Daşkəsəndə “Gənclərin məşğulluğunun təmin edilməsi və biznes gələcəyi” mövzusu müzakirə edilib
Fevralın 11-də Daşkəsən rayonunda gənclərin məşğulluğunun artırılması və sahibkarlıq fəaliyyətinə cəlb olunması məqsədilə “Gənclərin məşğulluğunun təmin edilməsi və biznes gələcəyi” mövzusunda geniş tədbir keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov, Daşkəsən KOB dostu Orxan Abbasov, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Daşkəsən rayon xidmət şöbəsinin müdiri Şəhriyar Kazımov, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri Vüsal Cəfərov, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Samir Həsənov, sahibkarlar, təhsil işçiləri, eləcə də müxtəlif sahələrdə karyera qurmaq istəyən gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən mütəxəssislər gənclərin uğurlu karyera qurması üçün hansı addımları atmalı olduqlarını izah ediblər. Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin gənclərin inkişafına və məşğulluğuna xüsusi diqqət ayırdığı strategiya çərçivəsində dövlət tərəfindən müxtəlif dəstək proqramları həyata keçirilir.
Daşkəsən KOB dostu Orxan Abbasov təqdimatında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə elan edilən qrant müsabiqə, KOBİA-nın dəstək mexanizmləri, gənclərə öz biznesini qurmağın yolları, startap layihələrinə qoşulmaq imkanları, eləcə də “KOB” İnvestisiya Platforması barədə ətraflı məlumat verib.
Görüşdə iştirak edən gənclər ideyalarını bölüşərək, iş imkanları və sahibkarlıqla bağlı suallarına cavab tapıblar. Onlar üçün həmçinin müxtəlif sahələrdə ixtisasartırma kurslarına yazılmaq və məşğulluq proqramlarına qoşulmaq imkanı yaradılıb.
Tədbirin sonunda vurğulanıb ki, Daşkəsəndə gənclərin məşğulluğunun artırılması və onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində bu cür görüşlər və layihələr davamlı olacaqdır. İştirakçılar tədbirin onlar üçün faydalı olduğunu, gələcək karyera və biznes planlarında əsas hədəfləri müəyyən etdiklərini bildiriblər.