DAŞKƏSƏNDƏ GÜCLÜ LEYSAN CİDDİ FƏSADLAR TÖRƏDİB
İyunun 20-si saat 16:00 radələrində Daşkəsən rayonu ərazisinə yağan güclü leysan yağışları Daşkəsən şəhərində istinad divarlarına, yol infrastrukturuna, rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub, bir sıra fəsadlar törədib. Dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Sel suları Daşkəsən şəhərində bir fərdi yaşayış evini tam qəzalı vəziyyətə salıb. Qəzalı vəziyyətə düşən evin sakinləri müvəqqəti köçürülüb.
Qaraqullar kənd sakini, 1967-ci il təvəllüdlü Qənbərova Afət Ərəstun qızını ildırım vurub və hazırda o, xəstəxanaya yerləşdirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanların aidiyyəti yerli qurumlarla birgə aradan qaldırılması işləri davam etdirilir.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini