DAŞKƏSƏNDƏ “İNSAN HÜQUQLARI AYLIĞI” ÇƏRÇİVƏSİNDƏ “ƏHALİNİN MÜLKİYYƏT HÜQUQLARININ TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ TƏDBİRLƏRİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI” MÖVZUSUNDA NÖVBƏTİ MAARİFLƏNDİRİCİ SEMİNAR KEÇİRİLİB
İyunun 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən “Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda maarifləndirici seminarda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr, ictimaiyyət nümayəndələri və qeyri-hökumət təşkilatlarının mənsubları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 18 may-18 iyun tarixlərini ölkədə “İnsan Hüquqları Aylığı” elan etməsi ilə bağlı cəmiyyətdə hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirməklə nəzərdə tutulan maarifləndirmə işlərinin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqram”ının 2.6-cı bəndinin icra edilməsi məqsədi daşıyıb.
Daşkəsən RİHBA-nın Hüquq şöbəsinin müdiri Ruslan Məmmədəliyev məruzəsində bildirib ki, insan hüquqları amilini öz əməli fəaliyyətində daim əsas meyar kimi rəhbər tutan Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində Tədbirlər haqqında” Fərman, həmçinin bundan irəli gələn məqsəd və vəzifələr nəzərə alınaraq, 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanmışdır.
Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar ilk dəfə olaraq məhz bu sənədlərdə öz əksini tapmış və bunun ardınca Ulu Öndərin təşəbbüsü ilə “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" 2001-ci il 28 dekabr tarixli Konstitusiya Qanunu qəbul olunmuşdur.
Bu il insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu ilk strateji sənəd olan həmin Dövlət Proqramının təsdiq edilməsindən artıq 25 il ötür. Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən həmin Dövlət Proqramının təsdiq olunduğu 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmişdir. Artıq 15 ildən çoxdur ki, bu əlamətdar gün ölkəmizdə geniş qeyd edilir və bu, müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin parlaq təzahürü kimi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan Ombudsmanı tərəfindən ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-ə kimi ölkədə “İnsan Hüquqları Aylığı” elan edilir. Bu isə sosial-hüquqi statusundan asılı olmayaraq hər kəsin – şəhid ailələrinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, uşaqların, ahılların, qaçqınların, keçmiş məcburi köçkünlərin, miqrantların və əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti gücləndirmək, əldə olunan uğurlar barədə ictimaiyyəti məlumatlandırmaq, qarşıda duran vəzifələri müəyyən etmək, ayrı-seçkiliyə, korrupsiyaya, zorakılığa, zərərli vərdişlərə qarşı mübarizənin zəruriliyini diqqətə çatdırmaq məqsədinə xidmət edir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsinin 25 illiyinə təsadüf edən bu Aylıq çərçivəsində Daşkəsən rayonunda da aidiyyəti qurumlar tərəfindən insan hüquqlarına dair müxtəlif maarifləndirici tədbirlərin keçirilmiş, çap vəsaitləri, sosial çarxlar hazırlanmış, mediada və sosial şəbəkələrdə bu mövzunun təbliği, pozulmuş hüquqların bərpası məsələlərinə həmişə olduğu kimi diqqət daha da artırılmışdır.
Ruslan Məmmədəliyev çıxışında onu da vurğulayıb ki, Ulu Öndərimiz tərəfindən təməli qoyulmuş və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqram”ı da insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə real zəmanət verir. Bu strategiyanın uğurla icra olunmasına daim öz töhfələrini vermiş Daşkəsən rayonundakı dövlət qurumları, eləcə də rayon ictimaiyyəti bundan sonra da bu sahədəki fəaliyyətlərində yüksək əzmkarlıq nümayiş etdirəcəklər.
Digər çıxış edənlər də mövzu ətrafında fikirlərini bildirərək müzakirə aparıblar, nümayiş etdirilən maarifləndirici videoçarxa baxıblar.
Sonda müvafiq tapşırıqlar verilməklə yanaşı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini