Narkomaniya ilə mübarizə hər kəsin borcudur
Narkomaniya müasir cəmiyyətin ən ciddi sosial problemlərindən biridir. Ölkəmizdə də bu məsələnin getdikcə aktual hala gəlməsi, narkotiklərin qanunsuz dövriyyəsi, istifadəçilərin sayı, ailələrə və cəmiyyətə vurulan zərər, bu mübarizənin nə qədər vacib olduğunu göstərir.
Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa qarşı mübarizə ümumdövlət və ümumxalq vəzifəsi kimi müəyyən edilmişdir. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.
Ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış və institusional islahatlar həyata keçirilmişdir. Bir sıra təşkilati-hüquqi, institusional və əməli praktiki tədbirlər həyata keçirilməklə bərabər, həmçinin qlobal bəla ilə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak da intensiv xarakter almışdır.
Ölkəmizdə narkomaniya ilə mübarizənin əsası Ümummilli Lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı ilə qoyulmuşdur. Bu Fərman ilə əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir.
1999-cu il iyunun 18-də isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul olunmuşdur. Vurğulanmalıdır ki, dünyanı cənginə alan bu problemlə mübarizədə Ulu Öndər Heydər Əliyevin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Milli Proqram (2000-2006-cı illər)” və onun tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış xüsusi Dövlət Komissiyasının fəaliyyəti müstəsna əhəmiyyət kəsb etmişdir.
Azərbaycan Respublikası beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək, BMT-nin “Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyası”na, “Psixotrop maddələr haqqında 1971-ci il Konvensiyası”na, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiyası”na qoşulmuş və bir sıra ölkələrlə əməkdaşlıq sazişləri imzalamışdır.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini dövrün tələblərinə uyğun yeni müstəvidə müvəffəqiyyətlə davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin yüksək elmi təfəkkürünün, müdrikliyinin, uzaqgörənliyinin, yenilməz iradəsinin və gərgin fəaliyyətinin xalqın mübarizliyi ilə sıx vəhdəti nəticəsində ildən ilə daha da qüdrətlənən dövlətimiz narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bu gün də uğurlu mübarizə aparır. Bu mübarizədə Azərbaycan Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007–2012-ci illər üçün Dövlət Proqramı”nın, 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın uğurla həyata keçirilməsinin əvəzsiz rolu olmuşdur.
Azərbaycan Respublikası ərazisində narkomaniya və narokobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması hökumətin və dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Qəbul olunan qanunun və normativ aktların məqsədi narkotiklərin dövriyyəsi ilə bağlı sosial-iqtisadi, hüquqi münasibətlərdə baş verən dəyişiklikləri özündə əks etdirməkdir.
Prezident cənab İlham Əliyevin 2005-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın məqsədi də respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata proseslərə qarşı laqeydlik yaradır, ailə və icmaları dağıdır, cinayətkarlığa rəvac verir, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına, fiziki gücün düşməsinə, orqanizmin zəhərlənməsi ilə daxili orqanların, xüsusən də qaraciyər və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır.
Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir. Narkodilerlər – narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur, bunların da əksəriyyəti uşaq və gənclərdir.
Ölkəmizdə narkomaniya ilə müxtəlif sahələrdə davamlı mübarizə aparılır. Onları şərti olaraq belə təsnifləşdirmək olar:
Təhsil və maarifləndirmə sahəsində: Narkomaniya ilə mübarizənin ən effektiv yollarından biri, gəncləri bu təhlükələrdən xəbərdar etməkdir. Təhsil müəssisələrində narkotiklərin zərərləri haqqında mühazirələr, seminarlar və müzakirələr keçirilir.
İctimai proqramlar sahəsində: İctimai təşkilatlar və dövlət qurumları narkomaniya ilə mübarizə proqramları həyata keçirirlər. Bu proqramlar narkotik istifadəçilərinə yardım etmək, onların reabilitasiyasını təmin etmək məqsədini güdür.
Hüquq-mühafizə orqanlarının sahəsində: Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparan hüquq-mühafizə orqanları, bu sahədə daha aktivdir. Narkotiklərin istehsalı və satışı ilə məşğul olan şəxslərin cəzalandırılması, narkomaniyanın yayılmasının qarşısını almaq üçün bu çox vacibdir.
Reabilitasiya mərkəzləri sahəsində: Narkomaniya ilə mübarizə çərçivəsində reabilitasiya mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi əhəmiyyətlidir. Bu mərkəzlər, narkotik istifadəçilərinə psixoloji və tibbi yardım göstərir.
Beynəlxalq əməkdaşlıq sahəsində: Narkomaniya ilə mübarizə təkcə milli səviyyədə deyil, eyni zamanda beynəlxalq əməkdaşlıq tələb edir. Qonşu ölkələrlə əməkdaşlıq narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün təsirli tədbirlərdən biridir.
Qeyd etməliyik ki, narkomaniya və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə dövlət qurumları ilə bərabər cəmiyyət, ictimai qurum və təşkilatlar, kütləvi informasiya vasitələri də aktiv iştirak etməlidir. Sevindirici haldır ki, bu gün hər bir dövlət orqanı və qurumu, həmçinin müvafiq təşkilatlar üzərinə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa çalışırlar. İctimaiyyətin də davamlı dəstəyi müsbət nəticələrini göstərir. İnanırıq ki, dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı kompleks ardıcıl qətiyyətli siyasət, həyata keçirilən tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə bundan sonra da öz töhfəsini verəcəkdir.
Nasir Şükürzadə
Daşkəsən rayon prokurorunun böyük köməkçisi