur.
Meyvələr
Bağ meyvələri: alma, armud, cavalı, alça, göyəm, heyva, üzüm və s;
Təbii meşə meyvələri: alma, armud, əzgil, zoğal, alça, göyəm, gavalı və s.
Çərəzlərdən: qoz, fındıq, fısdıq.
Giləmeyvələrdən: zırnış, yemişən, dədgül, çiyələk, qoyungözü, itburnu və s. vardır.
Rayonda insan sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edən müalicəvi əhəmiyyətli bitkilər var. Onlardan, kəklikotu, gülxətimi, qəfli, sarıçiçək, çobanyastığı, boymadərən, boyxoş, andız, qaraçiyələm, qaraçörək, yarpız, daşyarpızı, dəvədabanı, solmazçiçəyi, yasəmən , çəmən, yolotu (qırxbuğum), cincilim qantəpər, şehdərən, dağ bənövşəsi, bənövşə, nərgiz, lilpar, unnuca, gicitkən, qaymaqçiçəyi və s. mövcuddur.
Bulaqlar
Rayonun gur çeşməli, olduqca şəffaf suyundan müalicəvi əhəmiyyətli bulaqları var:
- Yumurtalı bulaq – Qabaqtəpə kəndi;
- Narzan bulağı – Yuxarı Daşkəsən qəsəbəsi;
- Turşsu bulağı – Alaxançallı kəndi;
- Qiblə bulağı – Qabaqtəpə kəndi;
- Qayğı bulağı – Qabaqtəpə kəndi;
- Böyrək bulağı – Alunitdağ qəsəbəsi;
- İdris bulağı – Əmirvar kəndi;
- Seyid bulağı – Xoşbulaq kəndi.
Faunası
Daşkəsən rayonunun dilbər guşələrinə xüsusi gözəllik verən, canlı təbiət mənzərəsinə çevrilən quşların növlərinə görə də zəngindir. İlin yaz-yay fəsillərində meşələrdə, dağlarda torağaya, kəkliyə, turaca, qırqovula, qırxtoyuğa, alabaxtaya, göyərçinə, hop-hopa, sanapipiyə, ağacdələnə, sərçəyə, qartala, leyə, yapalağa, bayquşa. Su hövzəsində ördəyə, qaza tez-tez rast gəlmək olur.
Heyvanlar
Heyvanlardan cüyür, ceyran, maral, qayakeçisi, dovşan, meşə dələsi, oxlu kirpi, kirpi, qaban, porsuq, vaşaq, canavar, ayı, tülkü, çaqqal mövcuddur.
Balıqlar
Daşkəsən rayonunun ərazisindən axıb gedən və Zağalı su anbarında qızıl xallı balıq (Zivlən kəndi, Göy-göl çayı), farel (Astaf kəndi, Şəmkir çayı), sudaq, xəşəm, taxta balıq, farel, sazan (Zağalı su anbarı) balıqlar vardır.