DAŞKƏSƏNDƏ “ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ” MÖVZUSUNDA SEMİNAR TƏŞKİL OLUNUB
İyunun 21-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən “Milli dövlətçiliyimizin xilaskarı” və “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” mövzularında seminar keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərkəzin direktoru Nailə Məmmədova giriş nitqində bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev mədəniyyətimizin inkişafı üçün misilsiz xidmətlər göstərmişdir. Onun hakimiyyəti illərində mədəniyyətimiz sürətlə inkişaf edərək milli özünüdərk səviyyəsinə yüksəlmişdir. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Hələ sovetlər dövründə Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirmişdir. Belə ki, yüzlərlə kinoteatrlar, teatr binaları, muzeylər, mədəniyyət ocaqları inşa olunmuş, mədəniyyətimizin kadr potensialı gücləndirilmişdir. SSRİ-nin ən nüfuzlu incəsənətyönümlü ali məktəblərində Azərbaycan gəncləri təhsil almışlar.
Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı mədəniyyətimizin də tərəqqisinə yeni təkan vermişdir. 1993-2003-cü illər ərzində yeni mədəniyyət siyasətinə uyğun olaraq Ulu Öndərin rəhbərliyi altında dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülmüşdür. İlk növbədə, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli xüsusiyyətləri nəzərə alan “Mədəniyyət haqqında”, “Kitabxana işi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”, “Nəşriyyat işi haqqında”, “Muzeylər haqqında”, “Arxiv fondu haqqında”, “Memarlıq fəaliyyəti haqqında” və s. qanunlar qəbul edilmişdir. Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında”, “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında”, “Arxeoloji irsin qorunması haqqında” konvensiyalara qoşulmuşdur. 1997-ci ildə “Avropa Mədəniyyət Konvensiyasına qoşulmaq barədə” Qanununu ratifikasiya etdikdən sonra Azərbaycan Avropa Şurasının Mədəniyyət Siyasəti Departamenti ilə də yaxından əməkdaşlığa başlamışdır. Nəticədə bir sıra mühüm proqramlar həyata keçirilmişdir.
Ulu Öndərin mədəniyyət siyasətinə müvafiq olaraq yaradıcı xadimlərə dövlət köməyi nəzərdə tutulmuş, o cümlədən respublika Prezidentinin sərəncamına əsasən onlara fərdi pensiyaların, dövlət mükafatlarının, fəxri adların, gənc yazarlara isə təqaüdlərin verilməsinə başlanmışdır. Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərinin yubileyləri və əlamətdar hadisələrin təntənəli qeyd edilməsi, beynəlxalq səviyyəli festival, müsabiqə, konqres və konfransların keçirilməsi ənənə halını almışdır.
Xalqımızın dahi rəhbəri Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın mədəniyyət siyasəti 2003-cü ildən sonra Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dövrün tələblərinə uyğun uğurla davam etdirilir və innovasiyalarla zənginləşdirilir.
Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün Ulu Öndərin adını şərəflə daşıyan Fond böyük işlər görür. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir.
Daşkəsən RİHBA-nın məsul işçisi Orxan Abbasov isə çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev bütün varlığı ilə Azərbaycan torpağına, Azərbaycan mədəniyyətinə dərin tellərlə bağlı olan dahi şəxsiyyət idi. Onun Azərbaycan xalqına, milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğı, sözün geniş mənasında fədakarlığı əsrlər boyu yaddan çıxmayacaq. “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, - deyən Heydər Əliyevin şəxsiyyəti, zəngin mənəvi dünyası, göstərdiyi tarixi xidmətlər gələcək nəsillərə böyük örnəkdir.
Digər çıxış edənlər də Ulu Öndərin mənalı ömür yolundan, müstəqil dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən, Azərbaycan mədəniyyətinə qayğısından danışıb.
Sonda “Heydər Əliyev – Azərbaycan mədəniyyətinin hamisi” sənədli filmi nümayiş olunub.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini